Məhkəmə qərarları › İş №2(103)-3818/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3818/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3818/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalması və onun saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat məbləğində tutulan alimentin miqdarının artırılması və uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin və ödədiyi mediasiya xərcinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ötən vaxt ərzində cavabdehin verdiyi 130 manat məbləğində aliment uşağın tələbatını ödəməyə imkan vermir. Uşağın böyüməsi ilə əlaqədar xərcləri artıb. O, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Bu xərclərin bir qismini ata kimi ödəməsi cavabdehin vəzifəsidir. 2024-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Cavabdehin kifayət qədər qazancı var və onun aliment ödəməyə maddi imkanı vardır. Halhazırda cavabdeh avtomobil satışı ilə və taksi fəaliyyəti ilə məşğul olmaqla yaxşı gəlir əldə edir. Vergi ödəyicisi kimi qeydiyytdan keçmişdir. (VÖEN **********). Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, artırılmış aliment məbləğinin qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablanması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Ailə Məcəlləsinin 56, 75, 112-ci maddələri, “Uşaq Hüquqları” haqqında Qanuna, “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannaməyə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1525/2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbimin tam təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, ötən vaxt ərzində cavabdehin verdiyi 130 manat məbləğində aliment uşağın tələbatını ödəməyə imkan vermir. Uşağın böyüməsi ilə əlaqədar xərcləri artıb. O, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Bu xərclərin bir qismini ata kimi ödəməsi cavabdehin vəzifəsidir. Hakim göstərir ki, o işləyir və qazancı vardır. Lakin heç kim onun nə qədər əziyyət çəkdiyini bilmir. Onun gözü 20 faiz görür, əməliyyat mümkün deyil. O, bu vəziyyətdə 9 saat kompyuter arxasında çalışır ki, uşağının tələbatlarını ödəsin. Cavabdeh özünü yazıq kimi göstərir. Qaraçuxurda 2 mərtəbəli ev alıb, maşın gətirib satır. Onun kifayət qədər qazancı vardır. Uşağın xəstəlikləri var və mütəmadi müayinə və müalicəyə ehtiyacı vardır ki, bu da əlavə xərclər tələb edir. Gözündə ciddi problemlər var, üç aydan bir 500 manat xərc çəkir. Döş qəfəsi önədir, müalicə elətdirir. Atası bir dəfə deməyib ki, uşağın nəyi var, nəyə ehtiyacı var. 2 aydan bir götürüb, ağladır gətirir uşağı. Nəsə istəyəndə pulu yoxdur deyir, eləmir. Uşağı səhhəti, təhsili, hər işi ilə o maraqlanır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

9. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar boşananda qızılları belə qarşı tərəf götürdü, heç nə götürmədi. Uşağın ehtiyacları artır. Onu işdən çıxarsalar işsiz qalacaq. Uşağın gözündə və sinəsində problemlər var. Həkimə giriş 65 manatdır. Eynəyi 500-600 manat edir. Hazırlıq pulunu da o qarşılayır. Aylardır cavabdeh uşağı görmür, uçağı heç yere aparmır. 2 il ərzində evə ərzaq da almayıb, geyim xərclərini də qarşılamayıb. Uşağı ilə maraqlanmır. Keçən aydan o da müalicələrdədir, onurğa problemi var. Məzuniyyətə çıxa bilmir, çünki çıxsa iş tapa bilməyəcək,10 ilə yaxındır işləyir güclə dolanır. Cavabdeh yaşadığı evi satdı heç pay da istəmədi. Uşağı götürəndə də uşaq ağlayıb gəlir. Uşağın bu yaxınlarında yubileyi olacaq, heç maraqlanmır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

10. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, rəsmi iş yeri yoxdur. Adına da heç nə yoxdur. Dost-tanışın köməkliyi ilə yaşayır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

16. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

23. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbində övladının saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 235 manat məbləğinə təyin edilməsini və tələbinin əsası kimi 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsinə əsaslansa da, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Düzdür, cari ildə uşaqlar üçün müəyyən edilən yaşayış minimumu həddi aliment məbləğlərinin müəyyən edilməsi zamanı nəzərə alınmalı əsas meyarlar sırasında olsa da, lakin, təkcə bu meyar aliment məbləğini hər bir halda cari il üçün müəyyən edilən yaşayış minimumu həddində müəyyən edilməsi üçün yeganə və həlledici əsas deyildir. Hazırkı işdə cavabehin rəsmi əmək haqqısının olması müəyyən edilmədi. Digər tərəfdən də müəyyən edildi ki, onun adına VÖEN olsa da, lakin hazırda aktiv deyildir. Cavabdeh izahatında bildirdi ki, onun gündəlik qazancı 10-20 manat olur, ayda 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Eyni zamanda o da müəyən edildi ki, iddiaçının rəsmi əmək haqqısı 1900 manat təşkil edir.

24. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalması və onun saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu artırılaraq 2023-cü il üçün 200 manat, 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur.

25. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

26. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsini ədalətli və ağlabatan hesab edir.

27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

30. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

32. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1525/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal icra edilsin.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar