Məhkəmə qərarları › İş №2(103)-3815/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3815/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3815/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc alan Cavabdeh ilə 12 fevral 2018-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə ona verdiyi 100.000 manat məbləğində pul borcunun, 10 may 2017-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlayaraq cavabdehə verdiyi 30.000 manat məbləğində pul borcunun, həmçinin 20.000 manat əldən çıxmış fayda formasında ziyanın və 5.000 manat mənəvi ziyanın onun tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borc alan Cavabdeh 130.000 manatdan başqa 75.000 manat pulun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 fevral 2018-ci il tarixdə borc alan Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə görə, borc verən kimi, o, borc alan Cavabdeh 100.000 manat məbləğində pul borc vermişdir. Borc alan Cavabdeh krediti xx.xx.2020-ci il tarixədək, hər ayın 01-də (ilk ödəniş xx.xx.2018-ci ildən başlayaraq) 5000 manat borc verən kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh kredit müqaviləsində götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmişdir. Bundan başqa, o, hər ay 2.500 manat ödəmək şərtilə borc alan Cavabdeh ilə 10 may 2017-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlayaraq ona 30.000 manat pul borc vermişdir. Borc alan Cavabdeh müqavilənin pozulması zamanı onun tərəfindən ona verilmiş 30.000 manat pul borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh aralarında bağlanan yazılı müqavilədə götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 142.820 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 142.841 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə rəsmi qaydada təqdim edilən sübutları artıq hakim proses zamanı proses iştirakçılarının (tərəflərin xüsusilə) mülahizəsinə təqdim edərək onların sübut kimi qəbul edilib-edilməməsinə etirazlarını öyrənir. Heç kim etiraz etmədikdə bu sübutlar, adətən, məhkəmə tərəfindən qəbul olunaraq iş materiallarına əlavə edilir. Etiraz olduqda isə yenə hakim öz mülahizəsinə əsasən sübutları qəbul edə bilər. Bundan sonra hakim proses əsnasında sübutları tədqiq edərək yazılı sənədləri, səs və video yazıları məhkəmə zalında səsləndirir. Göründüyü kimi işə baxmış məhkəmə bu halı yalnız MPM-nin 89-cu maddəsinə istinad edərək formal yanaşma edərək araşdırma aparmadan qiymət verməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə əlavə verilərək 130.000 manatdan başqa 75.000 manat pulun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bununla razılaşmayaraq bildirilir ki, məhkəmə iclasında şahidlik edən sürücünün ifadəsini məhkəmə manipulyasiya edərək hesab etmişdir ki, güya iddiaçı tərəfindən cavabdehə verilmiş 75.000 manat pul vəsaiti ayrıca borcdur. Halbuki, bununla bağlı məhkəmədə çıxış edərək bildirilmişdir ki, kulyok selofanda cavabdehə verilmiş pul vəsaiti iddiaçının qaynatasına məxsus olan 30.000 manat pul olmuş həmin pulun 25.000 manatı İddiaçı tərəfindən göndərilmiş yerdə qalan 5.000 manata isə qəbz yazılmaqla şəxsən ona verdiyi məbləğdir. Birinci hal ondan ibarətdir ki, 12 fevral 2018-ci il tarixdə cavabdehlə hazırki iş üzrə İddiaçı arasında Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanılıb. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 100.000 min manat məbləğində faizsiz borc verməyi və cavabdeh isə həmin məbləği xx.xx.2020-ci il tarixinədək, hər ayın 1-də 5000 (beş min) manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ilə cavabdeh arasında hər ay 2500 (iki min beş yüz) ödəmək şərtilə 10 may 2017-ci il tarixdə yazılı müqavilə bağlanmış və iddiaçı tərəfindən ona 30.000 (otuz min) manat borc pul verilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən hal borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması məsələsidir. Cavabdeh tərəf borcun qaytarıldığını iddia edərək şahid ifadələrini (şahidlər X4, X5) təqdim etmişdir. Şahidin ifadələrindən göründüyü kimi, onlar tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması faktını təsdiq etsələr də, cavabdehə verilmiş və iddiaçıya qaytarılmış borc məbləği, borcun yaranma mənbəyi barədə məlumatlı olmadığını bildirmiş və bununla da faktiki olaraq iş üzrə əhəmiyyətli olan halları təsdiq edə bilməmişlər. Məhkəmə, həmçinin şahidlərin cavabdehin işçiləri olmalarını nəzərə alaraq onların tərəfsizliyini şübhə altına alır. Bundan başqa məhkəmə xx.xx.2019-cu il tarixli, 892563 saylı,xx.xx.2019-cu il tarixli, 892561 saylı, xx.xx.2019-cu il tarixli 892562 saylı etibarnamələrin borca verilmiş pulun qaytarılması təyinatı ilə iddiaçının adına tərtib olunduğunu sübuta yetirilməmiş hal kimi nəzərə alır və qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamələr borcun qaytarılmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və borcun verilməsinə və ya qaytarılmasına dair hər hansı mühüm şərtin həmin sənədlərdə göstərildiyi müəyyən ediməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, cavabdehə verilmiş və iddiaçıya qaytarılmış borc məbləği, borcun yaranma mənbəyi barədə məlumatlı olmadığını bildirmiş və bununla da faktiki olaraq iş üzrə əhəmiyyətli olan halları təsdiq edə bilməmişlər. Bununla razılaşmayaraq bildirilir ki, həmin şahidlərdən biri X5 ifadəsində bildirmişdir 2 dəfə ford tranzit markalı maşınla 160 ədəd “Segway”mallarını aparıb müxtəlif vaxtlarda müxtəlif yerlərə vermişdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirilir ki, əgər şahidlərin işin halları ilə bağlı həqiqəti məhkəməyə bildirməmişlərsə və belə hal müəyyən olunubsa o halda şahidlər məsuliyyətə cəlb edilməlidirlər. Beləliklə də cavabdeh hesab edir ki, qətnamə qəbul etmiş birinci instansiya məhkəməsi bu prinsiplərdən uzaqlaşmış nəticədə qanunsuz və əsassız qiymətləndirmə aparmaqla qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, 100.000 manat və əlavə olaraq 30000 manat məbləğində pulu İddiaçı almışdır. Həmin pulları da qaytarmışdır. Hər hansı başqa borc münasibətləri olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin “iddianın təmin edilmiş” hissəsində yoxlanılması təşkil edir. İddiaçının apellyasiya şikayəti olmadığından qətnamə iddianın təmin edilməmiş hissəsində yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, “iddianın təmin edilmiş” hissəsində isə dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli nağd pulun alınması barədə müqavilə ilə, cavabdeh iddiaçıdan 30.000 manat məbləğində aldığını etiraf etmiş və bu pulu vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında borc verən-İddiaçı borc alan-Cavabdeh 100.000 (yüz min) manat məbləğində pulu borc verməyi, borc alan isə krediti xx.xx.2020-ci il tarixədək, hər ayın 01-də (ilk ödəniş xx.xx.2018-ci ildən başlayaraq) 5.000 manat borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 27 saylı notariat ofisində verilmiş AR-İ 892563 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamə ilə səlahiyyətləri ötürmüş Cavabdeh etibar edən X2 adından etibar edilən İddiaçı Binəqədi qəsəbəsinin xx.xx.2005-ci il tarixli, 1670 saylı sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 400 kv.metr torpaq sahəsində tikinti işlərini aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, özəlləşdirməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi reyestrdən çıxarışdan almağı, satmağı, bağışlamağı, pulunu almağı buna dair müqavilələri imzalamağı, adından ərizələr verməyi lazım olarsa torpaq sahəsinin hərracdan alınması ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, əgər məhkəmə mübahisəsi olarsa bütün məhkəmə və digər orqanlarda ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, həmin torpaq sahəsinin bir addan başqa ada keçirilməsinə ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2066-cı il tarixədək etibar etmişdir. Bakı şəhəri 27 saylı notariat ofisində verilmiş AR-İ 892561 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamə ilə səlahiyyətləri ötürmüş Cavabdeh etibar edən X6 adından etibar edilən İddiaçı Binəqədi qəsəbəsinin xx.xx.2007-ci il tarixli, 1931 saylı sərəncamla ona verilmiş Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudlarında fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1100 kv.metr torpaq sahəsindən 40 kv.metr torpaq sahəsi ilə əlaqədar olaraq müvafiq dövlət orqanlarında qanuni mənafelərini təmsil etməyi və bütün məhkəmə və digər orqanlarda adından imza etməkdə daxil olmaqla bütün hərəkətləri etməyi xx.xx.2068-ci il tarixədək etibar etmişdir. Bakı şəhəri 27 saylı notariat ofisində verilmiş AR-İ 892562 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamə ilə səlahiyyətləri ötürmüş Cavabdeh etibar edən X6 adından etibar edilən İddiaçı Binəqədi qəsəbəsinin xx.xx.2007-ci il tarixli, 1931 saylı sərəncamla ona verilmiş Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudlarında fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1100 kv.metr torpaq sahəsindən 41 kv.metr torpaq sahəsi ilə əlaqədar olaraq müvafiq dövlət orqanlarında qanuni mənafelərini təmsil etməyi və bütün məhkəmə və digər orqanlarda adından imza etməkdə daxil olmaqla bütün hərəkətləri etməyi xx.xx.2068-ci il tarixədək etibar etmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş və imzası ilə təsdiq edilmiş iltizamın məzmunu aşağıdakı kimidir: “Mən İddiaçı Binəqədidə yerləşən evlərdən Asifdən 4000 azn beh aldım.” Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyinə görə, məhkəmə tərəfindən 155.000 (100.000+30.000+25.000) manat məbləğində pulun borca verilməsi halı müəyyən edilmişdir. İddiaçı borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. İddiaçı 42 ədəd “Segway” markalı skuterin borcun əvəzinə ona verilməsini təsdiq etmiş, lakin verilmiş malın 36 ədədinin yararsız vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iddiaçının borcun bir qisminin əvəzində ona verilmiş 36 ədəd “Sigway” markalı skuterin yararsız vəziyyətdə olmasına istinad etməsinə baxmayaraq onun işin bu halını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə baxışı zamanı müəyyən edilmiş borc məbləğindən 42 ədəd “Segway” markalı skuterin dəyəri olan 12.180 manat çıxılmalıdır. Digər hissələrdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddianın “əldən çıxmış fayda kimi 20.000 manat məbləğində zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Mənəvi zərərin ödənilməsi barədə tələblə bağlı qeyd olunmalıdır ki, hazırki halda pozulmuş hüququn bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 8 ildən artıqdır ki, cavabdehin yanında sürücü işləyir. İddiaçını da tanıyır. İddiaçı ilə cavabdeh arasında normal münasibətləri olub, borc mübahisələrindən sonra münasibətləri pozulmuşdur. Cavabdehin iddiaçıya olan borcunun məbləği haqqında dəqiq məlumatı yoxdur. Fuadla birlikdə Raminin evinin yaxınlığına getdikdə 1-ci dəfə Raminin Fuada 1 paketdə pul verdiyini görmüş, lakin pulun sayını bilmir. 2-ci dəfə təkrar Raminin Fuada 1 paketdə pul verdiyini görmüş, lakin pulun sayını bilmir. Cavabdehin iddiaçıya olan borcundan ayrı-ayrı vaxtlarda hissə-hissə ona 300 manat, 500 manat məbləğində pul iddiaçıya çatdırılması üçün vermişdir. Cavabdeh borc əvəzinə iddiaçıya Bakı şəhəri, Binəqədi rayonunda tikililəri sənədləri ilə birlikdə vermişdir. Həmin tikililər hazır vəziyyətdə və yarım formada idi. Həmçinin, cavabdeh tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, cavabdehin yanında 4-5 il olar ki, sürücü işləyir. 2 dəfə ford tranzit markalı maşınla 160 ədəd “Segway” mallarını aparıb müxtəlif vaxtlarda müxtəlif yerlərə vermiş, malı verərkən iddiaçının özünü görməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin olunmuş” hissəsi barədə mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, işin mübahisəsiz halı iddiaçının cavabdehə 30.000 manat, daha sonra isə 100.000 manat məbləğində borc verməsi, cavabdehin isə həmin məbləği qaytarmağı öhdəsinə götürməsidir. Mübahisələndirilən hal isə borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması və 75.000 manat məbləğində borcun verilməsinin isbatı məsələsidir. Məhkəmə kollegiyası mübahisəli borc məbləğlərinin hüquqi dəyərləndirilməsi ilə işin bütün hallarını araşdırdıqdan sonra aşağıdakı nəticələrə gəlmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclaslarında İddiaçı 100.000 manat və 30.000 manat məbləğində borcların götürüldüyünü etiraf etmiş, lakin həmin borc məbləğlərinin tam qaytarıldığını bildirmişdir.

1. Cavabdeh 100.000 manat borc məbləğinin qaytarmasının arqumenti kimi onun adından İddiaçı verilmiş 3 ədəd etibarnamə və iltizamı göstərmişdir. Kollegiya bu hissədə qeyd edir ki, Cavabdeh bu arqumentləri əsassızdır. Çünki, həmin 3 etibarnamə üzrə o, səlahiyyətləri ötürmüş şəxsdir, yəni o əslində X2 və X3 məxsus olan torpaq sahələri üzərindəki ona verilmiş hüquqları İddiaçı ötürmüşdür. Bu hal isə 100.000 manat məbləğində borcun qaytarılmasını heç nə ilə təsdiq edə bilmədiyindən sübut olunmur. İşdəki etibarnamələr sadəcə bu etibarnamələrin mövcud olmasından başqa nəticəyə gəlməyə imkan vermir. Cavabdeh tərəfindən həmin torpaq sahələri ilə bağlı olan alğı-satqı müqavilələri də işə əlavə edilməmişdir. Bu səbəbdən də Kollegiya hesab edir ki, cavabdehin bu etibarnamələrlə ötürülmüş hüquqlardan istifadə edilməklə cavabdehə məxsus olmayan daşınmaz əmlaklar üzrə alğı-satqıların aparılması və əldə edilmiş gəlirlər vasitəsilə iddiaçıya 100.000 manat borcun ödənilməsi və ya əvəzləşdirilməsi barədə dəlili məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Digər arqument olan iltizama gəldikdə isə, iltizamda İddiaçı Asif adlı şəxsdən 4000 manat beh alması qeyd edilmişdir. Bu iltizam da əvvəlki arqument kimi borcun qaytarılmasını təsdiq edə bilmədiyindən sübut kimi məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə iclaslarında Cavabdeh Asif adlı şəxsin daşınmaz əmlak alğı-satqısı vasitəçisi olduğunu qeyd etsə də, irəli sürdüyü bu faktın təsdiqi kimi həmin şəxsin birinci və apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilməsini təmin etməmişdir. İltizamda qeyd olunan 4000 manat məbləğində pulun Cavabdeh İddiaçı olan 100.000 manat borcuna ödənilməsi də təsdiq edilməmişdir. Belə olan halda, Cavabdeh bu sübutu da məhkəmə tərəfindən qəbul edilmədiyindən, onun İddiaçı olan 100.000 manat məbləğində borcunun qaytarılmaması müəyyən edilmişdir.

2. Bundan başqa, Cavabdeh 30.000 manat borc məbləğinin qaytarmasının arqumenti kimi 42 ədəd “Segway” markalı skuterin İddiaçı verilməsini göstərmişdir. Kollegiya bu hissədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya skuterlərin verilməsi mübahisəsiz haldır. İddiaçı tərəf birinci instansiya məhkəməsində icraat zamanı verilmiş skuterlərin dəyəri kimi 12180 manat məbləğində pulun ümumi borcdan çıxılaraq, yekunda bu həmin məbləğdə təmin edilməsi hissəsində razılaşmış və bunu mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə Cavabdehlə İddiaçı arasında “Whatsapp” ani mesajlaşma proqramı ilə aparılmış danışığın mətni tədqiq edilmişdir (görüntülərdəki mobil telefon nömrəsinin İddiaçı məxsus olması da təsdiq edilmişdir və mübahisəli deyil). Həmin yazışmalardan aydın olur ki, Cavabdeh İddiaçı olan borcundan 12500 manatını qaytarmışdır. Bu faktla bağlı iddiaçının vəkili bildirmişdir ki, qaytarılmış 12500 manat borc məbləği mübahisələndirilən borc məbləğlərinə aid deyil, başqa borc münasibətlərinə aiddir. Lakin, nə iddiaçı başqa bir borc münasibətlərinin olduğunu sübuta yetirə bildi, nə də cavabdeh bu faktı qəbul etdi. Belə olduğu təqdirdə isə Cavabdeh İddiaçı olan 30.000 manat borc məbləğindən 12500 manatının qaytarması ilə bağlı sübutlar məhkəmə tərəfindən qəbul edilir və bu borc münasibəti üzrə Cavabdeh borcunun 17500 manat məbləğində olması müəyyən edilir.

3. Məhkəmə kollegiyası, 75.000 manat borc məbləğinin tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli əqdlərdən başqa, 75000 manat məbləğində də borcun olduğunu tələb etsə də, bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bu tələblə bağlı yeganə arqumenti məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadəsi və cavabdehin etirafı olsa da, şahidlərin ifadələrində nəinki 75.000 manat məbləğində borcun olması təsdiq edilmir, hətta digər borc münasibətləri ilə bağlı təsdiqedici ifadələr belə müəyyən edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə iclas protokollarında cavabdehin 75000 manat məbləğində borcun iddiaçıdan aldığı barədə etirafı mövcud deyil, şahidlər tərəfindən də bu faktı təsdiq edən ifadələr təsbit edilməmişdir. 75000 manat məbləğində borc münasibətləri ilə bağlı halları tərəflər təsdiq etsəydi belə, iddiaçının bu barədə yazılı sübutu olmadığından məhkəmə kollegiyası tərəfindən qəbul edilə bilməzdi. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu səbəbdən də kollegiya, 75000 manat məbləğində borcun tutulması ilə bağlı iddia tələbi əsassız olduğundan məhkəmənin gəldiyi qənaəti qəbul etmir və işin hallarına uyğun olmadığı üçün qətnaməni bu hissədə ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə Kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli nağd pulun alınması barədə müqavilə üzrə 17500 manat məbləğində pul, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 100.000 manat məbləğində pul, cəmi 117500 manat (100.000 + 17.500) məbləğində pul tutulmalıdır. Digər hissədə, yəni 75.000 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (384.0.1); qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (384.0.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4247/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilmiş” hissəsində qismən ləğv edilsin. İddia tələbi “75.000 manat məbləğində pulun tutulması” hissəsində rədd edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Digər hissədə qətnamə dəyişdirilsin. 117500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar