Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3843/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2681/2025 saylı, 09 aprel 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh ilə İddiaçı (VÖEN: **********) arasında imzalanmış xx.xx.2020-ci il tarixli, SNT000016 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borclu 390 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 32.5 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə sözügedən əşya alıcı tərəfindən təhvil alınmışdır.
2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş. 10 (on) gün müddətində müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 390 manatı və ödədiyi dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2681/2025 saylı, 09 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin təmin edilərək Cavabdeh 390 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı avadanlığın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, o, İddiaçı ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini müqavilədə nəzərdə tutulan vaxtından da əvvəl yerinə yetirmiş və alınmış əşyanın dəyərini tam şəkildə ödəmişdir. Belə olan halda, icra etdiyi öhdəliyin yenidən icra edilməsinin ondan tələb edilməsi qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir.
8. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsində bildirmişdir ki, İddiaçı qarşı Cavabdeh tərəfindən verilmiş iddia üzrə icraata qəbul edilən mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. İş üzrə İddiaçı iddia ərizəsində Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli Cavabdeh ilə nisyə alqı-satqı müqaviləyə əsaslanaraq, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini bildirməklə ona ödənilmiş 390 (üç yüz doxsan) AZN vəsaitin, eləcə də ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun geri ödənilməsinə dair Sabunçu Rayon Məhəkəməsi tərəfindən e- 2(008)-2681/2025 saylı iş üzrə qətnamə qəbul edilmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən də göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər mülki münasibət olmaqla müqavilə əsasında tənzimlənmişdir. Mülki Məcəllənin iddia müddəti ilə bağlı müddəalarına diqqət edildiyi zaman hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı müqavilə üzrə pozulmuş hüquqlarının bərpasına dair məhkəmə müdafiəsindən istifadə etməklə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. Sabunçu Rayon Məhkəməsinin qətnaməsində isə prosesssual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi tarixdən yəni xx.xx.2021-ci il tarixindən 3 il ərzində məhkəməyə müraciət etməli olduğa halda etməyərək qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. İddia müddətin ötürülməsi isə mülki qanunvericiliyə görə iddianın rədd olunması ilə nəticələnir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tələblərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Odur ki, qeyd edilənləri və Mülki Məcəllənin 372, 375.2 və 377.1-ci maddələrini rəhbər tutaraq İddiaçı Cavabdeh qarşı iddia tələbini iddia müddəti buraxıldığına görə rədd edilməsini xahiş edir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. 18.Əvvəla, cavabdeh iddiaçı ilə müqaviləni könüllü olaraq bağlamışdır. Müqavilədə nəzərdə tutulan şərtlərdən əvvəlcədən məlumatlı idi. Müqavilə müddətində öhdəliyin hissə-hissə icra edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilənin müddətinin bitməsinə baxmayaraq bugünə qədər öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən öhdəliyinin icrasını birdəfəyə yerinə yetirməyi tələb etmək hüququ olmuşdur.
19. Bundan əlavə, müqavilənin bağlandığı yaxud bitdiyi tarixdən uzun müddət keçməsi müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Əksinə, iddianı gec irəli sürməsi cavabdehə iddia müddəti institutundan vaxtında istifadə etmək imkanı verə bilir. Düzdü cavabdeh apellyasiya şikayətində bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini müqavilədə nəzərdə tutulan vaxtından da əvvəl yerinə yetirdiyini və alınmış əşyanın dəyərini tam şəkildə ödədiyini, icra etdiyi öhdəliyin yenidən icra edilməsinin ondan tələb edilməsi qanunsuz və əsassız olduğunu göstərib, sonradan isə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edib iddia müddətinin tətbiqini xahiş edib. Ancaq iddia ilə bağlı sənədlər və bildiriş cavabdehə xx.xx.2025-ci ildə sifarişli poçt vasitəsilə göndərilmişdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəni birinci instansiya məhkəməsinə vermək imkanı və vaxtı olub, ancaq verməyib. Deməli, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni birinci instansiya məhkəməsində üzrlü səbəb olmadan verməməsinə dair mötəbər sübut təqdim etmədiyindən hazırkı icraatda həmin ərizə nəzərə alına bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda, mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
21. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2681/2025 saylı, 09 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2681/2025 saylı, 09 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.