Məhkəmə qərarları › İş №2(103)-384/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-384/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-384/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili X6, cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X7 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yerələşən mənzilin girov yüklülüyündən azad edilməsi (və ya azad edilmiş hesab olunması), həmin evin girovdan azad edilməsi barədə məktubun (arayışın) verilməsi, həmçinin mənim həmin ev üzrə mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın əslinin cavabdeh "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********17 saylı arayışı (səh.26), Cavabdeh ASC-nin Hesabdan Çıxarış (səh.59) sübut qismində tədqiq olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 390.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak isə Bank ilə «Birlik» KFT arasında mövcud olan kredit öhdəliyinin təminatı olduğundan və həmin kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmədiyindən əmlakın yüklülükdən azad olunması mümkün deyil. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 8.1, 9, 14.2,88, 220.4, 385, 389; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71; Beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin l-ci bəndinə istinadən qeyd edilmişdir ki, onun banka hər hansı borcunun olması haqda Cavabdehın vəkili heç bir sübut, dəlil məhkəməyə təqdim etməmiş yalnız sözlə bir kəlmə işlədərək iddianın təmin olunmamasını istəmişdir. Məhkəmə tərəfindən CavabdehASC-nin borcun tam ödənilməsi barədə Kİ protokolunun əslinin alınması haqqında məhkəmə sorğusuna hakim cavab almadan qətnamə qəbul etmişdir.Məhkəmə əsassız qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4630/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2020-ci il tarixli ekspertiza rəyi ilə “Birlik” KFT tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxxx 2007-ci il tarixli, 69/11-SKMF Ne-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə “Birlik” KFT-nın banka xx.xx.2020-ci il tarixə (qərardadın tarixinə) 18505,74 AZN məbləğində artıq ödənişi müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixdək 16597,42 AZN məbləğində ödəniş aparılmışdır. Lakin həmin ödənişlərin silinmə təyinatı göstərilmədiyindən xx.xx.2013-cü il tarixdən sonrakı ödənişlər nəzərə alınması müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun sorğusuna əsasən verilmiş cavabı məhkəməyə təqdim edərək,mənzilin yüklü olduğunu, pulu tam ödəyən zaman bankın ləğv edilmədiyini, ona bank tərəfindən borcun olmadığı barədə akt verildiyini, lakin borcun olmaması barədə arayışı texniki problemlərə görə verə bilmədiklərini bildirdiklərini bildirmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, borcun tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X8 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmiş, kredit borcu və ipoteka münasibətləri üzrə qarşı tərəflə və «Birlik» KFT arasında mübahisələrinin olmadığını bildirmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda bildirilir ki, onun xx xxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli ərizələrinə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Cavabdeh ASC ilə “Birlik” KFT arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli 69/11- SKMF saylı kredit müqaviləsinə əsasən 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi X3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, 6 saylı evin 108 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. X1 Cavabdeh ASC-yə qarşı “mənzilin girov yüklülüyündən azad edilməsi” tələbinə dair iddia qaldırılmışdır. Hazırda mülkü mübahisə ilə bağlı məhkəmə icraatı aparılır . Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və ekspert rəylərinə müvafiq, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48; MM-nin 294, 324 331, 355- 357, 385-390, 399, 404, 425, 427.3, 527.1, 560, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Hazırki mübahisə üzrə cavabdehlə «Birlik» KFT arasında xx xxxxxxx 2007-ci il tarixli, 69/11-SKMF N-li kredit müqaviləsi və cavabdeh tərəfindən bu müqavilə üzrə qeyd edilən əmlakın yüklülüyün təsdiq edilməsi işin mübahisə edilməyən halı olsada kredit münasibətləri üzrə öhdəliyin, habelə əmlak barədə mübahisənin mövcudluğu müəyyən edilmir. Kredit müqaviləsi üzrə öhdəliyin olmaması halında ipoteka qoyanın hüquqları təmin edilməli və kredit-girov münasibətlərinə xitam verilməsinin təmin edilməsi üzrə cavabdehin məsuliyyəti və ya vəzifələrinin olmaması mübahisə edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi üçün əsaslar olmadığı halda məhkəmə qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. Ona görə qətnamə ləğv edilməli, xx xxxxxxx 2007-ci il tarixli, 69/11- SKMF №-li kredit müqaviləsinin təminatı olaraq iddia təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməli, həmçinin ekspertiza xərci olan 100 manat cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» iddiası təmin edilsin. İddiaçı - ünvan 2 ünvanında yerələşən mənzilin (xx xxxxxxx 2007-ci il tarixli, 69/11-SKMF xx xxxxxxx 2007ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsinin təminatı kimi) girov yüklülüyündən azad edilməsi barədə məktubun (arayışın) verilməsi və mənzilə dair mülkiyyət hüquqlarını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr çıxarışının əslinin qaytarılması - cavabdeh "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilsin. Ekspertiza xərci 100 (yüz) manat məbləğdə pul vəsaiti cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar