Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3839/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:aliment məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(002)-954/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı 10 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından 24 dekabr 2008-ci il təvəllüdlü X5 və 09 sentyabr 2012-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir.
2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 3132/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixdə Təzəkənd İ.Ə.V-üzrə nümayəndəliyində 01saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 24 dekabr 2008-ci il təvəllüdlü X5 və 09 sentyabr 2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanmış, Cavabdeh 24 dekabr 2008-ci il təvəllüdlü X5 və 09 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün yaşayış minimumuna əsasən 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 3132/2022 saylı qətnaməsi ilə yaşayış minimumuna əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehin əmək haqqına yönəldilərək tərəflərin birgə nikahından anadan olmuş 24 dekabr 2008-ci il təvəllüdlü X5 və 09 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq gəlirlərinin və digər qazancının 1/3 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(002)- 954/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 24 dekabr 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-3132/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 24 dekabr 2008-ci il təvəllüdlü X2 və 09 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay cavabdehin qazancın (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi məbləğində alimentin tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. .
6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun maraqlarını nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Belə ki, övladılarından Aslan bir neçə aydır onun yanındadır və yaşayış yeri kimi onun yanını seçmiş, onunla qalıb yaşamaq istəyir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət vermişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, işüzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün saydı.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır.
11. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.
12. Maddə 76.2. Aliementin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 21.Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən veridiyi apellyasiya şikayətinin dəlilinin biri birgə nikah larından doğulmuş uşaqlardan birinin artıq bir neçə aydır onun yanında qalmasıdır. Bu səbənbdən də qətnamənin ləğv edilməli olmasını qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə uşaqların hər ikisi ananın yanında saxlanılmlışdır. Hazırki halda alimentin miqdarının dəyişdirilməsi zamanı da məhkəmə bu halı nəzərə almaqla alimentin miqdarını haqlı olaraq dəyişmişdir. Cavabdehin qeyd etdiyi hal qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bununla bağlı məsələ qətnamənin icrası qaydasında həllini tapa bilər. Bu barədə icra orqanına müraciət etmək və eyni zamanda cavabdehin uşağın rəsmi qaydada onun himayəsinə verilməsini tələb etmək hüququ vardır. Belə olan halda mübahisələndirilən məsələnin həlli mümkündür. Bundan başqa onun şikayətinin təmin edilməməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə tərəfindən ona sms bildiriş, o cümlədən mövcud olan ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, sonuncu tərəfindən də bildiriş qəbul edilmişdir.Belə olan halda məhkəmədə iştirak etməməsi məhkəmənin məlumat verməməsi səbəbindən olmamışdır.
22. Göstərilən xüsusatlar ümumilikdə nəzərə alınmaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(002)-954/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(002)- 954/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.