Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3834/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin (X7 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit borcunun tutulması, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin (X7 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2(006)-537/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən X2 adına verilmiş 17 avqust 2022-ci il tarixli, 7E-7685 reyestr nömrəli etibarnamədən görünür ki, 12 iyul 2026-cı il tarixədək “Chevrolet Aveo minik” markalı, 77EU519 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ ona etibar edilmişdir.
2. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2023-cü il tarixli, 2023/00263-01AK nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı avtomobil alışı üçün cavabdehə illik 30 % olmaqla, 36 ay müddətinə 8000 manat məbləğində kredit verməyi, cavabdeh isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İpoteka predmeti olan nəqliyyat vasitəsinin dəyərinin 20000 manat olması barədə tərəflər razılığa gəlmişlər.
3. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2023-cü il tarixli, 2023/00263-01AK nömrəli ipoteka müqaviləsindən görünür ki, bu müqavilə cavabdehin iddiaçı qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədi ilə bağlanılmışdır. Cavabdeh iddiaçıya 2015-ci il buraxılışlı, “Chevrolet Aveo minik” markalı nişanlı nəqliyyat vasitəsini ipoteka qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılaşmasına əsasən 20000 manat məbləğində müəyyən olunmuşdur.
4. Nəqliyyat vasitəsinin BB450528 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, 2015-ci il buraxılışlı, “Chevrolet Aveo minik” markalı, 77EU519 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 11 avqust 2023-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.
5. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 150778 nömrəli, 11 avqust 2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdehin “Chevrolet Aveo” markalı, 77EU519 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının ipoteka hüququ qeydiyyata alınmışdır. İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti 10 avqust 2026-cı ilədəkdir.
6. 11 avqust 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 10 avqust 2023-cü il tarixli, 2023/00263-01AK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 8000 manat məbləğində pul verilmişdir.
7. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış 27 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 5 gün müddətində borcun ödənilməsi, həmin müddətdə borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və s. tələblərlə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı BOKT ASC tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin mülkiyyətində olan, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.
9. İddiaçı BOKT ASC tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixinə hesabdan çıxarışdan görünür ki, cavabdeh 09 oktyabr 2023-cü il tarixdə 380 manat məbləğində ödəniş etmişdir.
10. İddiaçı BOKT ASC tərəfindən verilmiş borc haqqında 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 7860 manat əsas, 2262,21 manat faiz, 2560 manat dəbbə olmaqla, cəmi 12682,21 manat məbləğində borcu vardır
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 7860 manat məbləğində qalıq, ona hesablanmış 2262,21 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2560 manat məbləğində dəbbə pulu, cəmi 12682,21 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan marka/model: Chevrolet Aveo, tip: sedan, buraxılış ili: 2015, ban: № KL1TA69FJFB163118, rəngi: açıq qırmızı, mühərrik həcmi 1400 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 7860 manat məbləğində qalıq, ona hesablanmış 2262,21 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2560 manat məbləğində dəbbə pulu, cəmi 12682,21 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 129 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.
13. Cavabdeh Quliyeva (Həsənova) Türkan Fəxrəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin olunmasının əleyhinə olduğunu, istəmədiyini bildirmişdir.
14. Cavabdehin dəlillərinə əsasən, keçmiş həyat yoldaşı X7 və maşını satdıqlarını (etibarnamə əsasında istifadəsinə verdiyini) bildirdiyi X5 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsələr də, Quliyev Nəzər heç bir məhkəmə iclasında iştirak etməmiş, Tərlanzadə Tərxan isə ailə mübahisələrinə görə maşını cavabdehə geri qaytardığını bildirmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 9/10108 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 avqust 2023-cü il tarixli, 2023/00263-01AK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 02 iyul 2024-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı BOKT ASC-yə olan borcu 9735,98 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 7860 manat, - faiz borcu üzrə 1875,98 manat.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli e-2(006)- 537/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh 7860 manat məbləğində əsas borc, 1875,98 manat məbləğində faiz borcu, 393 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10128,98 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus “Chevrolet Aveo” minik markalı, 77EU519 dövlət qeydiyyat nişanlı (BAN: KL1TA69FJFB163118) nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracda satılaraq həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7860 manat məbləğində əsas borc, 1875,98 manat məbləğində faiz borcu, 393 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10128,98 manat məbləğində pul vəsaitinin iddiaçyıa ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsinin Cavabdeh verilməsi qət edilmişdir.
17. Qətnamənin əsaslarına görə tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh öz öhdəliyini tam və vaxtında icra etməmişdir. İddiaçı pretenziya qaydasında cavabdehə müraciət edərək, 5 gün müddətində borcun ödənilməsini tələb etsə də, cavabdehin borcunu ödəməməsi mülki qanunvericiliyin tələbləri baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin müvafiq reyestrdə qeydə alınmasından sonra hazırkı tələblə məhkəməyə müraciət etməyə hüququnun olması qənaətinə gəlir. İddia tələbinin “əsas və faiz borcunun ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı borc haqqında arayışın verildiyi xx.xx.2024-cü il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə 7860 manat əsas, 2262,21 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyada müəyyən edilmiş xəbərdarlıq müddətinin sonuna, yəni xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 7860 manat əsas, 1875,98 manat faiz borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilir və məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçı tərəfindən müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023- cü il tarixli Qərarına görə, iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 7860 manat məbləğində əsas borc, 1875,98 manat məbləğində faiz borcu alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.6-cı bəndində əsas və faiz borcu üzrə ödəmələr gecikdirildiyi təqdirdə, dəbbə pulunun hesablanması (ödənilməsi) nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etmək hüququ vardır. Lakin məhkəmə hazırda tələb edilən dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək qiymətləndirərək, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini də nəzərə alaraq hesab edir ki, 2560 manat məbləğində dəbbə pulu 393 manatadək azaldılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tələb bu hissədə də qismən təmin edilməli, cavabdehdən 393 manat məbləğində dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin “tutmanın cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinin 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal baş vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tutma ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilməli, cavabdehə məxsus nəqliyyat vasitəsi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7860 manat məbləğində əsas borc, 1875,98 manat məbləğində faiz borcu, 393 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 10128,98 manat məbləğində pul iddiaçıya ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda, pulun qalan hissəsi Cavabdeh verilməlidir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, kredit müqaviləsinin tərəfi məhz özü olduğundan, krediti götürüb keçmiş həyat yoldaşına verməsi faktı sübut olunsa da belə, bu hal iddia tələbinin təmin edilməməsi üçün əsas təşkil etmir. Çünki iddiaçı kredit məbləğini cavabdehə verib, buna görə də müqavilə üzrə yaranmış borcun ödənilməsi, habelə borcun ipoteka predmetinə yönəldilməsi tələbini məhz cavabdehə yönəltməkdə haqlıdır. Cavabdehin bu dəlili isə onunla üçüncü şəxs Quliyev Nəzər arasında birgə nikah dövründə əldə edilmiş borca payın müəyyən edilməsi ilə bağlı ailə qanunvericiliyindən irəli gələn hüquq verir. Cavabdeh həm də ipoteka predmeti olan nəqliyyat vasitəsini başqasına satdığını iddia etsə də, iş materiallarından müəyyən edilir ki, cavabdeh digər üçüncü şəxs Tərlanzadə Tərxana nəqliyyat vasitəsindən istifadə etmək hüququ verən etibarnamə vermişdir. Tərlanzadə Tərxanın izahatından isə müəyyən edilir ki, ailə mübahisəsinə görə o, nəqliyyat vasitəsindən istifadə edə bilməyib cavabdehə geri qaytarmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin dəlilləri formal şifahi mülahizədən ibarət olmaqla, hazırkı iddianın təmin edilməməsi qənaətinə gəlmək üçün heç bir əsas vermir. İpoteka predmeti olan nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, tərəflərin belə bir tələbləri olmadığından, hətta cavabdehin bunun əleyhinə olması barədə ərizəsi olduğundan, bu məsələnin məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə heç bir zərurət yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi mülki qanunvericilikdə yüksək təhlükə mənbəyi kimi qiymətləndirilir. Deməli, gələcəkdə həmin nəqliyyat vasitəsi hər hansı yol-nəqliyyat hadisəsində zərər görərsə, onun dəyərinin azalması istisna edilmir. Belə olan halda nəqliyyat vasitəsinin ilkin satış qiymətinin hazırkı qətnamə ilə müəyyən edilməsi tərəflərin hüquqlarının pozulmasına, qətnamənin tələbin ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı hissəsində icrasız qalmasına gətirib çıxaracaq, bununla da mülki qanunvericilikdə əsas öhdəliyin icrasının təminat üsulu kimi anlayış verilmiş ipoteka institutunun hazırkı iş üzrə əhəmiyyəti itəcək. Buna görə də məhkəmə hesab edir ki, qətnamənin icrası mərhələsində nəqliyyat vasitəsinin məhz həmin vaxta olan vəziyyətinə müvafiq qiymətləndirmənin keçirilməsi prosessual qənaət prinsipinə riayət edilməsi ilə nəticələnəcəkdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 270.1, 274, 317, 385.1, 386.1, 421, 425.1, 427.3, 442, 460.1, 462.1, 465.2, 467, 739.1, 739.2, 740.1-740.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada) 1.0.1, 3.1, 4.1, 6.1, 11.1-11.2, 34.1, 36.1, 47.4, 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 №-li qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qətnamədən apellyasiya şikayəti verərək qismən ləğv edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin “Cavabdeh mülkiyyətində olan marka/model: “Chevrolet Aveo”, tip: SEDAN, buraxılış ili: 2015, ban: № KL1TA69FJFB163118, rəngi: açıq qırmızı, mühərrik həcmi 1400 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması” hissəsində rədd olunmasını xahiş etmişdir.
20. Şikayətin dəlillərinə görə, X7 xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. X7 nikahın pozulmasına dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflər xx.xx.2023-cü il tarixdə mediasiya prosesində iştirak etmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Bu da onu göstərir ki, tərəflər arasında mübahisə olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2413/2023 nömrəli qətnaməsi ilə X7 ilə Quliyeva (İsrafilova) Türkan Fəxrəddin qızı arasında qeydə alınmış nikahın pozulmuşdur. Bununla da aydın olur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixinə qədər olan müddət ərzində mübahisə olmuşdur və faktiki olaraq evli olmuşlar. Eyni zamanda X1 müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsini və həmin əmlak üzərində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nəticədə Nəsimi Rayon Məhkəməsinin e-16(006)-335/2023 nömrəli qərardadı ilə Cavabdeh mülkiyyətində olan həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Göründüyü kimi nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Hansı ki, bu da o nəticəyə gəlməyə imkan verir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi Cavabdeh tərəfindən özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddədə isə deyilir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Cavabdeh nəqliyyat vasitəsinin üzərində tam səlahiyyəti olmadan sərəncam verməsi və ipoteka predmeti kimi yüklü etməsi faktı danılmazdır. Bu əməl qanunsuzdur və iddiaçı X6 hüquq və mənafelərinə ziddir. Çünki adı çəkilən nəqliyyat vasitəsi tərəflərin paylı mülkiyyətindədir və həmin əmlakın istifadəsi və sərəncam verilməsi ilə bağlımülki qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Nəzərə alsaq ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi xx.xx.2023-cü il tariхində bağlanmışdır, qanuni nikahın pozulması üçün proseslərin getdiyi zaman aralığında sonuncu tərəfindən nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Avtomobilin bölgüsü ilə bağlı mübahisə aparılan müddətdə cavabdeh tərəfindən belə əməlin törədilməsində əsas məqsəd paylı mülkiyyətdə olan əmlakın X7 ilə arasında bölüçdürülməsinin qarşısını almaq məqsədi güdmüşdür. X6 razılığı alınmadan onun pay hüququnun olduğu əmlaka griov qoyulması barədə bağlanmış müqavilə etibarsızdır. Məhkəmə o halı araşdırmamışdır ki, tərəflərin arasında olan nikah münasibətlərinə faktiki xitam verildikdən, tərəflərin nikahın pozulması və əmlak bölgüsü ilə münasibətləri pozulan ərəfədə Türkan avtomobili Nəzərin xəbəri olmadan girov qoymuşdur. Ona görə də bu əqd əhəmiyyətsizdir. Məhkəmə müəyyən edir ki, bu borc birgə nikah dövründə əldə edilmiş borcdur. Halbuki, əmlak girov qoyulan zaman tərəflərin münasibətləri kəskinləşmiş və mediasiya prosesi keçirilmiş, tərəflər razılığa gələ bilməmişdir. Bu hal ona dəlalət edir ki, Nəzər heç vaxt Türkana avtomobili girov qoyub kredit götürmək üçün razı olmazdı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 274. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada). Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada). Maddə 740.1-740.2. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada).
25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdə qüvvədə olan redaksiyada): Maddə 1.0.1. İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: - əsas borc; faizlər; - öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 11.1-11.2. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 №-li qərarı: 6.37-6.39-cu bəndlər. Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. Bu baxımdan oxşar mübahisələr üzrə ərarvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin qismən - “tələbin Cavabdeh mülkiyyətində olan marka/model: “Chevrolet Aveo”, tip: SEDAN, buraxılış ili: 2015, ban: № KL1TA69FJFB163118, rəngi: açıq qırmızı, mühərrik həcmi 1400 sm3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması” hissəsində mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
30. Apellyasiya şikayətində qətnamənin qismən ləğv olunmasından əvvəl İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi irəli sürülür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işdə iştirak edən şəxslər tərəfindən belə bir tələb irəli sürülməmiş və məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, X6 irəli sürdüyü arqumentlər baxımından həmin müqavilənin etibarsızlığı əhəmiyyətsiz deyil, mübahisləndirilən əqdlər kateqoriyasına aiddir, yəni, maraqlı şəxs tərəfindən mübahisələndirilməlidir.
31. Qətnamənin mübahisələndirilən hissəsi isə “tələbin Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması” hissəsidir. Bu hissədə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirməyə zərurət görmür.
32. Apellyasiya şikayətində mübahisə predmeti olan əmlakın paylı mülkiyyətdə olduğu qeyd olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlak üzərində paylar müəyyənləşdirilmədiyindən paylı deyil, birgə mülkiyyətdir, əmlak üzərində Cavabdeh mülkiyyət hüququ qeydə alındığından həmin əmlakın üzərində onun tərəfindən sərəncam verilərək ipoteka ilə yüklü edilmişdir.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2(006)- 537/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2(006)- 537/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.