Məhkəmə qərarları › İş №2(103)-3847/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3847/2022

25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3847/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-888/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 avqust 2011-ci il təvəllüdlü camalzadə Ayaz Araz oğlu və 26 aprel 2015-ci il təvəllüdlü Camalzadə Leyla Araz qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 aprel 2017-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə qurmuşlar və cavabdehlə rəsmi nikahlarından 13 avqust 2011-ci il təvəllüdlü Camalzadə Ayaz Araz oğlu və 26 aprel 2015-ci il təvəllüdlü Camalzadə Leyla Araz qızı dünyaya gəlmişdir.Cavabdeh ilə xasiyyətləri tutmadığı və o ailəsinə lazımi qayğı göstərmədiyinə görə onunla arasında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2011-ci il tarixli, 2(002)-137/2021 saylı qətnaməsi ilə pozulmuş və bu barədə ona Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 aprel 2021-ci il tarixdə nikahın pozulması barədə şəhadətnamə verilmişdir.Qaradağ Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsi ilə 13 avqust 2011ci il təvəllüdlü Camalzadə Ayaz Araz oğlu və 26 aprel 2015-ci il təvəllüdlü Camalzadə Leyla Araz qızı yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03.02.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 150(yüz əlli) manat,iki uşağa görə 300(üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur.Hazırda dolanacaq xərclərin yüksəlməsi ilə əlaqədar bu məbləğ çox azdır və uşaqların saxlanılması yetərli deyil.Ona görə də qeyd eidlən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-888/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 26.04.2015-ci il təvəllüdlü Camalzadə Leyla Araz qızı və 13.08.2011-ci il təvəllüdlü Camalzadə Ayaz Araz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, iş üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və cavabdehdən hər uşaq üçün hər ay 200 manat, cəmi 400 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin ttutulma həcminə görə əsaslı deyildir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanılması imkanları, eləcə də tərəflərin ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmaları halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladlarının xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə məsuliyyət daşımalıdırlar. Məlumdur ki, 2022-ci ildə yaşayış minimumu haqqında Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat müəyyən olunmuşdur.Qətnamədə isə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 170 manat olduğu göstərilmişdir. Həmçinin alimentin sabit formada tutulması ən azı 3 məsələyə münasibətdə əsaslandırma tələb edir: tərəflərin maddi vəziyyəti, tərəfləri ailə vəziyyəti, uşağın təminat səviyyəsinin maksimal saxlanılması. Qətnaməyə nəzər salsaq, uşaqların təminat səviyyəsininmaksimal saxlanılmadığını müəyyən edə bilərik. Hazırda mövcud iqtisadi vəziyyətə uyğun olaraq, ərzaq və məişət, həmçinin şəxsi geyim əşyalarının qiymətləri yüksəlmişdir. Bu baxımdan qətnamə ilə müəyyən edilən cavabdehin ödəyəcəyi alimen məbləği övladlarımızın saxlanılması üçün sərf edilən aylıq vəsaitdən aşağıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmiş, İddiaçı isə yalnız qeyd edilən hissədə mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-888/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh qarşı «nikahın pozulması tələbinə dair» iddiası təmin edilərək Cavabdeh ilə Camalova Kəmalə Rafiq qızı arasında 26.10.2010-cu il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 953 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun.26.04.2015-ci il təvəllüdlü Camalzadə Leyla Araz qızı və 13.08.2011-ci il təvəllüdlü Camalzadə Ayaz Araz oğlu cavabdeh Camalova Kəmalə Rafiq qızının yanında və himayəsində saxlanılsın, 26.04.2015-ci il təvəllüdlü Camalzadə Leyla Araz qızı və 13.08.2011-ci il təvəllüdlü Camalzadə Ayaz Araz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03.02.2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh Camalova Kəmalə Rafiq qızın xeyrinə hər ay bir uşağa görə 150 (yüz əlli) manat,iki uşağa görə 300(üç yüz) manat sabit pul məbləğində aliment tutulmaı qət edilmişdir. İş materiallarında olan 26.08.2011-ci il tarixli AZ-İİ 739988 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, Camalzadə Ayaz Araz oğlu 13.08.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Camalova Kəmalə Rafiq qızıdır. İş materiallarında olan 26.05.2015-ci il tarixli AZ-İİİ 546571 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, Camalzadə Leyla Araz qızı 26.04.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Camalova Kəmalə Rafiq qızıdır.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Lakin mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf cavabdehin maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirə bilmir. Buna görə də, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini nəzərə almaqla , mübahisələndirilən hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, qanunvericilkdə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Hazırki halda isə “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələbini əsas götürməklə hər uşaq üçün 193 manat məbləğin Cavabdeh üzərinə qoyulması qanunun bərabərlik prinsipini pozulması ilə nəticələnmiş olar. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirlən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-888/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-888/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar