Məhkəmə qərarları › İş №2(103)-3847/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3847/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3847/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidov və Valeh Məmməd oğlu ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1139/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1139/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2131/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 170 manat alimentin İddiaçı xeyrinə və dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o əvvəllər “xxxxxxxxxx” MMC-də işləyirdi. Hazırda MMC-nin fəaliyyəti dayandırılıb və o heç bir yerdə işləmir. Lakin iddiaçı Bakı şəhərində, TibbUniversitetinin yanında yerləşən özəl klinikada (diş üzrə) işləyir və yüksək əmək haqqı alır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, heç yerdə işləməməsi və qazancının olmaması, heç bir daşınar və daşınmaz əmlakının olmaması, yenidən ailə qurması, öhdəsində yeni ailə qurduqdan sonra iki azyaşlı uşağının da olması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi, yeni nikahdan olmuş uşaqlarının mənafeyi, özünün və uşaqlarının yaşaması üçün minimum tələbatlarını ödəyə bilməmələri və sair hallar nəzərə alınmamışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2131/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-949/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1 və 112.1-ci maddələrini “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsini və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən uşaqlar üçün yaşayış minimumunun 170 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər ay hər uşağa görə 170 manat müəyyən etmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin maddi vəziyyətinin aşağı olması, o cümlədən yeni nikahdan anadan olmuş uşaqlarının olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Bundan başqa, cavabdehin həqiqətən də işsiz olması öz təsdiqini tapmış olsa belə, bu, cavabdehin üzərinə aliment öhdəliyinin qoyulmasına mane olmur. Hazırkı iş üzrə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün artırılmış alimentin miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1139/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Həmid Həmidov Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar