Məhkəmə qərarları › İş №2(103)-3840/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3840/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3840/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(001)-2000/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 7547/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 16 oktyabr 2017-ci il tarixində Gəncə “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2097 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X13 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X13 hər ay saxlanılması üçün alimentin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 oktyabr 2017-ci ildə Gəncə "Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 2097 nömrəli aktı qeydi ilə qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X21 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7547/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı, Cavabdeh 16 oktyabr 2017-ci tarixində Gəncə "Asan Xidmət" Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 2097 nömrə ilə qeyd edilmiş nikahlarının pozulması, xx.xx.2017-ci il təvəllüdlü X13 İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutuluraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilib. Alimentin artırılamsı üçün Bakı 3 saylı mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh Mirbala oğlu mediasiya sessiyasında alimentin artırılmasına razılıq vermədi. Bu səbəbdən Məhkəməyə müraciət etməli olmuşdur. 5.Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, uşaq hazırda birinci sinifdə oxuyur. Yaşı ilə əlaqədar olaraq saxlanılması üçün xərclər də, artmışdır. Nəzərə alınmalıdır ki, 2021-ci il tarixindən sonra yaşayış minimumu 3 dəfə artırılmışdır. Həmin vaxtlarda artırılma ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda isə bu vəziyyət dəyişmişdir. Uşağın xəstələnəndə müalicəsini, yol xərclərini, paltarlarına çəkilən xərclərin hamısını özü qarşılayır. Əslində uşağa 175 manat aliment ödənilməli idi, lakin cavabdeh ona alimenti aylarla 150 manat kimi ödəyib. İcra şöbəsində olarkən ödənilməli olan alimentdən, yığılan borcdan məlumatı olmuşdur. Borcunu ödəmədiyindən, pulun tutulması maaşına yönəldilib. Özü kirayə qalır, sağlam qida ilə əlaqədar şirkətdə işləyir və aylıq əmək haqqı 500 manatdır. Əlavə gəliri və adına əmlakı yoxdur. Yüksək gəlirli işi olsaydı cavabdehdən aliment tələb etməzdi. Onsuz ki, uşaq onun himayəsindədir. Ata kimi uşaqla ünsiyyəti yoxdur. Ad günlərində belə təbrik etməyib. Cavabdeh ümumiyyətlə uşağın saxlanılmasında iştirak etmir. Ata ilə uşağının ünsiyyətinə mane olmur. Cavabdeh ona etdiyi telefon zənglərində sözlərini seçmədən danışır. Ona görə özü ilə ünsiyyət qurmaq istəmir. Cavabdehə təklif etmişdir ki, uşağına sadə telefon alıb versin, istədiyi vaxt onunla danışsın. Ama bunu da, etməmişdir. Hətta uşaq yay aylarında Şəmkirdə nənə və babasıgildə olur. Ata kimi rayonda xidmət etsə də, yenə gedib oğlunu görməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, Fəridlə evləndikləri ilk vaxtlarda işləmədiyi üçün Fəridin birinci nikahdan olan uşağının aliment pulunu, uşaq ac qalmaması üçün özü ödəmişdir. 6.04 mart 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin ikinci nikahdan arvadı olmuşdur. Nikahları 2017-ci ildə pozulub. Cavabdeh hazırda üçüncü dəfə nikaha daxil olub və evləndiyi xanımın uşağını himayəsinə götürmüşdür. Oğlu artıq böyüyüb və məktəbə gedir. Hətta oğlunu hazırlığa qoymuşdur. Özü işlədiyindən uşağa dayə tutmuşdur. Hal-hazırda uşağın bütün xərclərini özü təkbaşına çəkir. Cavabdehin isə mülkiyyətində həm avtomobili, həm də ki, evi vardır. Cavabdeh uşaqla əlaqə saxlamır, maraqlanmır, uşağın xərclərində iştirak etmir. Cavabdeh artıq neçə ildir ki, uşağın ad gününü belə təbrik etmir. Bundan başqa oğlu nəfəs almaqda çətinlik çəkdiyi üçün burun əməliyyatı olmuşdur. Bu barədə cavabdehə desə də, cavabdeh bir dəfə də olsun uşaqla maraqlanmadı. Bundan sonra uşağın burnunu ikinci dəfə təkrar əməliyyat etdirməlidir. Əlavə olaraq bildirir ki, cavabdeh etirazında İkinci Qarabağ müharibəsində iştirak etdiyini bildirmişdir. Lakin cavabdeh İkinci Qarabağ müharibəsində iştirak etməmişdir. Bu barədə məlumatı cavabdehlə eyni hərbi hissədə xidmət edən qohumu ona demişdir. Cavabdehlə birgə nikah dövründə olan zaman cavabdehin əmək haqqısı 1000 manat təşkil edirdi, ehtimal edir ki, hazırda cavabdehin əmək haqqısı daha da artıb. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Fəridin adına torpaq sahəsi yoxdur. Xırdalanda olan evi isə anası oğluna bağışlamışdır. Fəridin oğlu ilə ünsiyyətinə iddiaçı mane olur. Telefon zənglərinə cavab vermir. Aliment məbləği 190 manat müəyyən edilərsə, ödəniş edə bilərlər. Lakin 235 manat məbləğində artırılmasına razı deyildir. 8.Cavabdeh məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, İddiaçı ilə 16 oktyabr 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu birgə nikahlarından xx.xx.2017-ci il təvəlüdlü X21 doğulmuşdur. Bu onun ikinci nikahı olmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)- 7547/2021 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikahlarının ləğv olunması, birgə nikahdan doğulmuş övladı xx.xx.2017-ci il təvəlüdlü X13 anasının himayəsində saxlanması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondansabit pul məbləğində hər ay 175 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qeyd etmək istəyir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində hərbiçi kimi xidmət edir. Bundan sonra alimentin tutulması onun əmək haqqına yönəldilmişdir. Belə ki, iddiaçı ilə bidgə nikahdan doğulmuş övladı üçün aylıq 175 manat aliment tutulduqdan sonra əmək haqqı 716,47 manat qalır ki, həmin məbləğdən birinci nikahdan doğulmuş oğlu 15 sentyabr 2008-ci il təvəlüdlü X7 aliment ödəyir, qalıq əmək haqqı ilə hazırki ailəsini saxlayır. Hərbiçi olduğundan xidmətdən əlavə digər işdə çalışa bilmir, digər qazanc yeri yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, ilkin olaraq iddiaçıdan əvvəl vətəndaş X5 ilə rəsmi nikahda olaraq ailə qurmuşdu. X6 ilə birgə nikahdan X18 adlı soyadlı övladı vardır. Qeyd etdiyi kimi X6 ilə nikahı ləğv olunmuşdur. X6 ilə birgə nikahdan doğulmuş övladları X9 yetkinlik vaşına çatana kimi saxlanması üçün də aliment ödəyir. Eyni zamanda qeyd etmək istəyir ki, hazırda ailəlidir, vətəndaş X10 ilə rəsmi nikahdır, ailənin yeganə qazanc gətirənidir və gələcəkdə övladlarının sayı artacaqdır. Hərbiçi olduğundan digər işdə çalışa bilmir. Bundan əlavə əmək haqqından iki uşağa görə aliment tutulur, özü yenidən ailə qurmuş, yeni ailənin tam xərclərini özü qarşılayır. Aldığı əmək haqqından hazırda müəyyən olunmuş alimentləri ödədikdən sonra ona minumum yaşayış həddindən də aşağı miqdarda əmək haqqı qalır ki, həmin qalıq əmək haqqı hazırki ailəsi ilə birgə yaşayışı üçün yetərli deyil, yaşayış minumumdan da aşağıdır, hazırki ailəsinin minumum yaşayışını ödəmir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı isə hazırda əmək fəaliyyəti ilə məşğuldur, yüksək əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik vardır, yaşayış minumumdan yüksək səviyyədə yaşayır. 9.Bundan başqa xx.xx.2024-cü il tarixində məhkəmənin elektron ünvanında göndərdiyi etirazında göstərmişdir ki, onun barəsində yazılanlar yalan və iftiradır. Çünki evlilik zamanı iddiaçı şəraitsizliklə yaşamaq istəmədiyi və hərbiçi maaşı azdı deyə ayrılmaq istədiyini bildirmişdir. Ayrılmalarına səbəb isə ona və valideynlərinə qarşı olan hörmətsizliyi olmuşdur. Məhkəmə prosesindən sonra o, iddiaçı ilə əlaqə saxlayaraq, aliment məbləğini soruşmuş, iddiaçı aliment məbləğinin 150 manat olduğunu bildirmişdir. Hər ay 150 manat məbləğini gecikdirmədən ona verdiyi kart hesabına yükləmişdir. Lakin əmək haqqından 2 ay 475 manat tutulanda bilindi ki, o planlı şəkildə məbləği az deyərək, yenidən ailə qurduğu üçün ona problem yaratmaq istəmişdir. 2ci Qarabağ müharibəsində aldığı kontuziyayla əlaqədar olaraq, müalicəsi üçün götürdüyü kreditin aylıq ödənişi 185 manat təşkil edir. Bundan başqa həyat yoldaşının hamiləlik dövrünün kritik keçməsi səbəbilə (hər iki böyrəyinin iltihabı) o da, ciddi müayinə almaq məcburiyyətindədir. (200- 230 manat). Xidmətinin Şəmkir rayonunda olması səbəbindən kirayədə qalmaq məcburiyyətindədir və hər ay 300 manat kirayə pulu verir (kommunal ödənişlər xaric olmaqla). Onu da, bildirir ki, iki uşağa aliment ödəmklə yanaşı, öhdəliyində övladlığa götürdüyü bir azyaşlı uşağıda var. Aylıqpul təminatı gəlir vergisi 14%, DSMF-na ayırmalar 3 %, icbari tibbi sığorta haqqı 2 % və 22 nömrəli aliment məbləği tutulduqdan sonra əmək haqqı 592,67 manat təşkil edir. Yoldaşının və özünün əmək haqqları bütün məsrəfləri qarşılamağa çətinliklə çatır və valideynlərinin köməkliyi ilə ödəyirlər. 10.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 aprel 2024-cü il tarixli, 2(001)-2000/2024 saylı qətnaməsi ilə (sədrlik edən-İlkin Əliyev) iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-7547/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilmasi, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 11.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 7547/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 oktyabr 2017-ci il tarixində Gəncə “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2097 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgənikahından olan xx.xx.2017-ci il təvəllüdlü X13 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir. 12.Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 455750 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7547/2021 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 123 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra “qadına” “Məmmədova” soyadı verilmişdir. 13.Azərbaycan Respublikası Müdafiə Nazirliyi 418 №-li Hərbi Hissəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, Cavabdeh Mirbala oğlunun aylıq pul təminatı gəlir vergisi, 3 % DSMF-nə ayırmalar və 2 % icbari tibbi sığorta haqqı və aliment borcu 175 manat tutulduqdan sonra 716,47 manat təşkil edir. 14.Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 236950 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2008-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X4r. 15.2 saylı Gəncə regional “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 554259 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2023-cü il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 384 № ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Qafarova” soyadı verilmişdir. 16.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 7547/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilir.İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-7547/2021 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.Cavabdeh isə üçüncü dəfə nikaha daxil olduğunu, həmin nikahdan himayəsinə azyaşlı uşağı götürdüyünü, həmin nikahdan yoldaşının hamilə olmasını, birinci nikahdan oğluna isə 150 manat aliment ödədiyini, iddiaçının X21 ilə ünsiyyətinə mane olmasını ilə əsas gətirməklə iddia tələbini qəbul etmir. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə alimentə görə 190 manat ödəniş edə biləcəklərini bildirir. 17.Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2021-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından beləqənaətə gəlmişir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 235 manat məbləğində müəyyən edilməlidir. 18.Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üzrə yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh əmək qabiliyyətli bir valideyn kimi harada işləməsindən, hansı məbləğdə əmək haqqı almasından asılı olmayaraq övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Hazırki iş üzrə isə cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün hər hansı üzrlü səbəb yoxdur. Bununla yanaşı cavabdehin himayəsində digər nikahdan yetkinlik yaşına çatmayan uşağın olması, birinci nikahından olan uşağa aliment ödəməsi tələbin əsaslılığını istisna etmir. 19.Məhkəmə hesab etmişdir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. 20.Həmçinin iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə alınmalıdır. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1, 75.4, 78.1, 78.2, 112.1; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarınına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2 və 8.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.6, 119.2, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 22.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbiçi kimi xidmət edir. Məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən alimentin tutulması onun əmək haqqısına yönəldilmişdir. Belə ki, hərbiçi kimidə aylıq əmək haqqı alır, hərbi xidmətdən əlavə digər işdə çalışa bilmir, digər qazanc əldə edə bilmir. Onun əmək haqqısından aliment tutularaq iddiaçıya ödənilir, heç bir aliment borcu yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, ilkin olaraq vətəndaş X5 ilə rəsmi nikahda olaraq ailə qurmuşdur. X6 ilə birgə nikahından X18 adlı-soyadlı övladı vardır. X2 ilə nikahı ləğv olunmuşdur. X6 ilə birgə nikahdan doğulmuş övladı X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh aliment ödəyir. Digər tərəfdən İddiaçı ilə birgə nikahda olduğu zaman cavabdeh hazırki əmək haqqını alırdı, digər övladı üçün aliment ödəyirdi, onun və cavabdehin əmək haqqısı ilə ailələrini saxlayırdılar. Eyni zamanda cavabdeh hazırda ailəlidir, vətəndaş X10 ilə rəsmi nikahdadır, ailənin yeganə qazanc gətirənidir və gələcəkdə ailə üzvlərinin sayı artacaqdır. Ailə Məcələsinin 112.1-ci maddəsinin tələbinə görə “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa , məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olnmuş miqarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Qanun tələbindəndə görünür ki, əgər tərəflərdənbirinin ailə vəziyyətində və maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmə alimentin miqdarını dəyişdirə bilər. Göründüyü kimi cavabdeh hərbiçidir, yeganə qazanc yeri hərbi xidmət yerindən aldığı əmək haqqıdır.Hərbiçi olduğundan digər işdə çalışa bilmir. Bundan əlavə əmək haqqından iki uşağa görə aliment tutulur, özü yenidən ailə qurmuşdur, yeni ailənin tam xərclərini o qarşılayır. Aldığı əmək haqqından hazırda müəyyən olunmuş alimentləri ödədikdən sonra ona minumum yaşayış həddindən də aşağı miqdarda əmək haqqı qalır ki, həmin qalıq əmək haqqı hazırki ailəsi ilə birgə yaşayışı üçün yetərli deyil, yaşayış minumumdan da aşağıdır, hazırki ailəsinin minumum yaşayışını ödəmir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı isə hazırda əmək fəaliyyəti ilə məşğuldur, yüksək əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik vardır, yaşayış minumumdan yüksək səviyyədə yaşayır. Cavabdeh sübut kimi X6 ilə nikahınının pozulması barədə 212311 saylı şəhadətnamənin surətini, İddiaçı ilə nikahının pozulması barədə 445673 saylı şəhadətnamənin surətini, X10 ilə nikahının surətini, övladı X8 doğum şəhadətnaməsinin surətini, övladı X11 doğum şəhadətnaməsinin surətini, Hərbi hissənin əmək haqqı barədə arayışını məhkəməyə araşdırılıb hüquqi qiymət verilməsi üçün təqdim etsədə məhkəmə təqdim etdiyi sübutları araşdırmamış və hüquqi qiymət verməmişdir. Digər tərəfdən məhkəmə cavabdehin əvvəlki illərlə müqayisədə maddi vəziyətinin pisləşdiyinə (ayrı-ayrılıqda iki uşağa görə alimeht ödədiyinə, hazırda ailəli olmağına və sair hallara), hərbiçi olduğu üçün başqa yerdə çalışıb qazanc əldə edə bilmədiyinə, əmək haqqı (aliment ödəmələri çıxıldıqdan sonra) onun minumum yaşayış həddini təmin etmədiyini, iddiaçının hazırda çalışıb yüksək əmək haqqı almağını araşdırmamış və hüquqi qiymət verməmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş, iş üçün zəruri halları araşdırmamış,tətbiq olunmalı hüquq normalarınıtətbiq etməmiş, səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 27.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 28.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 29.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 30.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 31.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 34.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 7547/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 16 oktyabr 2017-ci il tarixində Gəncə “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2097 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgənikahından olan xx.xx.2017-ci il təvəllüdlü X13 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir. 40.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 41.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 42.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 43.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin yetərli olmaması, uşağın yaşı ilə əlaqədar saxlanması üçün xərclərin artması, uşağın bütün xərclərinin iddiaçının özünün qarşılaması, iddiaçının özünün kirayədə qalması, 500 manat əmək haqqı alması və əlavə gəlirinin və adına əmlakının olmaması, 2021-ci ildən ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun 3 dəfə dəyişdirilərək artırılmasına sitinad edərək əsaslandırmışdır. 44.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaq iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 45.İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 418 №-li Hərbi Hissəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, Cavabdeh Mirbala oğlunun aylıq pul təminatı gəlir vergisi, 3 % DSMF-nə ayırmalar və 2 % icbari tibbi sığorta haqqı və aliment borcu 175 manat tutulduqdan sonra 716,47 manat təşkil edir. 46.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 7547/2021 saylı qətnaməsiilə onun xeyrinə cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat aliment tutulması qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. 2024-cü ildə isə bu məbləğ 235 manat təşkil edir. 47.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 48.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 49.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 50.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci nikahdan olan övladına görə aliment ödədiyini qeyd etsəd də, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamış, bunu təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 51.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 52.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 53.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 54.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 55.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 56.Həmin Qərarın 8.7-ci bəndində qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 57.Məhkəmə kollegiyası cavabdehin birinci nikahdan olan övladına münasibətdə aliment ödəməli olması ilə bağlı məhkəmə qətnaməsinin olmamasını nəzərə alaraq, qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, cavabdehin qeyd olunan dəlili əsassız olmaqla iddiaçı uşağı X13 18 yaşına kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. 58.Məhkəmə kollegiyası apellyatorun üçüncü dəfə ailə qurması, ailə sayının gələcəkdə artması, aylıq əmək haqqısından başqa gəlirinin olmaması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, gəlirinin az olması və ya başqa övladlarının olması onun hazırki iş üzrə iddiaçı ilə nikahdan olan övladını saxlamaq vəzifəsindən, qanunvericiliklə müəyyən olunmuş minimum səviyyədə olan alimenti ödəmək vəzifəsindən azad etmir. 59.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 60.Beləliklə məhkəmə kollegiyası tərəflərin və nümayəndənin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Alimentin artırılan hissəsinin illik məcmuyu (60x12=720) 5000 manatan az olduğu üçün, MPMnin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 64.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(001)-2000/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar