Məhkəmə qərarları › İş №2(103)-383/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-383/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-383/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(008)-8798/2015 saylı qiyabi qətnaməsindən cavabdeh Axundov Müşviq Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Axundov Müşviq Xəlil oğlunun iddiaçı "xxxx" ASC-yə ödəməli olduğu 9909.41 (doqquz min doqquz yüz doqquz manat qırx bir qəpik) manat əsas, xx.xx.2015-ci il tarixinə hesablanmış 2178.85 (iki min yüz yetmiş səkkiz manat səksən beş qəpik) manat məbləğində faiz borcunun, 2178.85 (iki min yüz yetmiş səkkiz manat səksən beş qəpik) manat məbləğində hesablanan dəbbə pulunun (penya) və iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Axundov Müşviq Xəlil oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" ASC-yə ödənilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdeh Axundov Müşviq Xəlil oğlunun mülkiyyətində olan “Maz- 622208-232P12” markalı, yetərli dartıcı tipli, 2007-ci il buraxılışlı, ağ rəngli, mühərrik nömrəsi 70022154 olan, **-BJ-*** dövlət nömrə nişanlı və “Maz-953000-010” yarımqoşqu markalı, özüboşaldan tipli, 2007-ci il buraxılışlı, narıncı rəngli olan, **-ZE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə tutma yönəldilsin və onlar açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan ümumi borc məbləği yuxarıda göstərilən qaydada ödənilməsi. Qeyd olunan ipoteka predmetlərinə hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetlərinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Axundov Müşviq Xəlil oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11/KM-MF-0404 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 18 faiz hesablanmaqla 52000 manat məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixli ll/İM/MF-06 saylı ipoteka müqaviləsi bağlanmış. Müqaviləyə əsasən Axundov Müşviq Xəlil oğlunun mülkiyyətində olan “MAZ-642208-232P12” markalı, yetərli dartıcı tipli, 2007-ci il buraxılışlı, ağ rəngli, mühərrik nömrəsi 70022154 olan, **-BJ-*** dövlət nömrə nişanlı və “MAZ- 953000- 010” yarımqoşqu markalı, özüboşaldan tipli, 2007-ci il buraxılışlı, narıncı rəngli olan, **-ZE- *** dövlət nömrə nişanlı nəqliyyat vasitələri bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka xx.xx.2011-ci il AR DİN BDYPİ-nin Qeydiyyat İmtahan şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış və AA seriyalı 011968 saylı şəhadətnamə verilmişdir. Kreditin əlavə təminatı olaraq Cavabdeh2 cavabdeh Axundov Müşviq Xəlil oğluna zamin durmuşdur. Bununla əlaqədar iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixli ll-ZM-FM-05 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Axundov Müşviq Xəlil oğlu kredit müqaviləsində nəzərdə tutulan şərtlərə əməl etməmiş və üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Ona görə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(008)-8798/2015 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh Axundov Müşviq Xəlil oğlu tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(008)-8798/2015 saylı qiyabi qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsində işin baxılması barədə məlumatı olmayıb. Yalnız icra məmuru onunla əlaqə saxladıqdan sonra barəsində adı çəkilən qətnamənin mövcud olmasından xəbər tutmuşdur. Birinci instansiya məhkəməsində işin araşdırılması iştirakı olmadan həyata keçirilib, lazımi qaydada iclaslar barədə məlumatlandırılmamışdır. Buna görə də iş materialları ilə tanış olmaq, əlavə sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Bundan əlavə, hesab edir ki, ondan tutulmalı olan məbləğlər "xxxx" ASC ilə aralarında bağlanmış 29.04.11 tarixli, 11/KM-MF-0404 saylı kredit müqaviləsinə uyğun olaraq düzgün hesablanmayıb. Həmçinin iddiaçı cərimə borcunun hansı qaydada və hansı tarixdən hesablanması, habelə cərimə borcunun məhz tələb edilən məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməlidir. İş üzrə iddiaçı "xxxx" ASC, cavabdehlər Axundov Müşviq Xəlil oğlu və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Axundov Müşviq Xəlil oğluna ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Axundov Müşviq Xəlil qızı lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qiyabi qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli 11/KM-MF-0404 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Axundov Müşviq Xəlil oğluna 29 aprel 2014-cü il tarixinə kimi illik 18 % ödəmək şərti ilə 52000 (əlli iki min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 11-İM-MF-06 saylı ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx.xx.2011-ci il tarixli, 11/KM-MF-0404 saylı kredit müqaviləsinin təminatı olaraq Axundov Müşviq Xəlil oğlunun mülkiyyətində olan “MAZ-642208-232P12” markalı, yetərli dartıcı tipli, 2007-ci il buraxılışlı, ağ rəngli, mühərrik nömrəsi 70022154 olan, **-BJ-*** dövlət nömrə nişanlı və “MAZ-953000- 010” yarımqoşqu markalı, özüboşaldan tipli, 2007-ci il buraxılışlı, narıncı rəngli olan, **-ZE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipotekanın predmeti tərəflərin razılığına əsasən 40.000 (qırx min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Axundov Müşviq Xəlil oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11/KM-MF-0404 saylı kredit müqaviləsi üzrə borclunun borc verən qarşısında öz öhdəliklərini təmamilə və vaxtında icra etmə üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 10 avqust 2015-ci il tarixli, 12 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 02 iyul 2015-ci il tarixli, 1809 saylı bildiriş məktubundan görünür ki, cavabdeh Axundov Müşviq Xəlil oğlu girov predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 09 iyul 2015-ci il tarixli, 1850 saylı ərizədən görünür ki, ipoteka saxlayanan ərizəsi AR DİN BDYPİ-də qeydə alınmışdır. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 011968 saylı çıxarışdan görünür ki, MAZ-642208- 232P13 markalı yük markalı, **-BJ-*** və **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri bank qarşısında yüklü edilməsini nəzərdə tutan xx.xx.2011-ci il tarixli, 11-İM-MF-06 saylı ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsində qeydə alınmışdır. İş materiallarında olan 23 sentyabr 2015-ci il tarixli arayışdan görünür ki, X1 müqavilə üzrə 9909.41 manat əsas borc, 2178,85 manat məbləğində faiz borcu, 2178,85 manat məbləğində dəbbə pulu, cəmi 14267,11 manat borcu təşkil edir. İş materiallarında cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun müəyyən vaxta qədər ödənilməsi tələb olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayn qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 məsuliyyətini öz üzərinə götürdüyundən, cavabdehin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, o kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2019-cu il tarixli, 22381 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2011-ci il tarixli, 11/KM-MF-0404 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Axundov Müşviq Xəlil oğlunun xx.xx.2014-cü il tarixə 6443,93 manat əsas, 302.17 manat faiz borcu, xx.xx.2015-ci il tarixə 6443.93 manat əsas, 1594.87 manat faiz borcu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizaların rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizaların rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya ekspert rəyinə əsasən hesab edir ki, əsas və faiz borcu hissədə iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6443,93 manat əsas, 302,17 manat faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi dəbbə pulu məbləğinin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 644 manat məbləğində dəbbə pulu tutulmalıdır. Buna görə də, iddia tələbi borcun tutulması ilə bağlı hissədə qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6443,93 manat əsas, 302,17 manat faiz borcu, 644 manat cərimə, cəmi 7390,1 manat borc tutulmalıdır. Kollegiya iddianın xx.xx.2011-ci il tarixli 11-İM-MF-06 saylı ipoteka müqaviləsi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. MM-nin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Araşdırılan sübutlar əsasında kollegiya qeyd edir ki, tutma ipoteka predmeti olan Axundov Müşviq Xəlil oğlunun mülkiyyətində olan “Maz-622208-232P12” markalı, yetərli dartıcı tipli, 2007-ci il buraxılışlı, ağ rəngli, mühərrik nömrəsi 70022154 olan, **-BJ-*** dövlət nömrə nişanlı və “Maz- 953000-010” yarımqoşqu markalı, özüboşaldan tipli, 2007-ci il buraxılışlı, narıncı rəngli olan, **-ZE- *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması və əldə olunmuş vəsait Axundov Müşviq Xəlil oğlunun banka olan borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ipoteka predmeti olan nəqliyyat vasitələri faktiki olaraq məhkəməyə təqdim olunmadığından, buna görə də, həmin nəqliyyat vasitələrini qiymətləndirmək mümkün olmaması səbəbindən, nəqliyyat vasitələrinin ilkin satış qiymətini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada 15,3 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 102 manatı cavabdehlər Axundov Müşviq Xəlil oğlu və Cavabdeh2 müştərək qaydada, 98 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Axundov Müşviq Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(008)- 8798/2015 saylı qiyabi qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Axundov Müşviq Xəlil oğlu və Cavabdeh2 müştərək qaydada 6443,93 (altı min dörd yüz qırx üç manat doxsan üç qəpik) manat əsas borc, 302.17 (üç yüz iki manat on yeddi qəpik) manat məbləğində faiz borcu, 644 (altı yüz qırx dörd) manat məbləğində dəbbə pulu, cəmi 7390,1 (yeddi min üç yüz doxsan manat on qəpik) manat borc və ödənilmiş dövlət rüsumu 15,3 (on beş manat otuz qəpik) manat pul tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma öhdəliyin təminatı kimi Axundov Müşviq Xəlil oğlunun mülkiyyətində olan “Maz-622208- 232P12” markalı, yetərli dartıcı tipli, 2007-ci il buraxılışlı, ağ rəngli, mühərrik nömrəsi 70022154 olan, **-BJ-*** dövlət nömrə nişanlı və “Maz-953000-010” yarımqoşqu markalı, özüboşaldan tipli, 2007-ci il buraxılışlı, narıncı rəngli olan, **-ZE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilsin, nəqliyyat vasitələri açıq hərrac yolu ilə satılmaqla borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda, tələbin qalan hissəsi cavabdehlərdən müştərək qaydada tutulsun. Nəqliyyat vasitələrinin satışından əldə edilmiş vəsait borcu ödədikdə, artıq məbləğ Axundov Müşviq Xəlil oğluna qaytarılsın. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 102 (yüz iki) manatı cavabdehlər Axundov Müşviq Xəlil oğlu və Cavabdeh2 müştərək qaydada, 98 (doxsan səkkiz) manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar