Məhkəmə qərarları › İş №2(103)-3838/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3838/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3838/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2286/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Haqverdiyev Fəxrəddin Vəli oğlunun mirasını qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 762,73 manat əsas borcun, vəfat etdiyi tarixə hesablanmış 4,16 manat faiz borcu olmaqla, cəmi 766,89 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Haqverdiyev Fəxrəddin Vəli oğlu arasında xx.xx.2020-ci il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Haqverdiyev Fəxrəddin Vəli oğluna illik 20 %-lə, 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 166483 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, Haqverdiyev Fəxrəddin Vəli oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2361 nömrəli məktubdan görünür ki, Cavabdeh 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Haqverdiyev Fəxrəddin Vəli oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 762,73 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 4,16 manat faiz borcu olmaqla, cəmi 766,89 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum Haqverdiyev Fəxrəddin Vəli oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-31158/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2286/2024 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin olunmuş, Cavabdeh 293,79 (iki yüz doxsan üç manat 79 qəpik) manat məbləğində əsas borcun, ödənilmiş dövlət rüsumunun 11 manat və bank xidmət haqqının 0,15 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində əsassız olmasını, Cavabdeh miras əmlakı, yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul etdiyindən, miras passivlərini (əmlak vəzifələrini) də tam həcmdə qəbul etməsi, nəticədə iddia ərizəsində göstərilən borc tələbinin cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən iddianın təmin olunmayan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********66 nömrəli kredit müqaviləsindən görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu "xxxx" ASC-dən illik 20 faizlə 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. İşdə olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 50,9 manat olmaqla, xx.xx.2022-ci il tarixədək qaytarılması razılaşdırılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, kredit məbləği Haqverdiyev Fəxrəddin Vəli oğlu tərəfindən bankın kassasından qəbul edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka 762,73 manat əsas borcu və vəfat etdiyi tarixə 4,16 manat faiz borcu yaranmışdır. İşdə olan AZ-İİ seriyalı 166483 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu 21 fevral 2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 26 günündə 197 № ilə qeyd edilmişdir. İşdə olan 2V-208 reyestr nömrəli, 09 aprel 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Haqverdiyev Fəxrəddin Vəli oğlunun vərəsəsi: - bacısı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sabunçu filialının xx.xx.2021-ci il tarixli 223 nömrəli məktuba əsasən 293,79 (iki yüz doxsan üç manat 79 qəpik) manat vəsaitdən ibarətdir. İşdə olan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, Cavabdeh isə Haqverdiyev Fəxrəddin Vəli oğlunun qanuni vərəsəsi olduğundan ondan miras qalan 293,79 manat vəsaiti qəbul etmişdir. Belə olan halda, yəni cavabdeh iddiaçı qarşısında ona miras qalmış pay həcmində məsuliyyət daşıdığından, iddia qismən təmin edilməli, 293,79 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, Haqverdiyev Fəxrəddin Vəli oğlu ilə iddiaçı bank arasında xx.xx.2020-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncu illik 20 faizlə 24 ay müddətinə 1000 manat məbləğində kredit vermişdir. Haqverdiyev Fəxrəddin Vəli oğlu 21 fevral 2021-ci il tarixdə vəfat etmiş, mərhumun bacısı Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sabunçu filialının xx.xx.2021-ci il tarixli 223 nömrəli məktuba əsasən 293,79 manat vəsaitdən ibarətdir. Qeyd edilməlidir ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında da oxşar hüquqi mövqe ifadə olunaraq göstərilmişdir ki, “vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.” Qanunvericiliyin qeyd olunan normalarından, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə mirası qəbul etmiş vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın miras aktivlərini qəbul etdiyi kimi, miras passivini (mərhumun şəxsi xarakterli olmayan öhdəliklərini) də qəbul etmiş olur. Lakin, ölmüş şəxsin öhdəlikləri vərəsəyə onun qəbul etdiyi miras əmlakın dəyəri həcmində, yəni ona çatan miras payı həcmində keçmiş olur. Yəni, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payın həcmindən kənar kreditorlar qarşısında məsuliyyət daşımırlar. İşdə olan 2V-208 reyestr nömrəli, 09 aprel 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sabunçu filialının xx.xx.2021-ci il tarixli 223 nömrəli məktuba əsasən cəmi 293,79 manat vəsaitdən ibarətdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh miras qoyanın kreditoru qarşısında yalnız miras payı həcmində, yəni 293,79 manat məbləğində məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi də yuxarıda sadalanan normalara istinad etməklə, iddia tələbini miras payı həcmində təmin etməkdə tam haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə hər hansı hüquq normasına əsaslanmamaqla, məhkəmənin istinad etdiyi hüquq normalarına, eləcə də Konstitusiya Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə ziddir. Beləliklə, iddiaçı apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır (766,89 manat – 293,79 manat = 473,1 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-2286/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2286/2024 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar