Məhkəmə qərarları › İş №2(103)-3839/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3839/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3839/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2743/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) münasibətlərindən xx.xx.2011-ci il taixdə X13 və xx.xx.2013-cü il tarixdə X10 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3631/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği artırılmış və adı çəkilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Cavabdeh satıcı vəzifəsində çalışır, onun rəsmi aylıq əmək haqqı 345 manat təşkil edir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etmiş və bununla bağlı 60 manat məbləğində mediasiya haqqı ödəmişdir. Eyni zamanda, “AZKON X12” MMC ilə aralarında bağlanmış “Hüquqi xidmətlərin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı ona hüquqi xidmətlərin göstərilməsi üçün 150 manat məbləğində pul ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9993/2019 nömrəli qətnaməsi ilə hər uşağa görə təyin edilmiş 160 manat alimentin artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 150 manat məbləğində xərcin, 60 manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, aylıq 160 manat məbləğ uşaqların gündəlik ehtiyaclarının ödənilməsinə kifayət etmir. Uşaqların saxlanması üçün tələb olunan xərclər əvvəlki kimi yalnız yemək xərci deyil, artıq uşaqların təhsil alması, inkişafı ilə əlaqədar digər zəruri xərclər də yaranmışdır. Özü çətinliklə yaxınlarından aldığı borc xərc hesabına çətinliklə ehtiyaclarını ödəyir. Qarşı tərəfin özünün və ailəsinin isə maddi vəziyyəti yaxşıdır. Uşaqların maddi və mənəvi ehtiyaclarının hamısını o, təkbaşına qarşılayır.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmış ki, o, iddia tələbini qəbul etmir. Çünki o, satıcı işləyir və hər ay 345 manat əmək haqqı alır və o, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində alimenti çətinliklə ödəyir. Əmək haqqının qalan 145 manat hissəsini özünə xərcləyir. Himayəsində həmçinin xəstə anası var, onun daima müalicəyə ehtiyacı var. Beləliklə də, həmin puldan xəstə anasının müalicəsinə də sərf edir. İddiaçı isə özü müəllimə işləyir və əmək haqqı alır. Həmçinin evində şəxsi kabineti var və həmin kabinetdə 4 müəllimə onun üçün işləyərək tələbələrə dərs keçir və bunun müqabilində də 2.000 manatdan yuxarı qazanc əldə edir. Bundan başqa, iddiaçı ona qarşı alimentin miqdarını artırmaqla bağlı verdiyi iddia ərizəsinə ailə və maddi vəziyyətində yaxşılığa doğru hansı dəyişikliyin olması barədə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddia ərizəsində göstərilən tələb yanlış və əsassız tələbdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2743/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan alimentin məbləğinin artırılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 60 manat mediasiya xərcinin və 100 manat hüquqi xidmət haqqının əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 38 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim X9)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 160 manat miqdarında alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9993/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqlaın saxlanılmalarının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanılmaları ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2024-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılmaları üçün xeyrinə aliment tutulan uşaqlarının normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 235 manat miqdarında aliment tutulmalıdır.

7. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh etirazında İddiaçı 2.000 manat yuxarı qazanc əldə etdiyini qeyd etmiş olsa da, bununla əlaqədar məhkəməyə sübutlar təqdim etməmişdir.

8. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd etmişdir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

9. Məhkəmə, həmçinin, hesab etmişdir ki, cavabdehdən 60 manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya, 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə mediasiya və iddia ərizələrinin hazırlanmasına dair hüquqi xidmətlər göstərilməsinə dair 150 manat məbləği məhkəmə ağlabatan hesab etməmiş, ona görə də, həmin hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun 100 manat hissəsinin tutulması qənaətinə gəlmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 107-ci, 112-ci, 119-cu, 121-ci, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna, “Dövlət rüsumu haqqında” Azərbaycan Republikası Qanununun 8.1.2-ci, 9.1.2-ci, 9.4-cü maddələrinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin faktiki hallarını araşdırmamış və qəbul etdiyi qətnamədə özünün mülahizəsi əsasında iddiaçının iddia ərizsində göstərdiklərini yazmaqla formal olaraq guya əsaslandırma aparmışdır. Bununla da işə baxan hakim iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, bir növ iş üzrə iddiaçının vəkili qismində çıxış etmişdir. Belə ki, məhkəmə tərəfindən alimentin məbləği müəyyən edildikdən sonra onun gəlirlərində hər hansı bir artım olmamış, iddia tələbinə dair verdiyi etirazda qeyd etdiyi xüsusatlar araşdırılmamış və verdiyi sübutların iş üçün əhəmiyyət kəsb edən mötəbər sübutlar olmasına baxmayaraq həmin sübutları araşdırmamaqla onlara hüquqi qiymət verməmiş, iddia ərizəsində göstərilənlər əsasında qanunsuz və əsassız qətnamə qəbul etmşdir. Belə ki, əmək haqqı arayışından da göründüyü kimi o, “Yamur Cehizlik” mağazasında işləyir və onun aylıq əmək haqqı 345 manat təşkil edir. Məhkəmə isə alimentin məbləğini artırarkən onun aylıq ümumi gəlirlərindən də çox, yəni 2 uşağa görə 470 manat aliment təyin etmiş, uşaqların saxlanılmasını birbaşa maddi hissədə onun üzərinə qoymuş, iddiaçını isə uşağın saxlanılması vəzifəsindən qanunsuz olaraq maddi hissədə azad etmişdir. Lakin məhkəmə işə baxarkən tərəflərdən hansının maddi vəziyyətində dəyişikliyin olmasını göstərməmiş, onun aylıq əmək haqqının 345 manat olmasına baxmayaraq alimentin məbləğini əmək haqqından da yüksək, yəni 470 manat müəyyən edərkən onun maddi imkanının azalması hallarını nəzərə almamış, qətnamənin əsaslandırıcı hissəsində də həmin halların nəzərə alınmamasına dair hansı əsasların olması barədə heç bir əsaslandırma etməmiş və bu barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə iddiaçının da maddi və digər diqqətəlayiq hallarını araşdırmağa borclu olduğu halda qətnaməni yalnız 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğinin olması ilə əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

26. Məhkəmə kollegiyası vurğulayır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bununla belə məhkəmə onu da qeyd edir ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.

27. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişikliyin olmadığını, məşğul olduğu əmək fəaliyyəti nəticəsində hər ay 345 manat məbləğində əmək haqqı əldə etdiyini, bu məbləğin ümumiyyətlə tələb edilən aliment məbləğindən az olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.

28. Nəzərə alınmalıdır ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2019-cu il) qəbul edilməsindən 5 ilə yaxın müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2024-cü ildə bir uşaq üçün 235 manat təşkil etmişdir. Bununla belə, artıq 2020-ci və növbəti illərin tələbləri baxımından uşaqlara ödənilən alimentin miqdarı yaşayış minimumuna uyğun olmamışdır. Belə olan halda, alimentin əvvəlki miqdarda saxlanılması uşaqları həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.

29. Hazırda cavabdehdən ödənilməsi tələb edilən aliment məbləği hər uşağa görə 235, ümumilikdə 470 manat təşkil edir. Bu məbləğ isə cavabdehin əvvəlki aliment öhdəliyindən cəmi 150 manat fərqlənir. Belə ki, aliment məbləğinin artırılması hər bir halda cavabdehin əlavə vəsait ödəməsi ilə nəticələnir və bu hal da onun maddi vəziyyətinə təsir etmiş olur. Bu halın, habelə cavabdehin rəsmi əmək haqqının əsas götürülməsi ümumiyyətlə müəyyən edilmiş hər bir alimentin miqdarının artırılmasını istisna etmiş olur. Digər tərəfdən həmin uşaqların artıq müvafiq olaraq 11 və 13 yaşları var və təbii olaraq ötən illər ərzində onların maddi tələbatları da artmaqda davam edir.

30. Bununla belə, cavabdeh özü də əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini bildirsə də, ötən 5 il ərzində aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu da cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərin formal mülahizə xarakterli olmasını təsdiq edir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız hər uşağa münasibətdə 235 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 235 manat tələb olunan və ya maksimum deyil, 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.

32. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Birinci istansiya məhkəməsi haqlı olaraq, cavabdehdən iddiaçının xeyrinı hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabt pul məbləğində aliment, eyni zamanda, mediasiya xərcini, göstərilən hüquqi xidmətə görə ödənilmiş 150 manat pulun 100 manat hissəsini iddiaçının, 38 manat dövlət rüsumunu isə dövlət büdcəsinin xeyrinə tutmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (75x2x12=1.800 manat) 1.800 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2743/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar