Məhkəmə qərarları › İş №2(103)-3856/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3856/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3856/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3297/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1553/2025 saylı qərardadına əsasən mülki iş məhkəmənin icraatına qəbul edilmişdir. xx.xx.2025-ci il tarixidə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti vəsatətlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1553/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3297/2025 saylı qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair 2(011)-3297/2025 nömrəli mülki iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair 2(006)-1553/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(011)-3297/2025 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3297/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(011)-3297/2025 nömrəli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3297/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının tətbiq edilən hüquq hissəsində Mülki Prosessual Məcəllənin 43.1, 43.2 maddələrinə istinad edilmişdir. Mülki Prosessual Məcəllənin 43-cü maddəsi həmin məcəllənin ərazi aidiyyəti fəsilində (33-45) yer almışdır. Mülki Prosessual Məcəllənin həmin fəsilinində yer alan 44-cü maddəsi “məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi” hallarını təyin edir. Həmçinin Mülki Prosessual Məcəllənin 44.2- ci maddəsində (məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:) isə konkret hallar göstərilir. Bu konkret hallardan biri isə həmin məcəllənin 44.2.6cımaddəsidir. Mülki Prosessual Məcəllənin 44.2.6-cımaddəsində deyilir: “bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.” Mülki Prosessual Məcəllənin 43-cü maddəsi isə iki yarımbənddən yəni 43.1 və 43.2-ci maddələrdən ibarət olmaqla biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti bildirir. Bundan başqa Mülki Prosessual Məcəllənin 45-ci maddəsi işlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydasını müəyyən edir. Həmin məcəllənin 45-ci maddəsi həm işlərin başqa məhkəməyə verilməsi məsələlərindən şikayət vermə qaydasını, həmdə ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydalarını müəyyən edir. Həmin məcəllənin 45.3cü maddəsində deyilir: İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. İşin faktiki hallarında Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında Mülki Prosessual Məcəllənin 43-cü maddəsi ilə 169.3-cü maddəsini əlaqələndirib yekunda isə 169.3-cü maddəni rəhbər tuturaq qərar verməsi düzgün deyildir. Əgər Xətai rayon məhkəməsi Mülki Prosessual Məcəllənin 43-cü maddəsini rəhbər tutaraq işləri birləşdirilməsi üçün göndərilməsi qərardadı çıxartsaydı bu halda işin fatiki hallarına nəzərən Mülki Prosessual Məcəllənin 44.2.6-cı maddəsində göstərilən əsasla (MPM-nin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada başqa məhkəmənin icraatdında olan işlə birləşdirilmək üçün) başqa məhkəməyə göndərildikdə də məhkəmənin bu barədə qərardadından da adi qaydada şikayət verilə bilər. xx.xx.2025-ci il tarixli qərardadda yalnız iddiaçının iddia ərizəsindən sonra əlavə olaraq vəsatəti yer almış cavabdehin isə heç bir tələbi xahişi və vəsatəti nə yer almış, nə mübahisələndirilmişdir nə rədd edilmişdir. Xətai rayon məhkəməsinin sonuncu xx.xx.2025-ci il tarixli qərardadında Mülki Prosessual Məcəllənin 263-264 və 363-cü maddələri rəhbər tutularaq xx.xx.2025-cü il tarixli qərardaddından narazı qaldığı üçün etiraz edərək verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmiş xx.xx.2025-ci il tarixində baxılaraq geri qaytarılmışdır. Həmçinin Mülki Prosessual Məcəllənin 363-cü maddələrində göstərilən heç bir tələbi pozmadığı halda həmin maddə rəhbər tutularaq apellyasiya şikayəti geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsininin işə aid olmasını fərz etsək belə, yenədə qanunvericinin tələblərinə tam riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 184-cü maddəsində deyilir: işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılır. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə bilər. İşdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. Lakin xx.xx.2025-ci il tarixində çıxardılmış qərardadda yalnız iddiaçının iddia ərizəsindən sonra əlavə olaraq vəsatəti yer almış cavabddehin isə heç bir tələbi xahişi və vəsatəti nə yer almış, nə mübahisələndirilmişdir nə rədd edilmişdir. məhkəmə qərardad çıxartmamışdan öncə iş üzrə təqdim edilmiş sənədləri və faktları araşdırıb daha sonra qərar verməlidir. İş üzrə təqdim olunmuş sənədlərə, tələblərə və xahişlərə dəqiq baxılsa idi, cavabdehin Nəsimi rayon məhkəməsində iddiaçı, bankın cavabdeh və onun Xətai rayon məhkəməsində cavabdeh, bankın isə iddiaçı olduğu işlərin bir-biri ilə əlaqəli olan işlər olmadığını öz qərarında açıqlayardı. Çünki hal-hazırda mübahisələndirilən iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisədir. Yəni məhkəmə qərar verməmişdən öncə bu fərqləri araşdırmalı və öz qərardadında bunuda əsaslandırmalı idi. Bir-biri ilə əlaqəli olan işlər ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə fərqli terminlər və fərqli tələblərdir. Yuxarıda göstərilənlərə nəzərən Xətai rayon məhkəməsi öncə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə vəya bir-biri ilə əlaqəli olan işlər kateqoriyasını ayırmalı idi. Məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad çıxartmalı idi. Həmçinin belə bir səbəblə ərizəni icraata qəbul etsə belə ərizəni baxılmamış saxlamalı idi. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsi bildirir ki, “hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.” Həmçinin həmin maddəyə əsasən faktiki hal üçün bizin işdə bir iddiaçının müxtəlif cavabdehlərə və müxtəlif iddiaçıların eyni cavabdehə dair iddialar yoxdur. Nəzərə almaq lazımdır ki, bu işlər o halda birləşdirilir kİ, “həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğu” müəyyən edilsin. Mülki Prosessual Məcəllənin 169.3-cü madddəsinə əsasən Xətai rayon məhkməsinin hakimi yalnız Xətai rayon məhkəməsinin icraatında olan işə birləşdirə bilərdi. Hazırki iş üzrə bu maddəni rəhbər tutaraq Nəsimi rayon məhkəməsinə iş göndərmək düzgün deyil, çünki qanunvericinin bu maddə üzrə tələbi bir başa göstərilmişdir, yəni heç bir istisna ehtiva etmir və tam başa düşüləndir. Yəni birinci instansiya məhkəmələri Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsini rəhbər tutaraq hər hansı bir səbəbdən işi digər birinci instansiya məhkəməsinə göndərə bilməz. Bu halda heç bir istisna və qeyri-müəyyənlik yoxdur. Belə bir hal Mülki Prosessual Məcəllədə və Azərbaycan Respublikası Ali Məhkəməsinin həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında təsbit edilməmişdir. İşin faktiki hallarına görə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad çıxartmalı idi. Həmçinin belə bir səbəblə ərizəni icraata qəbul etsə belə ərizəni baxılmamış saxlamalı idi. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3297/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi isə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hakim Ramin Xəlilovun icraatına götürülmüşdür. Daha sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün, hərtərəfli, obyektiv və qısa müddətdə həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3297/2025 saylı qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair 2(011)-3297/2025 nömrəli mülki iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair 2(006)-1553/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə şikayət verilə biləcək qərardadların konkret dairəsi müəyyən edilmişdir, lakin icraatın birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayəti geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar