Məhkəmə qərarları › İş №2(103)-3847/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3847/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3847/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 15000 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh aldığı borcu məcburi vaxtında ödəməli, ödəmədiyi təqdirdə İddiaçı məhkəməyə müraciət edərək öhdəliyin icrasını tələb etməli, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin, müqavilənin 7-ci bəndinə əsasən Cavabdeh vurulmuş zərərə görə 3000 manat pul ödəməyə razı olduğunu öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən (ərizə) görünür ki, Cavabdeh Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 14-də yaşayan İddiaçı 15.000 (on beş min) manat anasının əməliyyatı üçün borc almış, 15 avqust 2024-cü il tarixində qaytaracağını və qaytarmadığı təqdirdə İddiaçı şikayət etməsinə etiraz etmədiyini bildirmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 (on beş min) manat məbləğində borc pulun, vurduğu zərərə görə 3000 (üç min) manatın və ödənilmiş dövlət rüsumunun alnınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə əsasən 7 günə, yəni xx.xx.2024-ci il tarixə aldığı borcu rayondaki mal-qaralarını sataraq bir həftəyə qaytarmalı idi. Bu günə kimi müxtəlif bəhanələr gətirərək aldığı borcu qaytarmamışdır. Dəfələrlə cavabdehə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar edilsə də heç bir nəticəsi olmamışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev, iş № 2(008)-1586/25) iddia qismən təmin edilmiş, cavabdehdən 15000 manat məbləğində borcun, 750 manat dəymiş ziyan və 137,25 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında 15000 manat borcun verilməsi barədə xx.xx.2024-cü il tarixdə yazılı razılaşma imzalanmış, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirablara məruz qalaraq sarsıntı keçirmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin daha az məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcundan 2000 manat ödəyib, lakin birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyinə görə həmin qəbzin məhkəməyə təqdim edilməsi mümkün olmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh isə ərizə göndərərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız 15 000 manat borcun tutulması hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən həmin hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. İddiaçı kredit müqaviləsi əsasında cavabdehə verdiyi 15000 manat məbləğində borc pulun alınaraq ona ödənilməsini xahiş edir.

17. İş materiallarından göründüyü kimi tərəflər arasında 15000 manat borcun verilməsi barədə xx.xx.2024-cü il tarixdə yazılı razılaşma imzalanmışdır. Yəni, tərəflər arasında borc münasibətlərinin olması mübahisəsizdir.

18. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflər arasında razılaşmaya əsasən 15000 manat borcun cavabdehə verildiyini əsas götürərək borcun məbləğini 15000 manat həddində müəyyən etmiş və təmin etmişdir.

19. Cavabdeh apellyasiya şikayətində həmin məbləğdə borcun ona verildiyini etiraf etmiş, lakin həmin məbləğdən 2000 manat qaytardığını bildirmiş və bu əsasla qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 2000 manatın iddiaçıya ödənilməsini təsdiq edən sübutu (ödəmə qəbzini) apellyasiya şikayətinə əlavə etmişdir.

20. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehdən borc məbləğinin tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, tutulmalı məbləğin miqdarı barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.

21. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş 24226 saylı ödəmə qəbzindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçının adına olan 416973……5378 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartına 2000 manat ödəyib.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ondan iddiaçının xeyrinə tutulan borcun məbləğinin daha az məbləğdə müəyyən olunmasını xahiş etsə də, “daha az məbləğ” dedikdə nəyi nəzərdə tutduğunu aydın göstərməmişdir. Cavabdeh apellyasiya baxışı zamanı iştirak etmədiyindən həmin məsələnin məhkəmə iclasında müəyyən edilməsi də mümkün olmamışdır. Cavabdeh iddiaçının kart hesabına yalnız 2000 manat ödəniş etməsi ilə bağlı qəbzi apellyasiya şikayətinə əlavə etmişdir.

23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə göndərdiyi ərizədə iddiaçıya 2000 manatdan əlavə girov kimi 12 000 manat dəyərində avtomobil də verdiyini göstərsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh aldığı borcdan 2000 manatın birinci instansiya məhkəməsində qətnamə çıxarılanadək qaytarıldığını qanunla müəyyən olunmuş qaydada sübuta yetirdiyindən həmin rəqəm tələb olunan məbləğdən çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə tutulan borcun miqdarı 13 000 manat müəyyən edilməlidir.

25. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaya qarşı etirazını əsaslandırdığı faktları yalnız 2000 manat borcun qaytarılması hissəsində sübuta yetirdiyindən qətnamə də məhz həmin məbləğə uyğun şəkildə dəyişdirilməli və borcun məbləği 13 000 manat müəyyən edilməlidir.

29. Qətnamə mənəvi ziyanın əvəzinin tutulması hissəsində mübahisələndirilmədiyindən Kollegiya qətnamənin əsaslılığını həmin hissədə yoxlamadı.

30. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 15 000 (on beş min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə tutulan borc pulun məbləği 13000 (on üç min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar