Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3855/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(001)-6154/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazın talanması nəticəsində vurulmuş 3715,2 manat məbləğində maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3745,2 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 07 fevral 2019-cu il tarixində 99769 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00160 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 07 fevral 2019-cu il tarixdə Smart İtron tipli, G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qaz xəttinə qoşulmaqla qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil X2nın pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda 3715,2 manat təşkil edir. Müqavilə üzrə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, cavabdehə məxsus mənzilə 07 fevral 2019-cu il tarixdə sayğac quraşdırılmış, həmin tarixdən 13 gün sonra, yəni 20 fevral 2019-cu il tarixdə sayğaca baxış keçirilərkən güya cavabdeh tərəfindən qanunsuz qoşulma faktı aşkar edilmişdir. Halbuki, cavabdeh tərəfindən qaz xəttinə sayğacdankənar qoşulma olunmamış, cavabdeh sayğac üzrə təbii qazdan istifadə etmiş, yaranmış borcu da mütəmadi olaraq ödəmişdir. Belə olmasaydı, iddiaçı cəmiyyətin internet səhifəsində abonentin kodu ilə borc yoxlanılarkən orada borcun olması göstərilərdi. İşin əsli ondan ibarətdir ki, iddiaçı cəmiyyətin işçiləri tərəfindən cavabdehə məxsus mənzilə təbii qazın çəkilişi zamanı qanunsuz tələblər olmuş, cavabdeh həmin tələbləri yerinə yetirmədiyindən, iddiaçı belə yola əl atmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş aktdan görünür ki, akt 20 fevral 2019-cu il tarixdə tərtib edilmiş, 28 fevral 2019-cu il tarixdə iddiaçının nümayəndəsi Vüqar Səmədov tərəfindən təsdiq edilmişdir. Akt tərtib edildiyi tarixdən 4 ay əvvəlki dövrdə 2 dəfə olmaqla 23 oktyabr və 27 dekabr 2018-ci il olmaqla guya baş vermiş faktların təsdiq edilməsi üçün tərtib edilmişdir. Halbuki, bu hal yolverilməzdir. Baş vermiş hadisə dərhal aktlaşdırılmalıdır. Aktda qeyd olunmuşdur ki, 23 oktyabr və 27 dekabr 2018-ci il tarixlərində cavabdeh tərəfindən qanunsuz qoşulma halı müəyyən edilsə də, həmin vaxt cavabdeh qeydiyyatsız olduğundan yalnız ona abonent kodu verildikdən sonra əvvəlki borc yeni abonent koduna yönəldilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndinin tələbinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənlərə zidd olaraq, iddiaçının nümayəndələri güya 23 oktyabr və 27 dekabr 2018-ci il tarixlərdə cavabdeh tərəfindən qanunsuz qoşulma faktını müəyyən etməklərinə baxmayaraq cavabdehin ünvanına 07 fevral 2019-cu il tarixdə yeni sayğac quraşdırılmışdır. Əgər qaz xəttinə qanunsuz qoşulma faktı olsaydı, 7 fevral 2019-cu il tarixdə mənzilə qaz sayğacı quraşdırılarkən də bu fakt aşkarlanardı. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 282.1-ci maddəsində təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda (5000 manatdan yuxarı olmayan) ziyan vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən təbii qaz talandığı təqdirdə cavabdeh inzibati məsuliyyətə cəlb olunmamışdır. Qeyd olunanlardan əlavə, iddiaçı təşkilat cavabdeh barəsində akt tərtib olunandan 20 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(001)- 6154/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mötəbər hallara qiymət verilməmiş və qanunun müvafiq tələblərinin tətbiq edilməməsi nəticəsində maddi hüquq normaları pozulmuşdur. Cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etsə də, məhkəmə heç bir hüquqi əsas olmadan, heç bir maddi hüquq normalarına əsaslanmadan, cavabdehin izahatına əsaslanaraq onun sayğacdankənar təbii qazdan istifadə etməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, cavabdehin nümayəndəsi isə qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(001)-6154/2020 saylı qətnaməsi iddiaçı "İddiaçı" İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən olunur ki, 20 fevral 2019-cu il tarixdə “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvan üzrə ******* nömrəli akt tərtib edilmiş, aktda həmin mənzilə 23 oktyabr və 27 dekabr 2018-ci il tarixlərdə baxış keçirilən zaman təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə faktının müəyyən edilməsi, həmin vaxt cavabdeh qeydiyyatsız olduğundan həmin müddətdə istifadə edilmiş qazın hesabatının abonentin yeni hesabına yönəldilməsi göstərilmişdir. Aktın məzmunundan görünür ki, təbii qazdan qeyri-qanuni istifadə faktları akt 20 fevral 2019-cu il tarixdə deyil, daha əvvəl, yəni 23 oktyabr və 27 dekabr 2018-ci il tarixlərdə aşkar olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “İddiaçı” İB tərəfindən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, cavabdehə məxsus fərdi yaşayış evində 23 oktyabr və 27 dekabr 2018-ci il tarixlərdə təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunduğu halda, həmin tarixlərdə onun barəsində müvafiq aktlar tərtib olunmalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndinin tələbinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli idi. Bundan əlavə, 07 fevral 2019-cu il tarixdə cavabdehin evinə sayğac quraşdırılarkən təbii qazdan qanunsuz istifadə halı aşkar olunub aktlaşdırıla bilərdi. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin barəsində təbii X2nın pozulması barədə akt 20 fevral 2019-cu il tarixdə tərtib olunduğu halda, həmin akt əsasında hesablanmış ziyanın əvəzinin tələb olunması barədə iddia ərizəsi bundan 1 il 8 ay sonra məhkəməyə verilmişdir. Qeyd olunanlardan əlavə, iddiaçı təşkilat cavabdeh tərəfindən təbii qazın qanunsuz talanması halları aşkar olunduğu təqdirdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “İddiaçı” İB-nin məhkəməyə təqdim etdiyi qeyri-mötəbər sübutlar əsasında hazırkı iddianın təmin olunması və Cavabdeh mülki məsuliyyətə cəlb olunması qeyri-mümkündür. Buna görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(001)- 6154/2020 saylı qətnaməsi iddiaçı “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3855/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3855/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver