Məhkəmə qərarları › İş №2(103)-3858/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3858/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3858/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(011)- 669/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən borc verən borc alana xx.xx.2023-cü il tarixinədək qaytarmaq şərti ilə faizsiz 17.000 manat məbləğində borc vermişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixində borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə pretenziya məktubunu göndərmişdir.

3. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş miçman Cavabdeh ona qarşı qanunsuz hərəkətlər etməsi barədə Respublika Hərbi Prokurorluğuna müraciəti aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Prokurorluğuna göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabı”na daxil edilmişdir. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, X9 onun keçmiş xidmət yoldaşı X4 həyat yoldaşıdır. İddiaçı M.İ.Ağayevanın vasitəsi ilə tanımışdır. xx.xx.2022-ci il tarixdə o, “Həzi Aslanov” metrostansiyası yaxınlığında təsadüfən İddiaçı ilə görüşmüş, həmin zaman maddi sıxıntıları olmuş, İddiaçı notarial qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 17.000 manat məbləğində borc almış, həmin pulu xx.xx.2023-cü il tarixədək sonuncuya geri qaytaracağına dair razılaşmışdır. Həmçinin o, İddiaçı götürdüyü pula görə aylıq 850 manat məbləğində pul ödəməsi barədə sonuncu ilə razılaşmış, lakin borc müqaviləsinə belə bir müddəa əlavə edilməmişdir. Buna görə də o, 2023-cü ilin mart-may aylarında İddiaçı aylıq 850 manat məbləğində pul ödəmişdir. 2023-cü ilin may ayında o, İddiaçıla danışaraq sonuncuya olan borcunun 7.000 manatını dərhal, geri qalan 10.000 manatı isə ayda ən azı 1.000 manat ödəməklə hissə-hissə ödəməyi təklif etmiş, lakin İddiaçı həmin pulu hissə-hissə olmaqla qəbul etməyəcəyini, tam şəkildə istədiyini bildirmiş, bundan sonra onun İddiaçıla münasibətləri korlanmışdır. Hazırki günədək o, İddiaçı olan 17.000 manat borcunu inkar etməmiş, aralarında olan kredit müqaviləsinə əsasən borcun xx.xx.2023-cü il tarixədək qaytarılması şərtini pozsa da, həmin borcu ödəmək niyyətində olmuş, lakin maddi durumu imkan vermədiyi üçün ödəyə bilməmişdir.

4. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş miçman X9 izahatında bildirmişdir ki, X10 onun keçmiş həyat yoldaşı olmuş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Cavabdeh həyat yoldaşı vasitəsi ilə tanımışdır. Cavabdeh həyat yoldaşının xidmət yoldaşı, həmçinin yaxın dostu olmuş, o, Cavabdeh həyat yoldaşı T.Ahangari ilə rəfiqə olmuşdur. Cavabdeh ilə T.Ahangari təxminən 2019-cu ildə boşanmış, boşandıqdan sonra isə T.Ahangari Bakıxanov qəsəbəsində lombard iaşə obyekti işlətmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh və T.Ahangari ilə “Həzi Aslanov metrostansiyası” yaxınlığında görüşmüş və 17.000 manat məbləğində pulu onlara notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi əsasında borc adı ilə vermişdir. Lakin T.Ahangari həmin pul ilə qızıl alıb satacağını və xeyir əldə edəcəyini, həmin xeyirdən İddiaçı da xeyir verəcəyini bildirsə də, sonradan sonuncuya heç bir məbləğdə pul geri qaytarmamışdır.

5. X1 izahatında bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə M.Ağayevadan borc qismində pullar almış, həmin pulları da sonradan sonuncuya geri qaytarmışdır. Lakin onun keçmiş həyat yoldaşı Cavabdeh M.Ağayevadan qohumu İddiaçı borc qismində 17.000 manat məbləğində pul almasından sonradan xəbər tutmuş, habelə onlar arasında olan danışıqlardan da xəbəri olmamışdır.

6. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və cinayət işinin başlanması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı cavabdehdən əsas borca görə 17.000 manat, həmin borca hesablanmış faizə görə 403 manat, vurulmuş mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 144 manat, cəmi 18.047 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 17.000 manat, həmin borca hesablanmış faizə görə 676,5 manat, vurulmuş mənəvi zərərə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 144 manat, cəmi 18.120,5 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir müddətdir tanıdığı cavabdeh 2023-cü ilin fevral ayında ona yoldaşının lombard işi ilə məşğul olduğunu, dövriyyəyə buraxmaq üçün ona pul verməyi və qazancından iddiaçıya da verəcəyini bildirmişdir. O da cavabdehə güvənərək xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 17.000. manat pulu cavabdehə vermiş, lakin cavabdeh onu aldadaraq pulu ələ keçirmişdir. Hazırki vaxtadək cavabdeh nəinki həmin pulun qazancından, hətta əsas məbləği ona qaytarmır. Bir neçə dəfə cavabdehə bildirsə də, ona “hara istəyirsən get şikayət et” deyərək hətta təhqirlər belə etməyə başlamışdır.

10. Cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək göstərmişdir ki, cavabdeh iddiaçıdan götürdüyü məbləği maddi imkanının məhdud olmasına görə iddiaçının tələb etdiyi zaman çərçivəsində qaytara bilməmişdir. Cavabdeh iddiaçını aldatmamış, ona qarşı nalayiq ifadələr işlətməmişdir. Göstərilənlərə əsasən iddia tələbi üzrə iddianın yalnız əsas borcun tutulması hissəsində təmin edilməsi, qalan hissələrdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 669/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə borca görə 17.000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 483,80 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıdan borc pul almış və kredit məbləğinin iddiaçıya qaytarılmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc pul vəsaitinin geri ödənilməsinə dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də 17.000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasi hissəsində iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

13. Məhkəmə iddiaya borca hesablanmış faizə görə 676,5 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh öhdəliyini tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətdə icra etmədiyinə görə, iddiaçı gecikdirilmiş vaxt üçün borc məbləğinə hesablanmış illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin gecikdirilmiş borc məbləğinin 17.000 manat, gecikdirilmiş müddətin isə 205 gün təşkil etidiyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, faiz məbləği 676,5 manat deyil, 483,80 manat (17000x5%/360=2,36; 2,36x205=283,8) məbləğində müəyyən edilməlidir.

14. Məhkəmə iddiaya cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərərin ödəniləsinə dair hissəsində qiymət verərək hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən onun xeyrinə 500 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, iddia ərizəsində göstərdiyi kimi, Cavabdeh tərəfindən iddiaçıya hədə-qorxu gəlməsi, eləcə də cavabdehdən müxtəlif güc orqanlarına etdiyim şikayətlərə əsasən həmin orqanlara çağırılması ilə bağlı sübut məhkəməyə təqdim etməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, mülki hüquq münasibətləri zaminində bağlanılmış müqavilələr üzrə öhdəliklərin pozulması riski ehtimal ediləndir. Elə bu səbəbdəndir ki, qanunvericilikdə müqavilə üzrə öhdəliklərin icrası təminatı üsulları və müqavilə öhdəliklərini pozan tərəfin məsuliyyəti ilə bağlı bir sıra müddəalar nəzərdə tutulmuşdur. İddiaçı da həmin növ qanunvericilik normalarına istinad edərək cavabdehdən müqavilə üzrə öhdəliyin icrasını gecikdirdiyinə görə hesablanmış faizlərin ödənilməsi ilə bağlı iddianı irəli sürmüşdür ki, məhkəmə tərəfindən həmin iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə cavabdeh tərəfindən öhdəliklərini pozduğuna görə iddiaçının dərin mənəvi sarsıntı və iztirabların keçirtməsini də inandırıcı və ağlabatan hesab etmir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442.1, 443, 445.7, 739, 740-cı maddələrinə və Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

16. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnaməyə aşağıdakı düzəliş edilmiş, qətnamənin əsaslandırıcı hissəsində “283,80” rəqəmi “483,80” rəqəmi ilə əvəz edilmiş, qətnamənin nəticə hissəsində “İddia təmin edilsin” sözləri “İddia qismən təmin edilsin” sözləri ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin edilərək 17.000 manat əsas borcdan ödənilmiş 13.900 manat çıxılaraq, iddia tələbinin əsas borcdan qalan 3.100 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qismən təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli qəbzə əsasən 3.900 manat ödəniş terminalı əsasında ödəmişdir. Bundan əlavə, 10.000 manat məbləğində pul məbləğini nağd şəkildə şəxsən iddiaçının özünə ödəmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan (məhkəmədə təqdim edilmiş) sübutlara düzgün qiymət vermədiyinə görə, işin faktiki hallarına obyektiv yanaşmamışdır. Belə ki, iddia təmin edilməklə, iddiaçı əsassız olaraq varlanmış olur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Etiraz belə əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən hazırki mübahisə predmeti olan pul vəsaitinin geri qaytarılması ilə bağlı Respublika Hərbi Prokurorluğuna cavabdehin barəsində şikayət vermiş və həmin şikayt əsasında aparılan araşdırma zamanı cavabdeh özü şəxsən izahat verərək İddiaçı 17.000 manat borcu olduğunu etiraf etmiş, maddi imkanı olmdığı üçün pulu vaxtında qaytara bilmədiyini bildirmişdir. Yəni orada verilən izahat birinci instansiya məhkəməsində verilən izahatla eynidir. Hazırda cavabdeh tərəf hansısa ödənişləri 2023cü ilin fevral və mart aylarında ödədiyini bildirsə də, həmin fikirlərin əsassız olması aydın şəkildə üzə çıxmaqla tamamilə təkzib olunur. Əgər cavabdeh doğurdan da belə bir ödənişlər etsə idi, bundan bir neçə ay sonra hərbi prokurorluqda verilən izahat zamanı bunu qeyd edərdi. Təqdim olunan qəbzlərin isə hazırki işlə heç bir əlaqəsi yoxdur. Əvvəla təqdim olunan qəbzlərdən pulun kim tərəfindən göndərildiyi aydın deyildir. Bundan əlavə, sözügedən qəbzlər cavabdeh həyat yoldaşı X6 ilə İddiaçı arasında baş verən hadisələrlə bağlıdır. Belə ki, çoxlu sayda şəxslərin, o cümlədən, iddiaçının şikayəti əsasında hazırda Türkanə Ahangarinin barəsində Sabunçu rayon prokurorluğunda ********* saylı cinayət işi başlanmış və istintaq davam edir. Sözügedən qəbzlər cinayət icraatı qaydasında araşdırılan həmin münasibətlərlə bağlıdır. Göründüyü kimi, cavabdeh tərəfin subyektiv və uydurma mülahizələri yalnız məhkəmə icraatını yubatmaq və mülki məsuliyyətdən yayınmağa heablanmış və buna görə də əsassızdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 361.4-cü maddəsində qeyd olunur ki, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Göründüyü kimi cavabdeh tərəf hazırda birinci instansiya məhkəməsində təqdim olunmayan və oradakı mövqeyə zidd olan yeni hallarla çıxış edir ki, bu da yolverilməzdir.

21. İddiaçının nümayəndəsi və vəkili həmçinin ərizə verərək məhkəmə kollegiyasından Cavabdeh əsas borca görə tutulan 17.000 manata gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi icra olunan günədək illik 7 faiz məbləğin (2024-cü il üzrə bank uçot dərəcəsinin 7 faiz olduğu nəzərə alınmaqla) hesablanmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Təqdim edilmiş Bakı Hərbi Prokurorluğunun qərarı ilə bağlı həmçinin bildirdi ki, hərbi sahə qapalı sahədir. Cavabdehə necə necə izahat verəcəyi ilə bağlı tapşırıq verilib. Cavabdeh də pulu hissə-hissə ödəyəciyi ilə bağlı ərizə yazıb. İddiaçının nümayəndəsinin və vəkilinin bildirdikləri Mahrux və Türkanə arasında olan məsələ ilə bağlıdır. Təqdim etdiyi video səssizdir. Video görüntünü əldə etdikdən sonra cavabdehdən orada olan şəxslərin kimliyini soruşmuş, cavabdeh ona X5 tanıdığını bildirmişdir. X16 iddiaçıya pulu sayaraq verir. Video silindiyindən birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında Mahrux Ağayevanın cavabdehin həyat yoldaşı Ahangari Türkanəyə qarşı pul tələbinə dair mülki işi var. Həmin iş üzrə Ahangari Türkanə qarşılıqlı iddia ərizəsi verib. Orada da eyni tarixdə 10.000 manatın ödənilməsinə istinad edir. Məhkəməyə cinayət işi ilə bağlı qərarı təqdim etmişdir. Cinayət işi üzrə Aqil və Mahrux zərərçəkən şəxslərdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ondan əsas borcdan 13.900 manat, faiz və dövlət rüsumunun tutulması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəflərin nümayəndələri və vəkillərini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixinədək qaytarmaq şərti ilə faizsiz 17.000 manat məbləğində borc vermişdir.

30. Hazırda cavabdeh apellyasiya şikayətində həmin borcdan 3.900 manat məbləğində vəsaitin ödəniş terminalı əsasında, 10.000 manat vəsaitin isə X3 vasitəsilə ödədiyini bildirsə də, bununla bağlı sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmiş, şahidin dindirilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməmişdir.

31. Əksinə, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh iddiaçıdan götürdüyü məbləği maddi imkanının məhdud olmasına görə iddiaçının tələb etdiyi zaman çərçivəsində qaytara bilməmişdir. Göstərilənlərə əsasən iddia tələbi üzrə iddianın yalnız əsas borcun tutulması hissəsində təmin edilməsi, qalan hissələrdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

32. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Bundan başqa, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılması müddəti bitdikdən sonra iddiaçı şikayətlə hüquq-mühafizə orqanlarına müraciət etmiş, Bakı Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı cavabdeh izahatında bildirmişdir ki, 2023-cü ilin may ayında o, İddiaçıla danışaraq sonuncuya olan borcunun 7.000 manatını dərhal, geri qalan 10.000 manatı isə ayda ən azı 1.000 manat ödəməklə hissə-hissə ödəməyi təklif etmiş, lakin İddiaçı həmin pulu hissə-hissə olmaqla qəbul etməyəcəyini, tam şəkildə istədiyini bildirmiş, bundan sonra onun İddiaçıla münasibətləri korlanmışdır. Hazırki günədək o, İddiaçı olan 17.000 manat borcunu inkar etməmiş, aralarında olan kredit müqaviləsinə əsasən borcun xx.xx.2023-cü il tarixədək qaytarılması şərtini pozsa da, həmin borcu ödəmək niyyətində olmuş, lakin maddi durumu imkan vermədiyi üçün ödəyə bilməmişdir.

34. Göründüyü kimi, cavabdeh iddiaçıya 17.000 manat məbləğində borcunun olduğunu izahat verərkən təsdiq etmişdir.

35. Cavabdehin nümayəndəsi və vəkili cavabdehə necə izahat verəcəyi ilə bağlı tapşırıq verildiyini bildirsə də, məhkəmə bunu inandırıcı saymır. Belə ki, cavabdeh izahatında borcunu etiraf etməklə yanaşı, iddiaçıya 2023-cü ilin mart-may aylarında götürdüyü pula görə aylıq 850 manat məbləğində pul ödədiyini bildirməkdən çəkinməmişdir.

36. O da qeyd edilməlidir ki, qeyd edilən məbləğ 2.550 etdiyi halda (3 ay x 850 manat), bu ödənişlərlə bağlı cavabdeh birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmiş, hazırda istinad etdiyi qəbzdə isə fərqli məbləğ – 3.900 manat əks olunmuşdur.

37. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddianın yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etdiyindən, lakin apellyasiya şikayətində fərqli mövqe nümayiş etdirdiyindən, iddiaçının apellyasiya şikayətinin dəlillərinə cavab olaraq yuxarıda istinad olunan qərarların məhkəmə kollegiyasına təqdim edilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, həmin sübutların təqdim edilməsi üçün əsas apellyasiya icraatı zamanı yaranmışdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 17.000 manat məbləğində borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin borca əldən çıxmış fayda olaraq hesablanmış faizin və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə müvafiq olaraq dövlət rüsumunun tutulması barədə düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin cavabdehdən əsas borca görə tutulan 17.000 manata gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi icra olunan günədək illik 7 faiz məbləğin hesablanması xahişi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-669/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar