Məhkəmə qərarları › İş №2(103)-3849/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3849/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3849/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1181/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurmuş olduğu 75 manat cərimənin və məhkəmədə idda qaldırılması üçün ödəmiş 32 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində, 28 May küçəsi 56 ünvanında yerləşən “Unikal” Travel işlədən Cavabdeh 430 manat ödəniş edərək həyat yoldaşı X2 adına Bakıdan Kataviçaya uçuş bileti almış,biletin faktiki qiyməti 377 manat olsa da, Cavabdeh əlavə olaraq 50 manat xidmət haqqı alaraq bileti 430 manata satmışdır. Ölkəyə gələrkən yoldaşı üçün bileti da cavabdehdən almış və alınmış olan biletdə heç bir problem yaşanmamışdır. xx.xx.2024-cü il tarixində o, yoldaşını X5 limanından yola saldıqda biletin sistemdə tam təsdiq olunmadığı bilinmiş və əlavə 75 manat cərimənin ödənilməsinə zərurət yaranmış, hər iki uçuşun təsdiqi üçün isə 170 manat tələb olunmuşdur. Belə ki, Bakı-Kataviça birbaşa deyil, Abu Dhabidən tranzit ölkənin də növbəti uçuşunun təsdiqi vurulmamışdır. Bu zaman onlar Cavabdehla əlaqə saxlamış, o, birinci uçuşun təsdiq vaxtının ötdüyünü, uçuş qeydiyyatının təsdiq edə bilməyəcəyini, lakin ikinci uçuşun təsdiq edə biləcəyini bildirmiş və ikinci uçuşun təsdiqini onlara göndərmişdir. Onlar hava Limanında Wizzair hava yollarına 75 manat cərimə ödəmiş, daha sonra isə həmin cərimənin qəbzini Cavabdeh göndərmiş və onun səhlənkarlığına görə ödəmiş olduğu cərimənin gün ərzində onun kart hesabına geri qaytarmağı tələb etmişdir. Lakin Cavabdeh cəriməni ödəməkdən boyun qaçırdaraq təhqiredici sözlər sərf etmişdir. Belə olduğu halda o, DİN-nin 102 qaynar xəttinə şikayət bildirərək Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə yaxınlaşaraq Cavabdeh barədə ərizə ilə şikayət vermiş, lakin dəymiş ziyanın ödənilməsi üçün yalnız məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Wizzair hava yollarında hansı gmail adreslə qeydiyyatdan keçilərək bilet alınırsa, həmin gmail vasitəsiylə də uçuşların təsdiqi olur. Kənar gmail vasitəsiylə uçuşa təsdiq vermək mümkünsüzdür və bu barədə Cavabdeh iddiaçıya heç bir məlumat verməmişdir. Belə ki, ölkəyə daxil olarkən Cavabdeh almış olduğu biletlərdə heç bir qeydiyyat aparmamışdır. Almış olduğu gediş biletlərində də hər hansı bir qeydiyyatdan keçirilməli lazım olası barədə cavabdeh ona heç bir məlumat verməmiş, link atmamış, alınmış biletlərin tam olduğunu və hər hansı bir problem olarsa, özünün cavabdeh olduğunu bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Tahirə Əsədova) xx.xx.2025-ci il tarixli 2(008)-1181/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş 32 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müracət edərək, ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənildiyindən iddiadan imtina etdiyini bildirir. O, məhkəmə iclasında eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizədən görünür ki, iddiaçı tələbindən imtina edir. Kollegiya iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1181/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar