Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3849/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin artırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-649/2024 saylı, 01 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1520/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Osmanova (Əfəndiyeva) Zərifə Baba qızı ilə Cavabdeh arasında 12 may 2017-ci ildə Şamaxı rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 may 2017-ci il tarixdə 92 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 anası Osmanova (Əfəndiyeva) Zərifə Baba qızının yanında qalması və Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 90 manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanması üçün hər ay 30 manat pulun alınıb iddiaçı Osmanova (Əfəndiyeva) Zərifə Baba qızına verilməsi qət edilmişdir.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 №-li Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 13-16-9-2/2-01/1-09/20 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.2019-cu il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 №-li Regional Sukanal İdarəsinin Şamaxı sukanal sahəsi istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda təmirçi çilingər peşəsində işləyir və aylıq əmək haqqı 368,00 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 235 manat sabit pul mələğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərir ki, hal-hazırda X1 yeddi yaşı var. Şamaxı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də, o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-649/2024 saylı, 01 aprel 2024cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia tələbinin qismən təmin edilərək Şamaxı rayon Məhkəməsinin 2(074)-1520/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilmədi; iddianın qalan hissədə təmin edilməməsi; alimentin yeni qaydada tutulmasının hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş edib şikayətində göstərir ki, Azərbycan Respublikasında 2024-cü il yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, uşaq hal-hazırda orta məktəbdə təhsil alır. Məhkəmənin müəyyən etdiyi 150 manat aliment uşağın məktəbdən kənar hazırlıq xərcləri, maddi və sair tələbatının ¼ hissəsi belə etmir. Belə olan halda, məhkəmə 2024-cü il ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan 235 manatı təmin etməməsi bu sahədə olan maddi hüquq normalarının pozulmasıdır. Belə ki, Cavabdeh həmçinin, sahibkarlıq fəaliyyətiilə də məşğul olur, Şamaxı şəhərində kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldur, çoxlu sayda iri və xırda buynuzlu mal-qara saxlayır. Həmçinin, Vətən müharibəsinin veteranı kimi müavinət alır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və vəkili üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını iştirakı olmadan keçirərək apellyasiya şikayətinin və iddia tələbinin təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu.
«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin digər, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı mübahisələndirilən hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
19. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir.
20. Ailə Məcələsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir.
21. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər.
22. Belə ki, məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il "Azərbaycan Respublikasında yaşayış minimumu haqqında" Qanunda göstərilən (artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.
23. Əlbəttə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər.
24. Lakin sözügedən qərarlarda da 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki, 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.
25. Hazırki işdədə iddiaçı cavabdehin qazancının artmasına yaxud maddi vəziyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də alimenti cavabdehin qazancının müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində istəmişdir.
26. Apellyasiya baxışı zamanı da işdə olan sübutlarla cavabdehin rəsmi olaraq əmək müqaviləsi ilə işlədiyi, əmək haqqının 368 manat olduğu, ikinci dəfə nikah bağladığı və sonuncu nikahdan da 2 uşağının doğulduğu və arvadının 3-cü uşağa hamilə olduğu təsdiq olundu. İddiaçı da bu faktları inkar etmir. Yalnız cavabdehin Şamaxı şəhərində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu, çoxlu sayda iri və xırda buynuzlu mal-qara saxladığını, Vətən müharibəsinin veteranı kimi müavinət aldığını bildirir. Cavabdehin Vətən müharibəsi veteranı kimi 80 manat təqaüd alması mübahisə doğurmasa da, çoxlu sayda iri və xırda buynuzlu heyvan saxlamasına dair məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Demək ki, hazırki vəziyyətdə, cavabdehin maddi vəziyyətində müsbətə doğru hər hansı bir dəyişikliyin olması təsdiq olunmur, üstəlik 368 manat əmək haqqı ilə ümumilikdə hər iki nikahdan doğulmuş və doğulacaq 4 uşağın saxlanması öhdəliyi də vardır.
27. Bununla belə, iddiaçının cavabdehin daha artıq qazancının və digər gəlirlərinin olması barədə mötəbər sübut əldə edərsə, sabit pul məbləğində yaxud da aylıq qazancının və digər gəlirlərinin müəyyən hissəsi kimi yenidən məhkəməyə müraciət etməyə hansısa maneə mövcud deyildir.
28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-649/2024 saylı, 01 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-649/2024 saylı, 01 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.