Məhkəmə qərarları › İş №2(103)-3837/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3837/2020

24.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3837/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2767,70 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 2797,70 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh qaz sərfiyyatına görə 583,2 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 613,2 manatın İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması, Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 102 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin təmin edilməyən hissəsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2767,70 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, evində qaz cihazlarından 01 ədəd PQ-4 həcmli su qızdırıcı və radiator olan cavabdeh iddiaçıya məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar əlavə qoşulmuşdur. Qaz təsərrüfatında PQ-4 həcmli su qızdırıcısı anlayışı və elə bir cihaz yoxdur. Məhkəmə apardığı hesablamalar nəticəsində PQ-4 və dəmir sobanı (radiator) nəzərə alsa da QSSQ-ni, yəni (qeyri-standart su qızdırıcısı) nəzərə almamışdır. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 28862 saylı rəyindən görünür ki, Cavabdeh abonent olduğu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsi 21A-da yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halı müəyyən edilmişdir və hal-hazırda da qeyri-qanuni qoşulmadan istifadə edir. Fərdi yaşayış evinə Birliyin əməkdaşları tərəfindən mütəmadi olaraq baxış keçirilərək, foto şəkillər çəkilərək aktlaşdırılmışdır. Ekspertiza isə xx.xx.2019-cu il tarixdə keçirilmişdir. İddia ərizəsinə əlavə edilən foto şəkillərlə ekspert tərəfindən çəkilən foto şəkillər bir-birinə uyğun gəlir. Cavabdeh axırıncı dəfə 2013-cü ilin sentyabr ayında qazdan istifadəyə görə 5 manat ödəniş etmişdir və ondan sonra heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4pelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, aktlardan əlavə istifadə etdiyi sərfiyyat da var. Ekspert rəyinə əsasən müdaxilə olub. 2540 manatı aktlara əsasən tələb edirlər. 227 manat qalıq borcu var. Sayğaca əsasən hesablanıb. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apelyasiya şikayətində iddia tələbinin təmin edilməyən hissəsində də iddia tələbinin təmin edilməsini xahiş etsə də mübahisənin predmeti bölünməz olduğundan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli T/17446 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən cavabdehin qanunsuz qazdan istifadə etməsinə görə müxtəlif tarixlərdə aktlar tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 435 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 268,8 manat, xx.xx.2018-ci il tarixli 58/0956 saylı akta əsasən 215 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 174,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat dəymiş ziyan hesablanmışdır. İddiaçının tələb etdiyi məbləğin 2540,20 manatı aktlar əsasında hesablanmış dəymiş ziyan məbləği, 227,1 manatı isə təbii qazdan istifadəyə görə yaranmış borc məbləğidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, araşdırma zamanı cavabdehin təbii qazdan qanunsuz qoşulma nəticəsində istifadəsi müəyyən olunsa da, iddiaçının tərtib etdiyi aktlar əsasında apardığı hesablamalara əsasən cavabdehin bir ədəd PQ-4 həcmli su qızdırıcısı və radiator olan qaz avadanlığı ilə xx.xx.2018-ci il il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində 2767,70 manat dəyərində qazdan istifadə etməsi inandırıcı deyildir. Bunu iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan da aydın müəyyən etmək mümkündür. Belə ki, iddia ərizəsində qaz sərfiyyatına görə iddiaçı 2540,60 manat hesabladığı halda, təqdim etdiyi saldoda borcun 1932,5 manat olması qeyd olunmuş, iddia tələbi isə 2767,70 manat təşkil edir. Məhkəmə iddiaçının tərtib etdiyi aktları və həmin aktlar əsasında qəbul etdiyi qərarlar üzrə apardığı hesablamaları tədqiq edib belə qənaətə gəlir ki, cavabdehin yaşayış evində, istifadəsində olan qaz cihazları ilə bir ay ərzində qaz sərfiyyatına görə 324 m3qazdan istifadə edə bilməsi ağlabatan olduğundan 19 ay qanunsuz qoşulmaya görə cavabdehdən iddiaçının xeyrinə vurulmuş ziyana görə (324 m3 x 0,10 manat = 32,4 manat; 32,4 x 18 ay = 583,2) 583,2 manat tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 28862 saylı rəyində qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən, Yeni yol küçəsi 21A saylı fərdi yaşayış evində İddiaçı İstehsalat Birliyinə məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halı müəyyən edilmişdir. Mülki iş materiallarında olan aktlara əsasən fərdi yaşayış evində sayğacdan kənar qaz xətinə qoşulu olmuş qaz işlədicilərin PQ-4, həcmli su qızdırıcısı və radiator sobasının olduğu müəyyən edilir. Həmin qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi uyğun olaraq 1,2 m3/saat, 1,5 m3/saat və 0,8 m3/saat təşkil edir. Qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) barədə rəsmi məlumatlar Mərkəzə təqdim olunmadığına görə, İddiaçı İstehsalat Birliyinə dəymiş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ekspert rəyi ilə dəymiş ziyan hesablanmamışdır. Lakin ekspert rəyi ilə cavabdehin istifadə etdiyi avadanlıqların saatlıq qaz sərfiyyatı aktlara əsasən həmin avadanlıqlar üçün hesablanmış qaz sərfiyyatı ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi hansı əsasla aylıq sərfiyyatın 324 m3 götürülməli olmasını əsaslandırmamışdır. Belə ki, cavabdehə 18 dəfə akt tərtib edilmiş və hər dəfə də SOCAR-ın kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 3.3-cü bəndinə əsasən də istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarla təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimləndiyi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən aktların əsassız olaraq tərtib edilməsi ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyil. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində 19 akt üzrə cavabdehə borc hesablandığını qeyd etsə də iş materiallarında yalnız 18 akt mövcuddur. xx.xx.2019-cu il tarixli ******* saylı akt iddiaçı tərəfindən təqdim edilməmişdir. 18 akt üzrə hesablanmış borc məbləği isə 2508,2 manat təşkil edir. İddiaçı əlavə olaraq 227,1 manat sərfiyyata görə borc məbləğinin də tutulmasını tələb edir ki, abonent saldosundan görünür ki, həmin borc məbləği 2017-ci ilin noyabr ayına aiddir və həmin ayda da cavabdeh tərəfindən ödənilmiş və bu ödəniş abonentin saldosunda öz əksini tapmışdır. Məhkəmə kollegiyası tərəflər arasında imzalanmış müqavilənin 2.3.4, 3.3-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə və Mülki Məcəllənin 21.1-ci maddəsinə istinad edərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunmuş təbii qaza görə 2508,2 manat iddiaçıya ödənilməlidir. İddia tələbi xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 32.40 manatın və təbii qazdan istifadəyə görə yaranmış 227,1 manat borcun tutulması hissəsində təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-534/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 534/2020 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 2508,20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 102 manat Cavabdeh tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar