Məhkəmə qərarları › İş №2(103)-3834/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3834/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3834/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5077/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ailəsinə vurulmuş 98.000 (doxsan səkkiz min) manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 il ərzində özəlləşdirmə çeklərinin qanunla istənilən müəssisəyə qoyub müəssisə gəlirindən pay sahibi olmaq hüququ Dövlət Neft Şirkəti tərəfindən pozulmuşdur. Özəlləşdirmə çeklərini Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən birinə qoymaq üçün vaxtında Dövlət Neft Şirkətinin Prezidentinə, Prezident Aparatına və Nazirlər Kabinetinə etmiş olduğu çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Müraciət etdiyi dövlət orqanlarının hər birində bir neçə dövlət məmurunun hər birinə 300 dəfədən artıq müraciəti nəticəsində 1500-dən çox ərizənin kompüterdə yazdırılması üçün, azı 5-6 min arayışların kserokopiyalarının çıxarılması üçün maddi ziyan çəkmiş, ərizələrin paylanılması üçün nəqliyyat xərcləri ödəmiş, 300 gün vaxt itkisinə məruz qalmış, həm də mənəvi ziyan vurulmuşdur. Bütün maddi, mənəvi, izafi çəkmiş olduğu ziyanlara görə 20.000 manat kompensasiya tələb etməyə haqqı vardır. 4 nəfər ailə üzvlərinin özəlləşdirmə çeklərinə görə hər bir çekdə 4 özəlləşdirmə payı və hər paya görə illik 300 manat, toplam 48.000 manat divident gəlirdən məhrum olunmuş, həm bu məbləğ, həm də bundan sonrakı müddət üçün də bu dividentdən məhrum olduğuna görə özəlləşdirmə çeklərinin dəyərinin yarısı qədər - 30.000 manat, toplam 78.000 manat kompensasiya ödənilməlidir. 30 il ərzində etmiş olduğu çoxsaylı müraciətlərdən ancaq birinə 2018-ci ildə Dövlət Neft Şirkəti tərəfindən cavab verilmişdir. Həmin cavabda göstərilir ki, Dövlət Neft Şirkətinin tabeliyində olan və özəlləşdirilməyə çıxarılan müəssisələrin siyahısı Dövlət Əmlak Komitəsinə verilmişdir, ora müraciət etməsi məsləhət görülmüşdür. Yeganə gecikdirilmiş cavab özəlləşdirmə çeklərindən istifadə müddəti bitdikdən sonra verilmişdir. Dövlət Əmlak Komitəsi müəssisələrin özəlləşdirilməsini həyata keçirir, özəlləşdirmə çeklərini qəbul etmir, özəlləşdirmə çekləri ancaq müəssisələrə qoyula bilər. Hüquqlarının pozulması nəticəsində toplam 98.000 manat iddiaçıyamaddi ziyan vurulmuşdur. Vurulmuş bu ziyanın məbləği Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən, cavabdeh Dövlət Neft Şirkəti tərəfindən ödənilməlidir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 5077/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. Qətnamədən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edilərkən işin mahiyyəti ilə əlaqəsi olmayan sənədlərə istinad etmişdir ki, Qətnamədə də öz əksini tapmışdır. “Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan RespublikasıQaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 01/1113 №-li məktubdan görünür ki, İddiaçı Azərbaycan RespublikasıNazirlər KabinetindənQaçqınların və X1 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır. Bildirilir ki, Ermənistandan olan qaçqınların daimi məskunlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanının icrası başa çatdığından sizin məcburi köçkün ailələri üçün inşa olunmuş qəsəbələrdə mənzillə təmin olunmağınız imkan xaricindədir.” Belə çıxır ki, işə baxılarkən istinad edilən və əsaslandırılan qanun və digər hüquqi aktların mənasının işin mahiyyətinə aidiyyatının olub-olmamasının Məhkəmə üşün əhəmiyyəti olmamışdır. Bu isə, Birinci İnstansiya Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmasını şübhə altında qoyur. Onun müraciəti vurulmuş maddi ziyanın ödənilməsi olduğu halda, hansı mənzil tələbinin izahı ilə bağlı məktubun cavablandırılmasına istinad edilməsi ziddiyyətli məqam olaraq qalmışdır. İddia tələbini əsaslandırdığı hissədə baxılmadan, düzgün araşdırılma aparılmadan təmin edilməmiş, nəticədə rədd edilmişdir Apellyasiya baxışı zamanı iddiaçı şikayətin məzmununa uyğun izahat verərək, bildirdi ki, ona ziyan dəymişdir, cavabdeh isə ziyanı ödənilməsindən imtina etmişdir. İddiaçının qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 01/1113 №-li məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetindən Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə aidiyyəti üzrə Komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır. Bildirilir ki, Ermənistandan olan qaçqınların daimi məskunlaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanının icrası başa çatdığından sizin məcburi köçkün ailələri üçün inşa olunmuş qəsəbələrdə mənzillə təmin olunmağınız imkan xaricindədir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətə baxılmasının nəticəsi haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Yanacaqenergetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" 22 mart 2001-ci il tarixli 651 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həmin Sərəncamın əlavəsində göstərilən müəssisə və təşkilatların qanunvericiliklə müəyyən edilmiş qaydada səhmdar cəmiyyətlərinə çevrilməsinin və özəlləşdirilməsinin təmin edilməsi tapşırılmışdır. Odur ki, qeyd olunan məsələ ilə bağlı dövlət əmlakının özəlləşdirilməsi sahəsində dövlət siyasətini həyata keçirən dövlət qurumuna müraciət etməyi tövsiyə olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-673/2021 nömrəli 19 mart 2021-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin rədd edilməsi olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dizpozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dizpozisiya şərtlərinin mövcudluğu halda irəli sürülən tələb təmin olunmalıdır. Həmiçinin sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar qanunla maddi ziyan vurulmasının əsası kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçıya maddi ziyanın məhz cavabdehin hərəkətləti nəticəsində yaranmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 5077/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar