Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3849/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Sadıqov Şahin Bəxtiyar oğlunun, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-158/2021 saylı iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.08.2014-cü il tarixli, 15R000005734 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 18.04.2016-cı il tarixli 15R000005734S saylı, 05.04.2017-ci il tarixli 15R000005734SA saylı, 29.09.2017ci il tarixli 15R000005734SB saylı, 30.03.2018-ci il tarixli 15R000005734SD saylı, 09.07.2018-ci il tarixli 15R000005734SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödənilmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 160488,94 ABŞ dolları ödəmiş, onun 39.511,06 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3- cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 Nazim oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditor qaytarmadığı üçün 27.08.2020-ci il tarixə 602 gün üçün hesablanmış faiz borcu 36504,19 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının0,5% məbləğində cərimə ödəməlidir. 27.08.2020ci il tarixə 602 gün üçün hesablanmış cərimə 74.605,02 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə əsasən vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 30.07.2014-cü il tarixli 15M000000666 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin 80 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir və həmin yüklülük qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 04.08.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İpoteka qoyanın həyat yoldaşı Məmmədova Nailə Məhərrəm qızı notariat kontoruna ərizə təqlim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o, satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R000005734 saylı kredit razılaşması üzrə 39511,06 ABŞ dolları kredit borcu, 36504,19 ABŞ dolları faiz borcu və 74.605,19 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 150.620,27 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin 80 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 150.620,27 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada ”AccessBank” QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin 80 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracdan nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-158/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 15R000005734 saylı, 01.08.2014-cü il tarixli kredit razılaşması üzrə yaranmış borc - 38.161,78 ABŞ dolları əsas, 27.905,77 ABŞ dolları faiz, 932,45 ABŞ dolları cərimə, cəmi 67000 (altmış yeddi min) ABŞ dolları pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, həmin tutma Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiymətinin 163.134,40 (yüz altmış üç min yüz otuz dörd manat, qırx qəpik) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və Cavabdeh2 həmin əmlakdan çıxarılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqı kimi ödənilmiş 20 manatın, cəmi 60 (altmış) manat məbləğində pulun tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə, əsassızdır və ləğv olunmalıdır. Belə ki, iş üzrə mühasibatlıq ekspertizası keçirilməmiş və borcun məbləği düzgün müəyyən edilməmişdir. Bundan başqa, ipoteka predmetinin dəyəri də reallıqdan çox uzaqdır. Rəy formal əsaslarla verilmişdir və həmin binada olan digər əmlakların qiymətindən ən azı 2 dəfə aşağıdır. Məhkəmə iddia tələbinə uyğun olaraq mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılmasını qət etmişdir. Halbuki, hərrac zamanı ipotekaqoyanın ipoteka predmetini özünün almaqda üstünlük hüququ vardır və gələcəkdə də həmin əmlakı kimin əldə edəcəyi indidən məlum olmadığından və bu tələbi yalnız əmlakın mülkiyyətçisinin subyektiv hüququ əsasında tələb edilməsinə yol verildiyindən hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməli idi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə barədə "xxxx" MMC-nin rəyi ilə razı deyil. Belə ki, hazırkı halda müəyyən edilmiş ilkin satış qiyməti həmin binada olan mənzillərin qiymətindən ən azı 2 dəfə aşağıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Sadıqov Şahin Bəxtiyar oğlu izahat verərək bildirdi ki, Bank olaraq məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə barədə "xxxx" MMC-nin rəyi ilə razıdırlar və qeyd edilən rəy nəzərə alınmaqla qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-158/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilin ilkin satış qiymətinin 163.134,40 (yüz altmış üç min yüz otuz dörd manat, qırx qəpik) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin hərracdan ilkin satış qiyməti 225000 (iki yüz iyimi beş min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş üzrə “Bank” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh2 arasında bağlanmış 25.07.2014-cü il tarixli 15S********** nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 bankla bağladığı 24.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan «Bank» qismində İddiaçı QSC ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış 01.08.2014-cü il tarixli 15R000005734 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1,1667% olmaqla 36 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində İddiaçı QSC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 30.07.2014-cü il tarixli 15M000000666 No-li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 24.07.2014-cü il tarixli 15L000002998 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 6-cı mərtəbədə yerləşən 127,0 kv.m. ümumi sahədən, 71,7 kv.m. yaşayış sahəsindən, 55,3 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 163.134,40 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734S No-li 18.06.2016-cı il tarixli Sazişinə əsasən Bank ilə “Kredit Alan” arasında 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə 01.08.2014-cü il tarixdə bağlanmış 15R000005734 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 18.04.2016-cı il tarixdən aylıq 1,0833% dərəcəsi ilə faizlər hesablanır və Kredit Alan, Kreditn Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 18.04.2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir, Kredit Alan bu Saziş bağlandıqdan sona yenidən cari krediti üzrə restrukturizasiya olunmasını tələb etdikdə və cari kredit restrukturizasiya olunduğu halda kreditin qalıq məbləğinə aylıq 1,1667% faiz dərəcəsi ilə faizlər hesablanacaq, xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SA No-li 05.04.2017-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə 30.07.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 05.04.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SB No-li 29.09.2017-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə 30.07.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29.09.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SD No-li 30.03.2018-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə 30.07.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 05.04.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə Kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15R000005734SE No-li 09.07.2018-ci il tarixli Sazişinə əsasən Bank ilə Kredit Alan arasında 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsi üzrə 30.07.2014-cü il tarixdə bağlanmış 15R000005734 Kredit Razılaşması (“Kredit Razılaşması”) əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 09.07.2018-ci il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri Kredit Alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 27.08.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 01.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 27.08.2020- ci il tarixə 39.511,06 ABŞ dolları əsas, 36.504,19 ABŞ dolları faiz, 74.605,02 ABŞ dolları cərimə, cəmi 150.620,27 ABŞ dolları borcu var. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 16.11.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 01.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 03.01.2019-cu il tarixə 39.511,06 ABŞ dolları əsas, 27.892,55 ABŞ dolları faiz, 20.885,7 ABŞ dolları cərimə, cəmi 88.289,31 ABŞ dolları borcu var. İş materiallarında olan RX ******* №-li çıxarışından görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən, 17 saylı evin 80 saylı mənzil 25.07.2014-cü il tarixli, 15L000002998 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh2 04.08.2020-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı QSC tərəfindən AR ƏMDK yanında yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış 10.08.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin 04.08.2020-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və həmin bildiriş 11.08.2020-ci il tarixdə qeydə alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28.12.2020-ci il tarixli 9/4699 saylı rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 01.08.2014-cü il tarixli 15R000005734 saylı kredit razılaşması, 18.04.2016-cı il tarixli “Saziş”, 05.04.2017-ci il tarixli “Saziş”, 29.09.2017-ci il tarixli “Saziş”, 30.03.2018-ci il tarixli “Saziş” və 09.07.2018-ci il tarixli “Saziş”də qeyd olunan şərtlərə əsasən Cavabdeh1 İddiaçı QSC-nə olan borclu 79.567,55 dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 50.661,78 ABŞ dolları, faiz borcu üzrə 28.905,77 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 01.08.2014-cü il tarixli, 15R000005734 saylı kredit razılaşması üzrə Cavabdeh1 tərəfindən 28.02.2019- cu il tarixdən 31.05.2020-ci il tarixədək ümumilikdə 13.500,00 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin məbləğin 12.500,00 ABŞ dolları əsas borca və 1.000,00 ABŞ dolları isə faiz borcuna silinmişdir. 13.500,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 66.067,55 ABŞ dolları (79.567,55 - 13.500,00) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 38.161,78 ABŞ dolları, faiz borcu üzrə 27.905,77 ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu MəcƏliənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 25.07.2014-cü il tarixli 15L000002998 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Eyni zamanda həmin kredit xətti müqaviləsinin təminatı kimi Bank, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında 30.07.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materialları ilə eyni zamanda müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 01.08.2014-cü il tarixli, 15R000005734 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 1,6667% dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 18.04.2016-cı il tarixli 15R000005734S, 05.04.2017-ci il tarixli 15R000005734SA saylı, 29.09.2017-ci il tarixli 15R000005734SB, 30.03.2018-ci il tarixli 15R000005734SD saylı, 09.07.2018-ci il tarixli 15R000005734SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələri üzrə götürdüklər öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən kredit razılaşması üzrə yaranmış 39511,06 ABŞ dolları əsas, 36504,19 ABŞ dolları faiz, 74605,19 ABŞ dolları cərimə, cəmi 150.620,27 ABŞ dolları birgə qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 38.161,78 ABŞ dolları əsas borc, 27.905,77 ABŞ dolları faiz borcu mövcuddur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun 38.161,78 ABŞ dolları, faiz borcunun 27.905,77 ABŞ dolları olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməli və həmin hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 74605,19 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, tutulacaq dəbbə (cərimə) borcunun miqdarı 932,45 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kredit və zaminlik müqaviləsi üzrə əsas, faiz, cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iş üzrə mtihasibatlıq ekspertizasının keçirilmədiyini və borcun məbləğinin düzgün müəyyən edilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, məhkəmə tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 28.12.2020-ci il tarixli 9/4699 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 38.161,78 ABŞ dolları əsas borc, 27.905,77 ABŞ dolları faiz borcu mövcuddur. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar təqdim edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Oma görə də, apellyasiya şikayətinin dəlili bu hissədə yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Cavabdehin ipoteka predmeti olan mənzilin satış qiymətinin real qiymətindən aşağı müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, aşağıdakılara əsasən bu hissədə apellyasiya şikayəti qismın təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 22 iyul 2021-ci il tarixli № MB 14/0932 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında (6-cı mərtəbədə) yerləşən 127,0 kv.m. ümumi sahədən, 71,7 kv.m. yaşayış sahəsindən, 55,3 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilin 22 iyul 2021-ci il tarixinə hesablanmış likvid dəyəri 225000 (iki yüz iyimi beş min) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, qiymətləndirmə rəyi sübut növü kimi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan ünvan 1 ünvanında (6-cı mərtəbədə) yerləşən 127,0 kv.m. ümumi sahədən, 71,7 kv.m. yaşayış sahəsindən, 55,3 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilin hərracdan ilkin satış qiyməti 225000 (iki yüz iyimi beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 22 iyul 2021-ci il tarixli № MB 14/0932 saylı məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 300 (üç yüz) manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qətnaməni dəyişdirə bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-158/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilin ilkin satış qiymətinin 163.134,40 (yüz altmış üç min yüz otuz dörd manat, qırx qəpik) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin hərracdan ilkin satış qiyməti 225000 (iki yüz iyimi beş min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-158/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 17 saylı evin 80 saylı mənzilin ilkin satış qiymətinin 163.134,40 (yüz altmış üç min yüz otuz dörd manat, qırx qəpik) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək mənzilin hərracdan ilkin satış qiyməti 225000 (iki yüz iyimi beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1dan tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ33İBAZ**********6792716216, VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3849/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3849/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver