Məhkəmə qərarları › İş №2(103)-3846/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3846/2022

26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3846/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3846/2022 (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(008)-343/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən 38 saylı evin 33 saylı mənzilinə su sızması nəticəsində zərər dəymişdir. İddiaçı əmlakına dəymiş zərərin məhz cavabdehin təqsirli hərəkətləri – kefiyyətsiz plastik borudan istifadə edilmə, boru xəttinə kran qoyulmalı olduğu halda, bunun yoxluğu ilə əlaqələndirmiş və dəymiş ziyanın məbləğini 10.000 manat müəyyən etmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə 10.000 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, səhər saat 10 radələrində evində olan istilik sistemlərinin əsas ana xətt borusu partlamış və 70-80 dərəcədə isti su yüksək təzyiqlə evə axmağa başlamışdır. Həmin vaxt evdə ondan başqa, qızı, gəlini və dörd azyaşlı nəvəsi olmuşdur. İstilik sistemləri idarəsinə dəfələrlə zəng etmələrinə baxmayaraq, köməyə gələn olmadığından, özəl ustaya müraciət etməli olmuşdur. Soyuq havada evdə olan bütün paltarlar, yorğan-döşək, mebellər islanaraq yararsız vəziyyətə düşmüşdür. Ustanın yoxlaması nəticəsində məlum olmuşdur ki, xəttə suyu bağlamaq üçün kranlar qoyulmalı olduğu halda, qoyulmamış, plastik boru isə tam yararsız olmuşdur. İsti suyun axması üçün nəzərdə tutulan daha keyfiyyətli və bahalı boru əvəzinə, soyuq suyun axması üçün nəzərdə tutulan daha keyfiyyətsiz və ucuz borudan istifadə edilmişdir. Bu hadisə nəticəsində, ona və ailəsinə vurulmuş maddi zərərin məbləği 10.000 manat dəyərindədir. Su xətti, istilik sistemləri yüksək təhlükə mənbəyidir və yüksək təhlükə mənbəyinin sahibi kimi Cavabdeh ASC maddi məsuliyyət daşıyır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-343/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər – delikt mövcud deyil.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 226, 227, 1096.1-ci maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 124.2, 217.3, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərilmişdir ki, ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən 38 saylı binaya çəkilmiş istilik xətləri çəkilərkən tikinti norma və tələblərinə əməl edilib-edilməməsini müəyyən etmək üçün Məhkəmə Ekspertiza Mərkəzinə binaya istilik xətlərinin çəkilməsinə dair layihə sənədləri mərkəzə təqdim edilməli idi. Bu layihə sənədləri isə mərkəzə təqdim edilmədiyi üçün, tikinti norma və tələblərinə əməl edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə isə qətnaməsində “...binaya istilik xətlərinin çəkilməsinə dair layihə təqdim edilmədiyindən istilik xətlərinin çəkilişi zamanı tikinti norma və tələblərinə əməl olunub-olunmamasını ekspert müəyyən edə bilməmişdir. İddiaçı ona məxsus evə cavabdehin təqsiri ucbatından zərər dəydiyini iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir” deməklə, buna görə iddiaçını məsul tutmuşdur. Halbuki, Məhkəmə Ekspertiza fəaliyyəti haqqında Qanunun. 22-ci maddəsindən açıq görünür ki, məhkəmə (ekspertizanı təyin etmiş orqan) iş üzrə materialları idarəyə (mərkəzə) təqdim etməlidir. Bu məsələ MPM-in 98.2-ci maddəsindən də başa düşülür. Belə ki, ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən ekspertə göndərilən materiallar göstərilir. Göründüyü kimi qanunvericiliyə əsasən məhkəmə sözü gedən materialları ekspertiza mərkəzinə təqdim etməli idi. Sözü gedən binaya istilik xətlərinin çəkilməsinə dair layihə sənədləri hansı tərəf, hansı qurumun əlində olmuşdursa, ondan tələb edilməli idi. Binaya istilik xətlərinin çəkilməsinə dair layihə sənədlərinin isə iddiaçıda (ev sahibi) olmadığı, Cavabdeh ASC-nin əlində olduğu, olacağı aydındır Məhkəmənin öz vəzifəsini yerinə yetirməyərək iddiaçının iddiasını sübut etmək üçün məhkəməyə sübut təqdim etmədiyini bildirməsi isə qanuna ziddir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

22. Belə ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 1096.1-ci maddəsini tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

23. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir

24. Apellyasiya instansiya məhkəməsində cavabdehin əməlində hər hansı mülki hüquq pozuntusunun olmasını müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 08 sentyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində yerləşən 38 saylı 33 saylı mənzilinin istilik sisteminin borularının təmir olunduğu və bu səbəbdəndə sözügedən mənzilin istilik sistemi borularında hər hansı bir xətanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

25. Göründüyü kimi keçirilmiş ekspert rəyi ilə də, iddiaçını mənzilinə cavabdeh təşkilatın hərəkətləri nəticəsində hər hansı ziyan dəydiyini müəyyən etmək mümkün olmamışdır.

26. Bundan başqa iddia tərəf deliktin mövcudluğu, daha doğrusu - cavabdehin məhz təqsirli və qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulduğnu sübut edə bilməmişdir.

27. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-343/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar