Məhkəmə qərarları › İş №2(103)-383/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-383/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-383/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kreditin və ona hesablanmış faiz borcunun qaytarılması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-318/2023 saylı işi üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ASC (tələbini artıraraq), cavabdehlərdən müştərək qaydada 14106.58 manat əsas borc və 9885.25 manat faiz borcu olmaqla, cəmi 23991.83 manat borcun və 163.6 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-318/2023 saylı işi üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 17 dekabr 2019-cu il tarixli 105804- 70906/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10524,88 manat, faiz borcuna görə 61,40 manat olmaqla, ümumilikdə 10586,28 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 71 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2, 462.1, 467, 472.1, 472.2, 739.2; Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 52.5, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun hesablanmalı, əsas borclu borcu etiraf etmiş olsa da, görünən odur ki, bu etiraf zamin- Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Belə ki, zamin əsas borclu ilə birlikdə kreditor qarşısında birgə borclu kimi çıxış edir və qətnamənin gələcəkdə icrası müştərək qaydada həyata keçiriləcəkdir. Bu səbəbdən cavabdehin (borcalanın) etirafı üçüncü şəxslərin (zaminin) hüquqlarına toxunduğundan qəbul edilməməlidir. Beləliklə, Cavabdeh1 öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 21 % olmaqla 30000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 17 dekabr 2019-cü il, sonuncu ödəniş tarixi 17 dekabr 2022-ci il olaraq müəyyən edilmişdir; - İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, 105804-670906/2 saylı zaminlik müqaviləsinə əsasən zamin 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür; - İddiaçı ASC tərəfindən verilən kassa məxaric orderinə əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixində 30000 manat məbləğində kredit verilmişdir; - İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə 19 sentyabr 2022-ci il tarixinə 14106,58 manat əsas borc, 9885,25 manat faiz borcu hesablanmışdır;- Expressbank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubuna əsasən, borclulara 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun 12 may 2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə xx.xx.2022-ci il tarixində Cavabdeh1 banka əsas borcu 11663,47 manat, faiz borcu isə 6,8 manat hesablanmış, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci ildən sonra da, ödəniş edildiyindən son hesablamalar nəticəsində banka əsas borcu 10539,96 manat, faiz borcu isə 6,80 manat hesablanmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023cü il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış, kassa mədaxil qəbzləri və tərəflər arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 maliyyə arayışı verilən tarixə, yəni 19 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə olan əsas borcu 10524,88 manat, faiz borcu 61,40 manat, ümumilikdə 10586,28 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır; - İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 163,6 manat dövlət rüsumu ödənilmişdir; - Sonuncu məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf etməsi barədə ərizə təqdim etməklə, əsas borcu məbləğinin iddia tələbi həddində, yəni 14106.58 manat olmasını etiraf etmiş, faiz borcunun isə sonuncu ekspert rəyinə uyğun hesablanmasını xahiş etmişdir (iş səh. 8, 9, 10, 11, 12-16, 17-18, 22, 130-133). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi və bankın tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4, Mülki Prosessual Məcəllənin 81, 88, 101.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, hər iki ekspert rəyində qeyd olunur ki, ödənişlər yalnız əsas və faiz borcundan silinmişdir. Halbuki, borc üzrə gecikmələr olduqda ödənişlər cərimə faizlərindən, vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlərdən, vaxtı keçmiş və gecikdirilmiş əsas borcdan, faiz borcundan və əsas borcdan silinir. Bu ardıcıllıq kredit müqaviləsinin 4.5-ci bəndində qeyd olunur və Mərkəzi Bank tərəfindən təsdiq edilmiş qaydalardan irəli gəlir. Odur ki, Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda silinmələrin hansı qaydada aparılması aydın göstərilir. Lakin, göstərilənləri ekspert öz rəyində nəzərə almamış, ödənişlər hesablanarkən silinmələr yalnız əsas və faiz borcundan aparmış və nəticədə məhkəməyə düzgün rəy təqdim etməmişdir. Ona görə, bank tərəfindən təqdim edilmiş borc məbləği ilə ekspert rəyində göstərilmiş məbləğ arasında böyük fərq yaranmışdır. Həmçinin, tərəflərindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışında gecikmə günü 273 gün olduğu halda ekspert 1-ci rəyində 1 gün gecikmə günü hesablamış və qeyd etdiyi xx.xx.2022-ci il tarixə olan 11663.47 manat əsas borca 6.80 manat faiz borcu qeyd etmiş və eyni zamanda da xx.xx.2022-ci il tarixə olan 10539.96 manat əsas borca da eyniliklə 6.80 manat məbləğində faiz borcu hesablamışdır. Göründüyü kimi, fərqli məbləğlərin hər ikisinə ekspert eyni faiz borcu hesablamışdır. Sonradan əlavə rəydə xx.xx.2022-ci il tarixə əsas borcu qismən azaldaraq 10524.88 manat müəyyən etmiş və ona 61.4 manat məbləğində faiz borcu hesablamışdır. Həmçinin, ekspertin rəylərindən belə nəticəyə gəlmək olur ki, yalnız 1 gün gecikmə olduğuna görə bank borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, kredit müqaviləsinin tələblərinə əsasən, borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) halında bankın iddia irəli sürmək hüququ yaranır. Qeyd edirik ki, bank iddia tələbində cərimə borcunu tələb etməsə də, sistem üzrə əsas borca cərimənin hesablanması aparılır və edilmiş ödənişlər məhkəmə qətnaməsi qəbul olunanadək həm əsas və faiz borcdan, həmdə ki, cərimə faizlərindən silinir. Bütün silinmələr təqdim olunmuş hesabdan çıxarışda aydın göstərilir. Ekspert öz tədqiqatında hesabda çıxarışda göstərilən məbləğləri əsas götürür, lakin, aparılan silinmələrin təyinatına əhəmiyyət vermir. Eyni zamanda da məhkəmə də bunlara diqqət yetirməmişdir. Həmçinin, məhkəmə iclasında borclu əsas borcu etiraf etmişdir. Əlavə mühasibatlıq ekspertizası təyin edilərkən borclu etirazını bildirməmiş və əsas borc məbləğinin bank tərəfindən düzgün qeyd olunduğunu bildirmişdir. Bütün bu hallar, yəni təqdim olunmuş sübutlarla ekspert rəyləri arasında olan uyğunsuzluqlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizasə təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, birinci, ikinci və üçüncü suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları məlumatları və 17 dekabr 2019-cu il tarixli, 105804-670906/2 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 xx.xx.2022-ci iİ tarixə İddiaçı ASC-nə olan borcu 10586,28 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 10524,88 AZN, faiz borcu üzrə 61,40 AZN. İş materiallarında olan silinmələrə dair çıxarış (i.v-81,82) məlumatlarında göstərilən cəriməyə silinmiş məbləğlər, cari hesabdan çıxarışda (i.v-83-87) “AZ49AZEN********************” saylı hesaba silindiyi əks olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları - milli valyutada“ aid olduğu müəyyən edildi. Yəni silinmələrə dair çıxarış (i.v-81,82) məlumatlarında cəriməyə silinmə kimi göstərilmiş məbləğlər əslində vaxtı keçmiş faiz borcuna silinmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425, 427, 442, 443, 445, 448, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Belə ki, apellyasiya şikayətininin dəlilləri üzrə ekspertiza təyin edilsə də, fərqli qənaətin formalaşması üçün əsaslar müəyən edilməmiş, cəriməyə silinmə kimi göstərilmiş məbləğlərin əslində vaxtı keçmiş faiz borcuna silinməsi müəyyən edilmişdir. Əsas borclu tərəfindən iddianın etiraf edilməsi isə birinci instansiya məhkəməsi tərəfindən zaminə münasibətdə onun hüquqlarına toxunduğu nəzərə alınmaqla düzgün olaraq qəbul edilməmiş, apellyasiya icraatı zamanı fərqli əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və apellyasiya icraatı zamanı aparılmış ekspertiza üzrə məhkəmə xərci onu ödəyən şəxsə (iddiaçıya) aid edilməlidir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-318/2023 saylı işi üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar