Məhkəmə qərarları › İş №2(103)-385/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-385/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-385/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)-4179/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təmir və əmlaka dəyən maddi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulan zərərin müqabilində mənzilinin təmirinə dəyən maddi ziyana görə 8000 manatın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2007-ci il tarixindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 126, mənzil 24-də yaşayır. Cavabdeh qızı 2007-ci ildən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 126, mənzil 27-də yaşayır. 2008-cı ildən etibarən dəfələrlə cavabdeh mənzilinin su təchizatının vəziyyətinə nəzarət etməməsi nəticəsində, cavabdehin 27 nömrəli mənzilinin düz altında yerləşən mərtəbədəki onun mənzilini su basmışdır. 2018-ci ilin dekabr ayının 8- də və sonuncu dəfə 2019-cu il may ayının 12-də yenidən cavabdeh mənzilində su təchizatını nəzarətsiz qoyub getmişdir. Nəticədə 46 kv.metr yaşayış sahəsi cavabdehin 27 nömrəli mənzilindən bir neçə saat ərzində axan su ilə dolmuşdur. Ona məxsus mənzili su basması nəticəsində mənzilinin işıq sistemi tamamilə iflic vəziyvətə düşmüş, otaqlardakı və girişdəki divarlar şişmiş, divar kağızları vararsız hala qalmışdır, həmçinin, buradakı alçıban tavan da yararsız vəziyyətdədir. Bundan başqa, ona məxsus şəxsi əşyaları (xalçalar, ailə üzvlərinin və onun paltarları və ayaqqabılar) yararsız hala düşmüşdür. Həmçinin vanna otağında qızdırıcı sistem (kalanka və mator) yanmışdır. Cavabdeh mənzili su basmasına görə tam ölçüdə kompensasiyanı könüllü ödəməkdən boyun qaçırır. Buna görə də, ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)-4179/2019 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh 1570,5 manat (bir min beş yüz yetmiş manat 50 qəpik) məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, onun təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)-4179/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Yasamal rayon Məhkəməsinin 14 noyabr 2019 cu il tarixli 2(004)-4174/2019 saylı qətnaməsində yol verilən ilk prosesual pozuntu məhkəmənin proses barədə ona xəbər vermədən və iştirakını təmin etmədən birtərəfli araşdırma apararaq qətnamə qəbul etməsidir. Nəticədə məhkəmə prosesində iştirak edə bilməməyinin nəticəsində hüquqlarının müdafiəsindən kobud formada məhrum olmuşdur. Əgər məhkəmə prosesində iştirak etsəydi iddiaçının əgər mənzilinə su axıdılıbsa bu axıntının onun mənzilindən olmamasının müəyyən olunması üçün ekspertiza təyin edilməsini və əgər qonşuluq naminə onun mənzilindən axıdıldığı müəyyən olardısa, bu halda iddiaçının fantastik ziyan məbləğlərinin əsassız olduğunu müəyyən etmək üçün ekspertiza keçirilməsini və bu ekspertizalarin aparilmasında şəxsən iştirak edərək ekspert araşdırmasında mövqeyini əsaslandırardı. Yasamal rayon Məhkəməsinin 14 noyabr 2019 cu il tarixli 2(004)-4174/2019 saylı qətnaməsində məhkəmə qanunsuz olaraq iddia tələbini təmin edərkən yeganə olaraq ona istinad edib ki, İddiaçı Cavabdeh məxsus mənzildən onun mənzilinə su axıdılmasmı iddia etdiyindən bu məhkəməyə əsas verir ki, cavabdehin təqsirkar olunması müəyyən edilsin və “xxxx” MMC isə iddiaçının mənzilinə dəymiş ziyanın 1570,5 olduğuna dair hesabatı da mötəbər sübut kimi dəyərləndirilməli və qeyd olunan vurulmuş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hesab edir ki, məhkəmənin iddianı təmin etmək üçün gəldiyi nəticə maddi və prosessual hüquq normalarinin pozulması ilə nəticələnmişdir. Çünki məhkəmə təkcə iddiaçının fikri ilə onun mənzilinə axıdılmış suyun məhz ona məxsus mənzildən axıdılması faktını təsdiq edən sübut kimi qiymətləndirə bilməz. Çünki bu hal xüsusi bilik tələb edir və bunun üçün tikinti-texniki ekspertiza təyin etməklə iddiaçının mənzilinə axıdılmış suyun ona məxsus mənzildən sızması ekspert rəyi ilə müəyyən olunmalıdır. Bundan başqa məhkəmə proseslərdə iştirak etmədiyindən ekspertiza yox, qiymətləndirici təyin etməklə vurulmuş maddi ziyani hesablatdırılıb. Bu qiymətləndirici isə ekspert olmadığından onun yalan rəy verməyə görə cinayət məsuliyyəti də olmadığından istədiyi qiyməti hesabatinda qeyd edir. Bunun üçün heç bir məsuliyyəti belə yoxdur. Çünki “Qiymətləndirmə Fəaliyyəti haqqında”Qanuna əsasən məhkəmə qiymətləndirmə hesabatı ilə razı olmadıqda növbəti qiymətləndirmə təyin edə bilər. Hesab edir ki, məhz ilkin ekspertiza ilə iddiaçının mənzilinə su axıdılması mənim mənzilimdən olmuşsa bu halda vurulmuş real zərərin müəyyən olunması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Ekspertiza kəzininin ekspertlərinə həvalə olunmalıdır. Çünki iddiaçı iddia tələbində mənzilinə dəymiş ziyanı 8000 manat qeyd etməsi elə onun bir qonşu kimi sadəcə olmayan bir su axıntısından istifadə edib əsassız varlanmaq istəyidir ki, buna qanunları yol vermir. Bir daha qeyd edir ki, su onun mənzilindən axıdılmayıb və axıdıldığı ekspert rəyi ilə müəyyən olunarsa, o halda iddiaçının şişirdilmiş qiyməti və ondan geri qalmayan qiymətləndiricinin hesabatı ilə müəyyən olunan məbləğin araşdırılması üçün məhkəmə əmtəəşünaslıq ekspertiza təyin edilməli və hər iki ekspertizanın aparilması Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməldir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə münasibətdə ekspertin rəyi ilə razı olduğunu bildirdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini mənzilin təmir xərci ilə bağlı hissəsində qətnamənin qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamə ilə iddia tələbi əmlaka dəyən zərərin ödənilməsi ilə bağlı hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə təmir xərcinin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan, Yasamal rayon Məhkəməsinin 2(004)-4174/2019 saylı, 04 iyul 2019cui il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının “xxxx” MMC-nin 21 oktyabr 2019-cu il tarixli, 93 saylı Hesabatından göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 126, 24 saylı mənzilinə dəymiş ziyan 1570,5 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Kollegiya, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qiymətləndirici rəyi əsasında mənzilin təmirinə görə vurulmuş zərərin həcmini 1570,5 manat müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiya hesab etmişdir ki, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 126, 27 saylı mənzilindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 126, 24 saylı mənzilə suyun axıdılmasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tikintitexniki ekspertizası keçirilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2021-ci il tarixli, 10/334 saylı rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 126 saylı evin, 27 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunal xətləri (su kanalizasiya boru xətləri) gizli (malaaltı) şəkildə olduğundan, onların saz və ya nasazlığın müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçilirmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 24 saylı mənzilə sızmanın səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 126 saylı evin, 24 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələri, eləcə də, mülki iş materiallarında olan 32 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14.05.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 126 saylı evin, 24 saylı mənzilinə yuxarı mərtəbədəki 27 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 126 saylı evin, 24 saylı mənzilində su sızma nəticəsində, əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 877,0 manat məbləğində müəyyən edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə mənzilin təmirinə görə 1570,5 manat zərərin tutulması hissəsində dəyişdirilərək, ekspert rəyi əsasında dəymiş zərər 877 manat müəyyən edilməlidir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki işin 46-cı vərəqəsində onun SMS xəbərdar olması ilə bağlı məlumat mövcuddur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, qətnamə dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilərək, dövlət rüsumu 3,3 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın 11 (on bir) manatı cavabdehdən, 89 (səksən doqquz) manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)- 4179/2019 saylı qətnaməsi mənzilin təmir xərci ilə bağlı maddi zərərin məbləği və dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilsin, maddi zərər 877 (səkkiz yüz yetmiş yeddi) manat, dövlət rüsumu 3,3 (üç manat otuz qəpik) manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın 11 manatı Cavabdeh, 89 (səksən doqquz) manatı İddiaçı alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar