Məhkəmə qərarları › İş №2(103)-664/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-664/2024

22.01.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-664/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2018/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.3 kv.m. olan 1 otaqlı mənzili xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında 51.000 manat məbləğinə Cavabdeh satmışdır.

2. Qanuni qüvvəsini almış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-394/2022 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır.

3. Qanuni qüvvəsini almış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-1680/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabddehlər İddiaçı və X1 ailə üzvləri ilə birlikdə iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin 1 saylı mənzilindən məcburi qaydada çıxarılmaları və onların istifadə hüquqlarına xitam verilməsi qət olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında ünvan 1in alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ona qarşı edilən hədə-qorxular və təzyiqlər nəticəsində bağlanmışdır. O, bu müqavilənin bağlanmasına məcbur edilməsinə baxmayaraq, eyni zamanda mənzilin dəyəri baxımından da aldadılmışdır. Belə ki, hal-hazırda mülkiyyətində olan və yaşadığı bu mənzilin real bazar dəyəri 250.000 manata yaxındır. Onun mülkiyyətində olan bu mənzil Bakının mərkəzi ərazisində olmaqla, mənzillərin və torpaq sahələrinin baha olduğu sahədə yerləşir. Bu ərazidə təkcə torpaq sahəsinin 1 sotunun real bazar qiyməti 200.000 manatdan artıqdır. Əlavə olaraq, bu torpaq sahəsində yaşayış evinin də olduğunu nəzərə alsaq, onun necə aldadıldığını başa düşmək olar. Aralarında bağlanmış müqaviləyə görə sözügedən daşınmaz əmlakın alqı-satqısına görə cavabdeh guya ki, ona 51.000 manat pul ödəmişdir. Lakin əslində cavabdeh ona 1 manat da olsun pul ödəməmişdir. Sadəcə oğlunun cavabdehə borcu olduğu üçün cavabdeh ona və ailə üzvlərinə xəsarət yetirəcəyi və işgəncələr verəcəyi ilə hədələyərək belə bir müqavilənin bağlanmasına nail olmuşdur. Lakin onun bu fərdi yaşayış evini cavabdehə ümumiyyətlə satmaq fikri olmayıb və həmin mənzilə görə də ona cavabdeh tərəfindən 1 manat da olsun pul ödənməmişdir. O, aralarında bağlanmış bu alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün cavabdehə təklif göndərsə də, cavabdehdən heç bir cavab almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2018/2023 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, müqavilənin ləğv edilməsinə əsas olan hallar müqavilənin bağlanmasından sonrakı zamana aiddir (müqavilə öhdəliyinin pozulması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.). İddiaçı müqavilənin ləğv edilməsini tələb etsə də, müqavilənin bağlanmasından sonrakı zamanda baş vermiş hər hansı hala istinad etmir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Ona görə də işin bütün halları yenidən araşdırılmaqla işin həqiqi hallarına uyğun olaraq iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdehlə onun arasında bu müqavilə bağlanarkən də cavabdeh bu müqavilənin yalnız rəsmiyyət üçün bağlandığını və bu alqı-satqı müqaviləsində evin dəyərinin 51.000 manat göstərilməsinin də yalnız rəsmiyyət xarakteri daşıdığını və buna görə narahat olmamasını bildirmiş və oğlunun ona olan borcunu ödədikdən sonra bu müqavilənin ləğv ediləcəyini bildirmişdir. Yəni, bu müqavilə bağlanarkən aralarında əsas götürdükləri tamam başqa şərait var idi. Ona görə də bu müqavilə də həmin şəraitlər baxımından rəsmiləşdirilmişdir. Lakin sonradan cavabdehin ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi artıq onun niyyətinin başqa məqsədlərə xidmət etdiyini göstərdi. Yəni cavabdehin bu müqavilə bağlandıqdan sonra açıq-aşkar surətdə aralarda olan razılaşmanı pozaraq belə bir iddia ilə məhkəməyə müraciət etməsi bu müqavilə bağlanarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmışdır. Artıq bundan sonra o, cavabdeh tərəfindən aldandığını başa düşərək, hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda bildirmək istəyir ki, Mülki Məcəllənin 422.1-ci maddəsində müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən bəhs edilir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən bu qətnamə qəbul edilərkən qanunverciliyin bu normaları nəzərə alınmamışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək aralarında bağlanmış müqavilədən qeyri-qanuni olaraq ona qarşı istifadə etmiş və əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və bununla da Mülki Məcəllnin 560-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. O, cavabdehlər tərəfindən aldandığını sübut edən və həmin mübahisə predmeti olan mənzilin real bazar dəyərini təsdiq edən mütəxəssis rəyini məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən bu sübut kimi nəzərə alınmamış və bununla da məhkəmə tərəfindən AR MPM-nin 76-cı maddəsinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək üzürlü səbəblərə görə məhkəmə iclasında iştirak etmədiyini əsas gətirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, bununla bağlı hər hansı sənəd ərizəsinə əlavə etməmiş, bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşdən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2019-cu il tarixində alqı-satqı müqaviləsi əsasında 51.000 manat məbləğinə Cavabdeh satmışdır. Hazırda iddiaçı müqavilənin hədə-qorxu və təzyiqlər nəticəsində bağlandığını, mənzilin dəyəri baxımından aldadıldığını, həmçinin cavabdehin ona müqavilə üzrə pul ödəmədiyini bildirərək müqavilənin ləğv edilməsini tələb edir.

19. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarlılığını artıq mübahisələndirmiş və iddiası təmin edilməmişdir. Həmin qətnamədən həmçinin müəyyən olunur ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək mənzilin dəyərini təşkil edən 51.000 manat məbləğində vəsaiti notariusun "xxxx" ASC-nin 6 saylı şöbəsində olan depozit hesabına köçürmüşdür.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvinə əsas ola biləcək hallar müəyyən olunmur.

21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2018/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar