Məhkəmə qərarları › İş №2(103)-3824/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3824/2021

23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3824/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-331/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayon Məhkəməsinin İŞ N 2-42- 2005 nömrəli 07 sentiyabr 2005-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, Cavabdeh xx xxxx 2004-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X9 ilə xx xxxxxx 2000-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx xxxxxxxx 2001- ci il təvəllüdlü Haciyev Əli ilqar oğlu və xx xxxx 2004-cü il təvəllüdlü X4 adlı uşaqları dünyaya gəlmişdir. 2001-ci ildə anadan olmuş Haciyev Əli ilqar oğlu yetkinlik yaşına çatmış və Hərbi Akademiyanın kursantıdır. Cavabdehlə birgə yaşadıqları mümkün olmadığı üçün 2004-cü ildə ata evinə geri dönmüşdür. 07 sentiyabr 2005-ci ildə Kəngərli rayon Məhkəməsi tərəfindən X5 aylıq qazancının 33%-i tutularaq uşaqların yetkinlik yaşına çatana qədər ona ödənilməsi qərarı qəbul edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixədək hər ay alimenti 55 (əlli beş) manat ödəmişdir. O, heç yerdə işləmir. Uşağın saxlanılmasında əziyyət çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment uşağın ehtiyaclarını qarşılamır. Cavabdeh isə Məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği ilə kifayətlənməklə uşağın digər ehtiyaclarının qarşılanmasında iştirak etmir. Cavabdeh tərəfindən ödənilən 55 (əlli beş) manat uşağın ehtiyaclarını qarşılamır. Maddi imkanı olmadığından uşağın ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh X5 maddi vəziyyəti yaxşıdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-331/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Kəngərli rayon məhkəməsinin 2-42/2005 saylı xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək xx xxxx 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (sədrlik edən: Əkrəm Qəhrəmanov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-331/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hərtərəfli və tam araşdırılması əsaslı qətnamə çıxartmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil,yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edən halları araşdırmalıdır. Lakin Məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamışdır. Qətnaməyə görə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etməklə birinci İnsatansiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin tələblərini kobud şəkildə pozmuşdur. Birinci insatansiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən mülki mühakimə icraatının funtamental prinsiplərindən biri olan "Çəkişmə prinsipinə" zidd olaraq tərəfi çağırmadığına, onun dəlillərini, izahatlarını nəzərə almadığına görə məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı sayıla bilməz (birmənalı). Birinci İnsatansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli,tam və obyektiv tətbiqinə lazımi şərait yaratmamışdır. Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər vəya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhz hakim qətnamə çıxaran zaman qanunun həmin maddəsini kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh birinci qrup müharibə əlili olmaqla xx.xx.1994-cü il tarixdən birinci qrup əlilliyə görə 181.85 manat pensiya alır. Həmin aldığı aylıq əmək pensiyasından xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X1 56.63 manat aliment tutulur. Hakimin x xxxxxx 2020-ci il tarixli qətnaməsində cavabdehin ödədiyi alimentin miqdarının artırılaraq 170 manat məbləğinə qaldırılması başa düşülən deyildir. Çünki, cavabdehin aldığı 181.85 manat əmək pensiyasından savayı digər heç bir qazancı və gəliri yoxdur. Odur ki, Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin qətnaməsi göstərilən xüsusatlara əsasən ləğv edilməli və Naxçıvan şəhəri, Kəngərli rayon məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması ilə əlaqədar yeni məhkəmə qətnaməsi qəbul edilməidir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 474969 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxx 2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Kəngərli rayon Məhkəməsinin 2-42-2005 saylı, xx xxxxxxxx 2005-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, Filotov 28, ev 3-də yaşayan Cavabdeh aylıq qazancının 33 %-i xx xxxxxxxx 2005-ci il tarixdən başlayaraq tutulub xx xxxxxxxx 2001-ci ildə anadan olmuş X7 və xx xxxx 2004-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Təhsil Nazirliyi Kəngərli Rayon Təhsil şöbəsi F.Kərimzadə adına Çalxanqala Kənd tam orta məktəbinin 38 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, X6 2020-2021-ci tədris ilində Kəngərli rayon Çalxanqala kənd tam orta məktəbinin Xİ sinifində oxuyur. Aysun məktəbin ən nümunəvi şagirdlərindən biridir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Birinci instansiya məhkəməsi alimentin artırılaraq 170 manat müəyyən edilməsi ilə bağlı aliment tələbinə dair iddianı təmin etmiş və qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, Kəngərli rayon Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli, 2-42-2005 saylı məhkəmə əmri ilə tutulan alimentin miqdarı dəyişdirilərək xx xxxx 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartlarının və istehlak qiymətlərinin və.s dəyişməsi, həmçinin, uşağın böyüməyə davam etməklə onun müvafiq tələbatlarnın artmasının iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməsi səbəbindən iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla Kollegiya hesab edir ki, Naxçıvan şəhəri, Kəngərli rayon məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 170 manatadək artırılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Cavabdehin gəlirinin aşağı olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya hesab edir ki, yuxarıda qeyd olunan müddəaların tələbinə görə həmin hallar alimentin məbləğinin artırılmaması və ya cavabdehi alimentdən azad etmək üçün əsas deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan zərfdən (i.v. 20) görünür ki, məhkəmə cavabdehə bildiriş göndərmiş, lakin zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən üzərinə düşən vəzifəni yerinə yetirərək, cavabdehə bildiriş göndərdiyindən hər hansı prosessual pozuntuya yol verməmişdir. Kollegiya həmiçinin qeyd edir ki, cavabdehə apellyasiya instansiyası məhkəməsində icraat zamanı kollegiya iclasının vaxtı və yeri barədə həm poçt vasitəsi ilə bildiriş, həm də elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-331/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında Kəngərli rayon məhkəməsinin 2-42/2005 saylı xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək xx xxxx 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-331/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar