Məhkəmə qərarları › İş №2(103)-3830/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3830/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3830/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF-yə (X3, X12, X7 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X10 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı (eyni zamanda üçüncü şəxs X4 nümayəndəsi) İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X15, Üçüncü şəxslər X3 və X5 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF-yə qarşı “evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-476/2023 nömrəli 06 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Kərimli” KFT ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 17 noyabr 2008-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi X1, İddiaçı, X5, X2, X4 birgə mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr köməkçi sahədən ibarət 3054 saylı bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 nömrəli 16 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh “Kərimli” KFT-dən 100000 ABŞ dolları kredit borcunun və 33400 ABŞ dolları faiz borcunun Bankın xeyrinə tutulması, tutmanın xx.xx.2008-ci il tarixli, 178/İ saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsi, tutma yönəldilmiş yaşayış evinin hərracda ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satıldığı gündən sonra bir ay müddətində X3, İddiaçı, X12, X7, X9 tərəfindən boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 yanvar 2013-cü il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən ipoteka predmeti Bank tərəfindən əldə edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3409/2017 nömrəli 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı, X1, X2, X5 və X4 cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər icra şöbəsinə qarşı (Bank iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) iddiaları qismən təmin edilmiş, ipoteka predmetinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hərracın keçirilməsinə əsas olmuş qətnamə qanuni qüvvəyə minmədiyi halda hərrac keçirilmiş, hərrac barədə ipoteka qoyanlara məlumat verilməmişdir. Qətnamə ilə, həmçinin müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən 3 dəfə hərrac keçirilmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

5. Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi əsasında ipoteka predmetinə dair hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla “Kərimli” X11 arasında 17 noyabr 2008-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş onun mülkiyyətində olan ipoteka predmetinin girovluqdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yaxın dost münasibətində olduğu X8 təxminən 2008-ci ilin oktyabr ayında ona müraciət edərək, 3-4 aylıq müddətə mübahisəli evin sənədini istəmiş, o isə Hümbətlə dost olduğuna görə sənədləri vermişdir. Daha sonra Hümbət ona zəng edərək, fevralda sənədləri qaytaracağını bildirmiş, onu notariat idarəsinə çağırmışdır. 2011-ci ilin yay ayında ona məlum olmuşdur ki, evi girov qoyulub və bankdan Beyləqan rayonundan “Kərimli” fermer təsərrüfatının təsisçisi X6 adına 80.000 manat kredit götürülüb. X21 tapmış və ondan 1 ay müddətində evin pulunu Banka ödəyib sənədlərini özünə qaytaracağına dair yazılı iltizam almışdır. Lakin krediti qaytarılmamış, nəticədə Bank pulun geri alınması üçün məhkəməyə iddia vermişdir. Bank tərəfindən manat əvəzinə dollarla kredit ayrılmış, onun mülkiyyətində olan bağ evi də dələduzlar Əlövsət Paşayev, Hümbət Muradov tərəfindən banka girov qoyulmuş və onlar bu cinayəti bank əməkdaşları ilə birlikdə həyata keçirməklə onun evinin əldən çıxmasına səbəb olmuşdur. Polisə müraciət etdikdən sonra tam ətraflı şəkildə öyrənmişdir ki, Əlövsət Paşayev və onun oğlu Beyləqanda fermer təsərrüfatı ilə məşğul olmamış, onun nə ferması, nə heyvan qarası olmamışdır. Kredit verəndə Bank da bunu yoxlamamış və 100.000 ABŞ dolları kredit vermişdir. Şikayət ərizəsi əsasında Abşeron rayon Polis idarəsinin İstintaq bölməsində aparılan araşdırma zamanı X16 kredit aldığını və onun bundan xəbərsiz olmasını təsdiq etmişdir. Sonradan Bankın pulun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə iddiası təmin edilmişdir. Həmin qətnamə əsasında 2013-cü ildə keçirilmiş hərrac Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir.

8. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Kənd Təsərrüfatının Kredit Agentliyinə güzəştli kredit ilə bağlı müraciət etmişdir. İddiaçını tanımırdı. İddiaçı ilə onu Hümbət Muradov tanış etmiş və iddiaçını yalnız Notarius Kontorunda görmüşdür. İddiaçı ilə heç bir münasibəti olmamışdır. İddiaçı ilə arasında olan münasibət üzrə Hümbət Muradov vasitəçilik etmişdir. Hümbət Muradova pulu təqdim etmiş və həmin pul iddiaçıya verilməmişdir. X26 tərəfindən mənimsənilmişdir. Hazırda götürdüyü pulu ödəyə bilmir. Götürdüyü pul iddiaçıya çatmamışdır və həmin pulu ödəmək istəyir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-476/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia rədd edilmişdir

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsindən göründüyü kimi əmlakın ipoteka ilə yüklü edilməsinə əsas olmuş kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun olması, tutmanın iddiaçının mülkiyyətində olan sözügedən bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin müəyyən edilməsi və sair faktlar tərəflərin iştirak etdikləri sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, işdə, ümumiyyətlə “Kərimli” KFT-nin Banka ödənilməmiş kredit borcunun olmamasına dair heç bir mötəbər yazılı sübut yoxdur və onun iddia etdiyi məsələlərə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün məhkəmə tədqiqatı zamanı isə hər hansı əsas müəyyən edilməmiş, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 527.1, 527.2, 528-ci, “İpoteka haqqında” Qanununun 43.8, 48.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6066/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, başqa mülki iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan göründüyü kimi “Kərimli” KFT təminat vasitəsi ipoteka olan əsas öhdəliyi Bank qarşısında lazımi qaydada icra etmədiyi üçün Bankın ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsini tələb etmək üzrə hüququ yaranmış, bank da ipoteka saxlayan kimi həmin hüquqdan istifadə etmiş, mübahisəli əmlak açıq hərracdan satışa çıxarılmışdır. İddiaçının istinad etdiyi hal ipoteka müqaviləsinə əsasən yaranmış öhdəliyə xitam verilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4614/2011 saylı, 16 noyabr 2011-ci il tarixli qətnaməsi əsasında yenidən hərrac keçirilməməsi üçün hüquqi əsas təşkil etmir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 140, 148.2, 157.8, 269.4, 269.5, 425.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.1, 10.1, 10.4, 11, 14.1, 48.1.1 və 48.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-951/2024 nömrəli 01 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (məruzəçi), Z.Babayev və Ə.Nurməmmədov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6066/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmi. və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr tərəfindən hazırkı iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2011-ci il tarixli qətnaməsində ipoteka predmetinin iddiaçı ilə yanaşı, X1, X5, X2 və X4 birgə mülkiyyətində olduğu müəyyən edilmişdir. Lakin nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi bununla bağlı işdə iştirak edən şəxslərlə heç bir müzakirə aparmamış, iddiaçı ilə yanaşı, digər şəxslərin də birgə mülkiyyətində olan daşınmaz əmlakın yüklülükdən azad edilməsi barədə tələbə bütün mülkiyyətçiləri işə cəlb etmədən baxmışdır. Bununla yanaşı, məhkəmələr iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsinə hüquqi qiymət verməmişdir. Hazırkı iş üzrə iddiaçının iddiaçılardan biri, cavabdehin isə üçüncü şəxs qismində iştirak etdiyi həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmetinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir. Qətnamə ilə digər hallarla yanaşı, həmçinin müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən 3 dəfə hərrac keçirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin əsassız hesab edilərək, rədd edilməsini xahiş etmişdir.

Proses iştirakçılarının izahatı

20. Kollegiya tərəfindən X3, X12, X7 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda üçüncü şəxs N.Əkbərovanın nümayəndəsi) və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

22. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

23. Üçüncü şəxslər T.Süleymanova və R.Rüstəmov apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

«İpoteka haqqında» Qanun (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)

25. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

27. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

28. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

29. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ... “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

41. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4614/2011 nömrəli 16 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh “Kərimli” KFT-dən 100000 ABŞ dolları kredit borcunun və 33400 ABŞ dolları faiz borcunun Bankın xeyrinə tutulması, tutmanın xx.xx.2008-ci il tarixli, 178/İ saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsi, tutma yönəldilmiş yaşayış evinin hərracda ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satıldığı gündən sonra bir ay müddətində X3, İddiaçı, X12, X7, X9 tərəfindən boşaldılması qət edilmişdir.

42. Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 yanvar 2013-cü il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən ipoteka predmeti Bank tərəfindən əldə edilmişdir.

43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3409/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı, X1, X2, X5 və X4 cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər icra şöbəsinə qarşı (Bank iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) iddiaları qismən təmin edilmiş, ipoteka predmetinə dair "xxxx" MMC-nin tərtib etdiyi açıq hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və həmin protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hərracın keçirilməsinə əsas olmuş qətnamə qanuni qüvvəyə minmədiyi halda hərrac keçirilmiş, hərrac barədə ipoteka qoyanlara məlumat verilməmişdir. Qətnamə ilə, həmçinin müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən 3 dəfə hərrac keçirilmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

44. Göründüyü kimi qüvvədə olan qətnaməyə əsasən Bankın ipoteka predmetini əldə etdiyi hərracın yekunları barədə 07/01 saylı, 29 yanvar 2013-cü il tarixli protokol və protokolun doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir. Hərracın 3 dəfə keçirildiyi müəyyən edilmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.

47. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.

48. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.

49. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.

50. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.

51. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər.

52. Göründüyü kimi, baş tutmayan ikinci hərracdan sonra ipoteka saxlayan 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanından istifadə etməməklə, həmin imkanı itirmişdir və bir daha ipoteka predmetinin hərracdan satılması baş verə bilşməz.

53. Kollegiya qeyd edir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir.

54. Beləliklə, cavabdeh bank təkrar hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoleka predmetini əldə etmədiyinə görə, qanunun imperativ göstərişənə əsasən iddiaçılara məxsus 3054 saylı bağ evinin ipotekasına xitam verilmişdir.

55. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddia tələbi haqlı olduğundan, məhkəmənin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə ipoteka predmeti olan əmlakın ipotekasına xitam verildiyi üçün girovluqdan azad edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(006)-476/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. “Kərimli” KFT ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 17 noyabr 2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Saray bağlar massivində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı, 173,34 kv.metr yaşayış, 132 kv.metr köməkçi sahədən ibarət 3054 saylı bağ evi ipoteka yüklülüyündən (girovluqdan) azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar