Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-383/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 114/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə 10865,72 ABŞ dolları əsas, 13014,54 ABŞ dolları faiz, 169,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 24049,73 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən, 3 otaqlı, 67.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.2 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka qoyulmuş mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma ipoteka qoyulmuş mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-ci il 12 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 4 saylı filialından illik 25%-lə 60 ay müddətinə 30600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən, 3 otaqlı, 67.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.2 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzili 2014-ci il 12 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-ci il iyulun 12-dək Cavabdeh1 2014-ci il 12 noyabr tarixli kredit müqaviləsi üzrə banka 10865,72 ABŞ dolları əsas, 13014,54 ABŞ dolları faiz, 169,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 24049,73 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 114/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin olunmuş, iddiaçının xeyrinə Cavabdeh1 10865,72 ABŞ dolları əsas borc, 13014,54 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə cəmi 23900,26 (iyirmi üç min doqquz yüz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən, 3 otaqlı, 67.25 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.2 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin evin 63000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 23900,26 (iyirmi üç min doqquz yüz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin ödənilməsi, iddiaçı «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, əsas və faiz borcunun aşağı həddə müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclasında iştirakının təmin olunmaması, devalivasiyanın baş verməsi nəticəsində kredit ödənişlərini lazımınca həyata keçirə bilməməsi, ona güzəşt olunmaması, kredit borcunun düzgün hesablanmaması, məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, eyni zamanda yazılı vəsatət verərək iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, Cavabdeh1 60 ay müddətinə illik 25% hesablanmaqla 30600 ABŞ dolları məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən, 4 nömrəli evin 16 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində, həmçinin cavabdehin vəkili əvvəlki apellyasiya baxışı zamanı kredit borcunu mübahisələndirərək təqdim etdiyi vəsatətdə göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə bankdan aldıqları hesabdan çıxarışdan məlum olur ki, iş üzrə Cavabdeh1 tərəfindən iddiaçıya 27805,59 (iyirmi yeddi min səkkiz yüz beş) ABŞ dolları pul ödənilmişdir. Həmin çıxarış üzrə hansı tarixdə və nə qədər pul vəsaiti ödənilməsini vəsatətdəki cədvəldə qeyd etmişdir. Hesab edir ki, kredit borcu düzgün müəyyən olunmamışdır. Bu səbəbdən də iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etməmiş, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır. Bu səbəbdən də, apellyasiya icraatı zamanı kredit borcunun məbləğinin obyektiv müəyyən olunması, həmçinin cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin yoxlanılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3693 saylı ekspertiza rəyindən görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 11-G-1-0-979-14 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx xxxx 2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan borcu - əsas borc üzrə 16823,01 ABŞ dolları, faiz borcu üzrə 9089,66 ABŞ dolları təşkil etmişdir. Ekspertiza rəyindən də göründüyü kimi, faiz borcu tələb həddindən az məbləğdə, yəni 9089,66 ABŞ dolları müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlilləri ilə qismən razılaşaraq, qətnamənin faizlərin tutulması hissəsində dəyişdirilməsi, faizlərin 9089,66 ABŞ dolları məbləğində təmin olunması nəticəsinə gəlir. Bununla yanaşı, ekspertiza rəyindən görünür ki, cavabdeh tərəfindən xx xxxx 2019cu il tarixdən sonra da müəyyən ödənişlər həyata keçirilmiş və faiz borcu xx xxxxxxx 2020ci il tarixə 8092,39 ABŞ dolları təşkil etmişdir. Lakin, iddiaçı tərəifndən kredit borcu məhz xx xxxx 2019-cu il tarixə olan vəziyyətdə tələb olunduğundan və məhkəmə tərəfindən də borcun məbləği həmin tarixə olan vəziyyətdə araşdırıldığından, həmin tarixdən sonrakı ödənişlər icra vaxtı nəzərə alına bilər. Həmçinin qeyd edilməlidir ki, ekspertiza rəyi ilə əsas borc məbləği tələbdən az müəyyən olunmadığından, apellyasiya şikayətinin dəlilləri əsas borca münasibətdə əsaslı sayıla bilməz (ekspertiza rəyi ilə əsas borcun məbləği iddia tələbindən yuxarı müəyyən olduğundan, məhkəmə kollegiyası tələbdən kənara çıxmağı zəruri hesab etmir). Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq, qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə bağlı kredit ödənişlərini həyata keçirə bilməməsi, həmçinin ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Bu hal, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi də qəbul edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdeh tərəfin maddi vəziyyətini nəzərə alaraq dəbbə pulunu azaldaraq 20 ABŞ dolları həddində təimn etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası dəbbə pulunun daha da azaldılmasına zərurət görmür). Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməməsini, işə onun iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr, xəbərnamə və s.) aydın olur ki, cavabdehə yaşayış yeri üzrə dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, cavabdeh bildirişləri həm rabitə orqanı tərəfindən, həm də bildirişin kötüyünə şəxsən imza etməklə qəbul etmiş, lakin hər hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili də iş materialları ilə təsdiq olunmur. Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir (cavabdeh qətnaməni ipoteka hissədə ümumiyyətlə mübahisələndirməmişdir). Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixi Qərarı). Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləgi 9089,66 (doqquz min səksən doqquz ABŞ dolları, 66 sent) ABŞ dolları müəyyən olunmalı, qətnamə qalan yoxlanılan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-114/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 114/2020 saylı qətnaməsi faizlərin tutulması hissəsində dəyişdirilsin, Cavabdeh1 iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalı olan faizlərin məbləgi 9089,66 (doqquz min səksən doqquz ABŞ dolları, 66 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə) müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-383/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-383/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver