Məhkəmə qərarları › İş №2(103)-3841/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3841/2023

02.06.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3841/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, alqı-satqı müqaviləsinin ləğv edilsin. Ərizənin əsasında iş başlanıb, daha sonra Yasamal RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, iddiaçı bundan əvvəl başqa mülki iş üzrə verilmiş iddia ərizəsində eyni müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsini tələb edib, Yasamal RM-nin 2(004)- 394/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd olunub. Hazırkı işdə iddiaçı müqavilənin ləğvini tələb etsə də, ləğvin əsası kimi müqavilənin uydurma əqd olmasına, iddiaçının övladının cavabdehə olan borcunun bağlanması məqsədilə məcburetmə nəticəsində bağlanmasına, mənzilə görə cavabdehin iddiaçıya hər hansı məbləğ ödəməməsinə istinad edib. Həmin hallar müqavilənin ləğvi üçün deyil, etibarsız hesab edilməsi üçün əsasıdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyinə görə iddiaçı müqaviləni eyni əsasla mübahisələndirə bilməz. Qərardadda xitamın hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. İddiaçı həmin qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, iddia ərizəsində müqavilənin etibarsız hesab edilməsi deyil, ləğv edilməsi tələb olunub. Ona görə də iş üzrə icraata xitam verilə bilməz. Şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsində müqavilənin ləğvi tələb olunub. Mülki-Prosesual Məcəllənin 149.2.3-cü maddəsinə görə, iddia ərizəsinin məzmununda iddiaçının tələbi göstərilməlidir. İddia ərizəsini iddiaçı tərtib etdiyinə görə ərizənin məzmununda hansı tələbin göstəriləcəyini müəyyən etmək iddiçıya aid olan hüquqdur. İddiaçı hüququndan istifadə edərək tələbi “müqavilənin ləğvi barədə tələb” kimi göstərib. Əgər həmin tələbin təmin edilməsi üçün əsas yoxdursa, iddianın rədd edilməsi barədə qətnamə qəbul oluna bilər, yaxud həmin tələbi irəli sürmək üçün məhkəməyə qədər nizamlanma qaydasına əməl edilməyibsə müvafiq qərardad qəbul oluna bilər. Lakin məhkəmənin belə səlahiyyəti yoxdur ki, iddia ərizəsində göstərilmiş tələbi (müqavilənin ləğvi barədə tələbi) dəyişərək onu müqavilənin etibarsız sayılması barədə tələb kimi qiymətləndirsin. İddia ərizəsində tələb əsaslandırılarkən əqdin əhəmiyyətsiz olmasına dair hallara istinad olunub, lakin eyni zamanda qeyd olunub ki, müqavilə üzrə cavabdeh (alıcı) tərəfindən iddiaçıya (satıcıya) pul ödənilməyib. Belə mübahisələr həll edilərkən “müqavilənin etibarsızlığı” və “müqavilənin ləğvi” anlayışlarının fərqi nəzərə alınmalıdır. Müqavilənin etibarsızlığı müqavilə bağlanan ana qədər yol verilən pozuntulara, müqavilənin ləğvi isə müqavilə bağlandıqdan sonra yol verilən pozuntulara əsaslanır. İddia ərizəsində həm də müqavilə bağlandıqdan sonra yol verilmiş pozuntuya – müqavilədə göstərilmiş qiymətin ödənilməməsinə istinad olunub və müqavilənin ləğvi tələb olunub. Beləliklə, müqavilənin ləğvinə dair tələb üzrə iş əvvəllər məhkəmənin icraatında olmayıb. Odur ki, iş üzrə icraata xitam verilməsi üçün Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar