Məhkəmə qərarları › İş №2(103)-3819/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3819/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3819/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Nəsirov Vahid Davud oğlunun iştirakı ilə, İddiaçı Nəsirov Vahid Davud oğlunun cavabdehlər Ağayev Rəşid Qardaşxan oğlu və Əliyev Səfa Surxay oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2342/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəsirov Vahid Davud oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əliyev Səfa Surxay oğlu, Ağayev Rəşid Qardaşxan oğlu və Ağayev Rəşad Rəşid oğlundan 70000 manat vəsaitin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2342/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, ərizəsini onunla əsaslandırılmışdır ki, pandemiya ilə əlaqədar apelyasiya şikayətini vaxtında vermək iqtidarında olmamışdır. Pandemiya vaxtı məhkəmələrin bağlı olması ilə əlaqədar apelyasiya şikayətini vaxtında verə bilməmişdir. Həmçinin, iddiaçı şikayətinə qızının və qardaşının Covid-19 xəstəliyinə yoluxmaları və xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə 26 saylı BŞX-də müalicə olunmaları barədə “Xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarış”ları da əlavə etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2342/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamış, həmin qərardaddan V.Nəsirovun verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Vahid Nəsirov şikayətini müdafiə edərək apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərardad ləğv edilərək Vahid Nəsirovun qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Ölkədə koronavirus pandemiyasının yayılmağa başlaması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixindən etibarən ciddi karantin rejiminin tətbiq olunduğunu nəzərə almaqla kollegiya hesab edir ki, ərizəçinin vaxtında apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh qətnaməni xx.xx.2020-ci il tarixdə aldığından onun şikayət vermə müddəti xx.xx.2021-ci il tarixə qədər olmuş, lakin xx xxxxxx 2020-ci il tarixindən koronavirus pandemiyası ilə əlaqədar məhkəmədə işlərə baxılması uzun müddətə dayandırıldığından, o vaxtında şikayət verə bilməmişdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hal, yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbi ilə vaxtında şikayət verə bilməməsi, həmin müddət ərzində ailə üzvlərinin xəstə və müalicə olunmaları ötürülmüş müddətin bərpasına əsas verə biləcək üzrlü hal kimi qiymətləndirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi V.Nəsirovun ərizəsinə formal yanaşmış, onun şikayətə əlavə etmiş olduğu həmin müddət ərzində ailə üzvlərinin Covid-19 yoluxmaları və müalicə olunmaları barədə xəstəxana “çıxarış”larına ümumiyyətlə qiymət verməyərək əsaslandırılmamış qərardad qəbul etmişdir. Buna görə də kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə (ərizəyə) yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə yuxarıda qeyd olunan hallara yenidən qiymət verməklə əsaslandırılmış qərardad qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2342/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Nəsirov Vahid Davud oğlunun ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar