Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3862/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə . (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(007)-102/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən, X15 “BMW -7351” markalı, ** SL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16500 manata Cavabdeh satmışdır.
2. xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, “BMW-7351” markalı, ** SL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır.
3. xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən, Cavabdeh “BMW -7351” markalı, ** SL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12000 manata X1.
4. xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş qəbzə əsasən, o, 20000 manat maşının borcundan 4000 manat ödəmiş, 16000 manat qalmışdır və aprel ayının 20dək qalan borcu bağlayacaq. Bağlamasa razılıq əsasında ya faizə, ya da satacaqdır. X3 olan borcudur.
5. xx.xx.2022-ci il tarixli, 077296 saylı “Girov bileti”nin kötüyünə əsasən, Cavabdeh 1 cüt sırğanı; 1 dəst komplekti girov qoymaqla fərdi sahibkar X12 2600 manat pul götürmüşdür.
6. xx.xx.2022-ci il tarixli, 077279 saylı “Girov bileti”nin kötüyünə əsasən, Cavabdeh “BMW-7351” markalı, ** SL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini girov qoymaqla fərdi sahibkar X12 15000 manat pul götürmüşdür.
7. xx.xx.2022-ci il tarixli qəbzə əsasən, Cavabdeh X2 4900 ABŞ dolları və 6670 manat götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 manat və ödənilmiş dövlət rüsumuna görə 138 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 20000 manat vermişdir. Cavabdeh göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza atmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə yazdığı qəbzdə göstərmişdir ki, həmin məbləğdən 4000 manatı qaytarmış, qalan 16000 manatı isə 20 aprel 2022-ci il tarixədək qaytarmağa söz vermiş, əgər həmin müddətdə qalan borcu qaytarmazsa, əvəzində girov qoyduğu nəqliyyat vasitəsini razılıq əsasında iddiaçıya satmağa dair öhdəlik götürmüşdür. Cavabdeh öhdəsinə götürdüyü müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, həmin borcdan qalan 16000 manatı hələ də, qaytarmamışdır. Dəfələrlə verdiyi pulu tələb etsə də, həmin şəxs müxtəlif bəhanələrlə qalan borcunu ödəməkdən yayınmışdır. Cavabdehin bu hərəkəti ona çox böyük zərər vurmuşdur. Həmçinin iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manatın və ödənilmiş dövlət rüsumuna görə 135 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Həmçinin iddiaçı, tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehə 15000 manat nağd formada pul vermişdir. Həmin şəxs göstərilən məbləği almağını öz xətti ilə yazıb və qəbzə imza atmışdır. Cavabdeh həmin məbləği 2 ay ərzində qaytarmağa söz vermiş və həmin məbləği aldığını onun həyat yoldaşı X8 da qəbzə imza ataraq təsdiq etmişdir. Cavabdeh öhdəsinə götürdüyü müddətdən artıq keçməsinə baxmayaraq, həmin məbləği hələ də qaytarmamışdır. Dəfələrlə verdiyi pulu istəsə də, həmin şəxs müxtəlif bəhanələrlə 15000 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh bu hərəkəti ilə ona çox böyük zərər vurmuşdur.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(007)- 1794/2023 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair 2(007)- 1794/2023 saylı mülki işlə, iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair 2(007)- 1751/2023 saylı mülki işlə bir icraatda birləşdirilmiş və bir icraatda birləşdirilmiş 2(007)- 1751/2023 saylı mülki iş saxlanılmaqla, 2(007)-1794/2023 saylı mülki işinin icraatına xitam verilmişdir.
12. Cavabdeh hər iki iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü iddialar əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının oğlu X5 işlədir və faizlə vətəndaşlara pul verir. Onun pula ehtiyacı olduğu üçün 2022-ci ilin iyul ayında cavabdehə müraciət edərək, ona 15000 manat pul versin. Lakin, cavabdeh həmin pul müqabilində özünün mülkiyyətində olan “BMW” markalı, ** SL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin onun mülkiyyətinə keçirilməsini tələb edib və nəqliyyat vasitəsini iddiaçının adına keçirdikdən sonra, həmin məbləği ona verib. Pulu verərkən aralarında razılıq olub ki, pul tam geri qaytarıldıqdan sonra nəqliyyat vasitəsi ona geri qaytarılacaqdır. Sonradan ona yenə pul lazım olduğu üçün 6000 manat dəyərində qızıl-zinyət əşyalarını iddiaçıya verərək, bunun müqabilində faizlə ondan 2600 manat pul almışdır. Yenə də aralarında razılıq olub ki, pul faizlə tam ödədikdən sonra qızıl-zinyət əşyaları ona geri qaytarılacaqdır. O, mütəmadi olaraq iddiaçıya pulu qaytarırdı və bu günə kimi iddiaçıya 8355 manat pul qaytarıb. Pulun geri qaytarılmasını müxtəlif vaxtlarda məhkəməyə təqdim etdiyi qəbzlər də təsdiq edir. Lakin gəliri az olduğu üçün axır vaxtlar pulu ödəyə bilməyib. Pulu ödəyə bilmədiyi üçün iddiaçıya müraciət edib ki, nəqliyyat vasitəsini geri qaytarsın ki, onu satıb borcunu bağlasın. Nəticədə iddiaçı ona qarşı müxtəlif məbləğdə pul tələbinə dair məhkəmədə iddia qaldırıb. O, iddiaçıdan cəmi 17600 manat pul alıb və həmin pulun müqabilində iddiaçı ondan nəqliyyat vasitəsini və qızıl-zinyət əşyalarını girov götürüb. İddiaçının ondan 2(007)- 1751/2023 saylı mülki iş üzrə iddia etdiyi 16000 manat və 2(007)- 1794/2023 saylı mülki iş üzrə iddia etdiyi 15000 manatla razı deyil. İkinci dəfə o, iddiaçıdan cəmi 2600 manat pul alıb və həmin pullardan 8.355 manat qaytarıb. İddiaçı məhkəməni yanlış istiqamətə yönəldərək, müxtəlif qəbzlər təqdim edərək, aldadaraq varlanmaq niyyətindədir. Belə ki, o, hər dəfə verdiyi pulların üstünə faiz gələrək ümumi məbləğdə ona qəbzlərə imza atdırıb. İddiaçı onun nəqliyyat vasitəsini və qızıl-zinət əşyalarını alaraq ondan həm də pul tələb edir. O, iddiaçıya təklif etmişdir ki, qızıl-zinət əşyalarını və nəqliyyat vasitəsini qaytarsın və satıb borcunu ödəsin.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli, 2(007)- 102/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
14. Məhkəmə işin hallarını nəzərə alaraq müəyyən etmişdir ki, mübahisələndirilən 15000 manat iddiaçıya məxsus olmamaqla, iddiaçının işlədiyi, onun oğluna, yəni X17 məxsus olan Lombardın vəsaiti olub.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Nəticə etibarı ilə iddiaçının 15000 manatla bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz.
16. Məhkəmə iddia tələbinin, yəni “16000 manatın tutulması”na münasibətdə qeyd etmişdir ki, iddiaçı, iddia tələbində cavabdehə 20000 manat borc verdiyini, həmin puldan 4000 manat qaytarıldığını və cavabdehin 16000 manatı 20 aprel 2022-ci il tarixədək qaytarmaqla bağlı öhdəlik götürdüyünü qeyd etmişdir. Məhkəməyə sübut kimi xx.xx.2022ci il tarixli qəbz təqdim edilmişdir. Cavabdeh həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023-cü il göstərilməli olduğunu, həmin pulun iddiaçıdan götürdüyü 15000 manat və 2600 manat borcun faizi olduğunu qeyd etmişdir.
17. Məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə sübut kimi ödəniş qəbzlərini təqdim etmişdir. Həmin qəbzlərin bir neçəsi X16 bank hesabına edilmiş ödənişlər, bir hissəsi isə ona məxsus lombardın möhürü ilə təsdiq edilmiş ödənişlərdir. Məhkəməyə ödənişlərin surətləri təqdim edilsə də, məhkəmə iclasında iddiaçı xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdəki məlumatların mötəbərliyini təsdiq etmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli qəbzə əsasən cavabdeh 20050 manat borcdan 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 20000 manat borcdan 4000 manat ödəmiş, 16000 borc qalmışdır. İddiaçı sonuncu qəbzin tarixinin səhvən xx.xx.2023-cü il qeyd edildiyini, məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən tərtib edilmiş qəbzdə olduğu kimi xx.xx.2022-ci il olduğunu qeyd etmişdir. Cavabdeh buna etiraz edərək, ödənişin xx.xx.2023-cü il tarixdə edildiyini, iddiaçının təqdim etdiyi qəbzdəki tarixin düzgün olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il (400 manat) və xx.xx.2022-ci il (100 manat) tarixli qəbzlərin qızıl-zinət əşyalarının girov qoyulması ilə götürülən borc üzrə edilmiş ödəniş olduğunu bildirmiş və iddiaçı buna etiraz etməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə dəfələrlə məhkəmə iclarları keçirilmiş, işin halları ilə bağlı iş üzrə tərəflər fərqli fikirlər səsləndirmişlər. Məhkəmə iş üzrə tərəfləri şəxsən dinlədikdən və iş materiallarını tədqiq etdikdən sonra belə qənaətə gəlmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən X17 məxsus lombard şirkətində, həmin şirkətin işçisi olan iddiaçıdan 4900 ABŞ dolları və 6670 manat, yəni ümumilikdə 15000 manat götürüb, istifadəsində olan “BMW 7351” minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, həmçinin xx.xx.2022-ci il tarixdə 2600 manat götürüb, qızıl-zinət əşyalarını girov qoyub. Hazırda nə nəqliyyat vasitəsi, nədəki, qızı-zinət əşyaları cavabdehə qaytarılmayıb, iddiaçının izahatı və iş materiallarında olan alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, adıçəkilən nəqliyyat vasitəsi 9000 manata özgəninkiləşdirilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən ümumiyyətlə cavabdehə 20000 manat borc verilməyib. Həmin pulun verilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməyib. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə 20000 manat borc verməsini və həmin puldan 16000 manat ödənilməmiş borc qalmasına dair iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi mötəbər sübutları məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır.
20. Belə olan halda, məhkəmə xüsusi vurğulayaraq qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda isə iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.
21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 739.1-ci maddələrinə, habelə MPM-in 77.1, 78.1, 80, 81, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia tələblərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı iki dəfə cavabdehə pul verməsinə və cavabdehin yazdığı qəbzdə öz xətti ilə borc aldığını etiraf etməsinə və həmin borcların qaytarılması barədə götürdüyü öhdəliyi yerinə yetirməməsinə baxmayaraq, verilən sifarişi qanunlardan üstün tutaraq, müqavilələr üzrə tərəflər arasında yaranan hüquq münasibətlərinə düzgün qiymət verməmişdir. Məhkəmə qərarının əsası kimi istinad olunan və gətirilən dəlillər (bəhanələr) həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamə ləğv edilməlidir. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(103)- 3371/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin rədd olunması hissəsində ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 16000 manatın tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin icraatı zamanı cavabdeh göstərilən halları təsdiq edərək, nəqliyyat vəsiqəsini girov qoymaqla 15000 manat götürməsini təsdiq etmişdir. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən 15000 manat iddiaçıya məxsus olmamaqla, iddiaçının işlədiyi, onun oğluna, yəni X17 məxsus olan lombardın vəsaiti olub. Nəticədə, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “cavabdehdən 15.000 manatın tutulmasının” rədd olunması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, iddianın, yəni “16000 manatın tutulması”na münasibətdə səhv nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırkı mübahisəyə tətbiq etmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.
28. Belə ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırkı işdə iddiaçı iddia etdiyi 16000 manatın cavabdehə verilməsini, cavabdeh isə həmin məbləğin qaytarıldığını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı iddia tələbində cavabdehə 20000 manat verdiyini, həmin puldan 4000 manatı qaytardığını və cavabdehin 16000 manatı 20 aprel 2022-ci il tarixədək qaytarmaqla bağlı öhdəlik götürdüyünü qeyd etmişdir.
29. Məhkəmə kollegiyasına sübut kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qəbz təqdim olunmuşdur. Cavabdeh həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023-cü il göstərilməli olduğunu, həmin pulun iddiaçıdan götürdüyü 15000 manat və 2600 manatın faizi olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş qəbzin cavabdeh tərəfindən yazılması və imza edilməsi işin mübahisəsiz halıdır. Bu halı cavabdeh qəbul edir. Lakin həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023-cü il göstərilməli olduğunu qeyd edir. xx.xx.2022-ci il tarixdə cavabdeh yazdığı qəbzdə qeyd etmişdir ki, həmin məbləğdən 4000 manatını qaytarır, qalan 16000 manatı isə 20 aprel 2022-ci il tarixədək qayatarmağa söz verir, əgər həmin müddətdə qalan borcu qaytarmazsa, əvəzində girov qoyduğu nəqliyyat vasitəsini razılıq əsasında iddiaçıya satmağa dair öhdəlik götürmüşdür.
30. Göründüyü kimi, iddiaçının cavabdehə 20000 manat verdiyi, həmin borcdan 4000 manatının cavabdeh tərəfindən qaytarıldığı, cavabdehin 16000 manat borc məbləğinin qalması sübut olunur. Qeyd edildiyi kimi, cavabdeh tərəf qeyd olunan qəbzin mövcudluğunu qəbul etsə də, həmin qəbzin tarixinin səhv göstərildiyi, əslində xx.xx.2023cü il göstərilməli olduğunu, həmin pulun iddiaçıdan götürdüyü 15000 manat və 2600 manat borcun faizi borcu olduğunu qeyd edir. Qanunvericiliyin tələbinə əsasən artıq qeyd edilən halı, sübut etmə vəzifəsi hazırkı halda məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə qeyd etdiyi halı təsdiq edəcək hər hansı mötəbər sübutu nə birinci, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı, cavabdehdən 16.000 manatı tələb etməkdə haqlı olmuşdur və bu səbəbdən də iddia həmin məbləğə münasibətdə təmin edilməlidir.
32. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1. 448.1, 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında heç bir yazılı müqavilə olmamışdır. Buna baxmayaraq, məhkəmə Mülki Məcəllənin 740-cı maddəsini pozmaq da maraqlı olmuş və qətnamə qəbul edərkən iddiaçı tərəfindən saxta yolla tərtib edilmiş “kağız parçasına” istinad etmişdir. Halbuki, həmin kağız parçası tərəflər arasında hər hansı öhdəliyin həqiqətən mövcud olmasına və həmin öhdəliyin icra edilməməsi gerçəkliyinə dəlaət etmir. Çünki qanunvericiliyin qeyd olunan norması faktiki olaraq mülki hüquqi dövriyyənin iştirakçıları arasında borc öhdəliklərindən irəli gələn münasibətlərin şərtlərini özündə ehtiva edir. İş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı ilə arasında keçmiş danışıqların audio-səs qeydlərinin daşıyıcısı olsa da, apellyasiya instansiyası məhkəməsi sübut növü kimi təqdim edilmiş həmin səs yazılarına baxış keçirməkdən qərəzli olaraq imtina etmişdir. Məhkəmənin audio-video protokollarına baxış keçirilmiş olsa, qeyd edilən iddianın fakt olduğunu müəyyən etmək çox asan olardı.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2(102)-710/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(103)-3371/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh 16000 manatın tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
36. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “- 60. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı 16000 manat tələbinə aid hissədə təmin edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araışdırmayıb. - 61. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı, cavabdehin ondan 20000 manat aldığını, 16 fevral 2022-ci il tarixli qəbzlə həmin məbləğin 4000 manatını qaytardığını, qalan 16000 manatı isə 20 aprel 2022-ci il tarixədək qaytaracağına söz verdiyini, həmin müddətdə qalan borcu qaytarmadığı halda, əvəzində girov qoyduğu nəqliyyat vasitəsini razılıq əsasında ona satacağına dair öhdəlik götürdüyünü, lakin cavabdehin ötən müddət ərzində borcdan qalan 16000 manatı qaytarmadığını, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayındığını və nəticədə ona maddi zərər dəydiyini göstərib, cavabdehdən onun xeyrinə 16000 manatın tutulmasını iddia edir. - 62. Cavabdeh isə iddiaçının lombard işlədərək faizlə ayrı-ayrı şəxslərə pul verdiyini, pula ehtiyacı olduğu üçün 2022-ci ilin iyul ayında mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçının adına keçirməklə ondan 15000 manat aldığını, pulu tam geri qaytardıqdan sonra nəqliyyat vasitəsini ona geri qaytaracağına söz verdiyini, sonradan ona pul lazım olduğu üçün arvadına məxsus qızıl-zinət əşyalarını verərək bunun müqabilində iddiaçıdan faizlə 2600 manat götürdüyünü, aralarında olan razılaşmaya görə pulu faizi ilə birlikdə tam ödədikdən sonra qızıl-zinət əşyalarını ona qaytaracağına dair söz verdiyini, həmçinin bu günədək iddiaçıya 8355 manat pul qaytardığını, bu halın isə işə əlavə edilmiş qəbzlərlə təsdiq olunduğunu, lakin gəliri az olduğu üçün son vaxtlar pulu ödəyə bilmədiyini və beləliklə də iddiaçıdan bütövlükdə 17600 manat pul aldığını, əvəzində ona nəqliyyat vasitəsi və qızıl-zinət əşyaları verdiyini və bütün bunlara baxmayaraq iddiaçının əlavə olaraq ondan 31000 manat tələb etdiyini göstərib, iddiaya etiraz edir. - 63. Əvvəla, işə əlavə edilmiş və üzərində çoxsaylı düzəlişlər aparılmış 14 iyun 2022-ci il tarixli, 077296 saylı və 19 iyul 2022-ci il tarixli, 077279 saylı “Girov biletləri” ilə müəyyən olunur ki, cavabdeh, fərdi sahibkar X17 məxsus lombarda 1 cüt sırğa; 1 dəst komplekt girov qoymaqla ondan 2600 manat; “BMW-7351” markalı, ** SL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini girov qoymaqla 15000 manat pul alıb. - 64. Həmçinin, işə əlavə edilmiş çoxsaylı qəbzlərlə müəyyən olunur ki, cavabdeh, fərdi sahibkar X17 14 iyul 2022-ci il tarixdə 100 manat; 19 dekabr 2022-ci il tarixdə 165 manat; 19 dekabr 2022-ci il tarixdə 400 manat; 28 dekabr 2022-ci il tarixdə 1000 manat; 19 yanvar 2023-cü il tarixdə 1000 manat; 16 fevral 2023-cü il tarixdə 400 manat olmaqla, cəmi 3065 manat ödəyib. - 65. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçıdan 20000 manat aldığını, 16 fevral 2022-ci il tarixli qəbzlə həmin məbləğin 4000 manatını qaytardığını və hazırda onun iddiaçıya ödənilməmiş 16000 manat borcunun qaldığını müəyyən edərkən, sözügedən sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməyib, habelə iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini və nə kimi halların müəyyən edilmədiyini, başqa sözlə tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməyib və nəticədə AR MPM-in 88, 218.1, 380-ci maddələrinin tələblərini pozub. - 66. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, iddianın 16000 manat pul tələbinə aid hissəsində işin bütün müvafiq hallarını, habelə tərəflər arasında olan danışıqları, yazışmaları və tərəflərin sonrakı hərəkətlərini nəzərə almayıb. Halbuki, işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən fərdi sahibkar X20 tərəfindən verilmiş və üzərində çoxsaylı düzəlişlər edilmiş “Girov biletləri” ilə müəyyən olunur ki, hazırkı mübahisə, əslində cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsinin və qızıl-zinət əşyalarının fərdi sahibkar X17 məxsus lombardda “Girovu haqqında” müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması, yəni cavabdehin həmin müqavilə üzrə götürdüyü 17600 manatı fərdi sahibkar X17 qaytarmaması nəticəsində yaranıb. - 67. İşin bu halları, cavabdehin fərdi sahibkar X16 xeyrinə müxtəlif vaxtlarda ödədiyi pul vəsaitləri, habelə cavabdeh tərəfindən imzalanmış 16 fevral 2022-ci il və 19 iyul 2022-ci il tarixli qəbzlərin məzmunu ilə də təsdiq olunur. Belə ki, sözügedən hər iki qəbzdə, fərdi sahibkar X20 tərəfindən cavabdehin adına yazılmış “Girov biletlərin” də göstərilən və girov predmeti olan nəqliyyat vasitəsindən və qızıl-zinət əşyalarından söhbət açılır. Yəni, cavabdeh, 1 cüt sırğanı; 1 dəst komplekti lombarda girov qoymaqla məhz fərdi sahibkar X12 2600 manat, habelə nəqliyyat vasitəsini girov qoymaqla 15000 manat pul götürüb. Belə olan halda, hazırkı mülki hüquqi münasibətlər iddiaçı ilə cavabdeh arasında deyil, sonuncu ilə məhz fərdi sahibkar X20 arasında yaranıb. - 68. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə hazırda iddia olunan pul vəsaiti ilə, “Girov biletlərin” də göstərilən pul vəsaitlərinin biri-biri ilə bağlılığı aydınlaşdırılmalı və bundan sonra iddianı qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı araşdırılmaqla, mübahisələndirilən hissədə iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. - 69. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, sözügedən “Girov biletləri” üzrə cavabdehin fərdi sahibkar X17 ödənilməmiş 17600 manat borcu olduğu halda, iddiaçının (fərdi sahibkar X16 anası) da əlavə olaraq cavabdehə 20000 manat və 19 iyul 2022-ci il tarixli qəbzlə isə 4900 ABŞ dolları və 6670 manat verməsi inandırıcı, ağalaban görünmür. - 70. Əksinə, bütün bu hallar, hazırkı mülki hüqiqi münasibətlərin “Əşyanın lombardda girovu haqqında” müqaviləyə əsasən, məhz cavabdehlə fərdi sahibkar X20 arasında əmələ gəldiyini və cavabdehin 16000 manata dair qəbzi isə 16 fevral 2022- ci il tarixdə deyil, 16 fevral 2023-cü il tarixdə yazdığını təsdiq edir. İşin bu halları həm də iddiaçının birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarla da təsdiq olunur. - 71. Belə ki, iddiaçı izahatlarında göstərmişdir ki, cavabdehə əvvəl 20000 manat pul verib, həmin puldan 4000 manat qaytarılıb, 16000 manat borc qalıb, sonradan cavabdehə nəqliyyat vasitəsini girov qoymaqla 15000 manat, qızıl-zinət əşyalarını girov qoymaqla 2600 manat pul verib. Lakin cavabdeh borcunu qaytarmadığı üçün nəqliyyat vasitəsini 9000 manata satıb və həmin pul vəsaiti iddia olunan məbləğdən çıxılmayıb. - 72. AR Mülki Məcəlləsinin 302.2-ci maddəsinə əsasən, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. - 73. Həmin Məcəllənin 302.5-ci maddəsində göstərilir ki, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. - 74. Həmin Məcəllənin 302.7-ci maddəsinə görə, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. - 75. Şərh olunan normaların məzmunundan da göründüyü kimi, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit müəyyən edilmiş müddətdə qaytarılmadıqda, lombard həmin əşyanı hərracda sata bilər. Əşya hərracda satışa çıxarıldığı andan girov qoyanla lombard arasında olan girov münasibətləri ləğv edilir. Çünki, girov qoyanın lombard qarşısında məsuliyyəti girov qoyulmuş əşyanın dəyəri ilə məhdudlaşır. Girov predmetinin satışından əldə edilmiş məbləğ verilmiş kreditin ödənilməsinə kifayət etməzsə, lombard çatışmayan hissəni girov qoyandan tələb edə bilməz. - 76. Apellyasiya instansiyası məhkəməsi, sözügedən “Girov biletləri” üzrə lazımi araşdırma aparmadan, cavabdehə məxsus nəqliyyat vasitəsinin və qızıl-zinət əşyalarının hansı kreditə görə girov qoyulduğunu, girov predmetlərinin satılıb-satılmadığını, hansı qiymətlərə satıldığını, habelə iddiaçının həmin girov predmetlərinə aidiyyətini dəqiqləşdirmədən, girov predmeti olan nəqliyyat vasitəsinin satışından iddiaçının əldə etdiyi 9000 manat pulun, o cümlədən qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitin cavabdehin kredit borcuna yönəlib-yönəlmədiyini, başqa sözlə tərəflər arasında hansı mülki hüquqi münasibətlərin əmələ gəldiyini aydınlaşdırmadan, yalnız işə əlavə edilmiş qəbzlərə istinad edərək, cavabdehdən iddiaçının xeyrinə 16000 manat pul tutub. Halbuki, hazırkı iddianı qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olması qəbul olunsa belə, sözügedən normaların mənasına görə, girov qoyanın lombard qarşısında məsuliyyəti girov qoyulmuş əşyanın dəyəri ilə məhdudlaşır və girov predmetinin satışından əldə edilmiş məbləğ verilmiş kreditin ödənilməsinə kifayət etməzsə, lombard çatışmayan hissəni girov qoyandan tələb edə bilməz. - 77. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq edilməli və aidiyyət qaydalarının pozulmasına yol verilməməlidir.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
37. Apellyasiya şikayətinin dəlilləri qərarın 23-cü bəndində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
40. Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişdirilmədən saxlaya bilər; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi xahiş edilsə də, iddianın 15000 manat məbləğində pul vəsaitinin ödənilməsinin rədd olunduğu hissə əvvəl işə baxmış apellyasiya məhkəməsinin qətnaməsinə əsasən dəyişdirilmədən saxlanıldığına, həmin hissədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyinə və Ali Məhkəmənin iş üzrə qəbul etdiyi qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız 16000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alındığına görə bu hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələnlirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. İşin faktiki halları, o cümlədən fərdi sahibkar X20 tərəfindən verilmiş və üzərində çoxsaylı düzəlişlər edilmiş “Girov biletləri” ilə müəyyən olunur ki, hazırkı mübahisə, əslində cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsinin və qızıl-zinət əşyalarının fərdi sahibkar X17 məxsus lombardda “Girovu haqqında” müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması, yəni cavabdehin həmin müqavilə üzrə götürdüyü 17600 manatı fərdi sahibkar X17 qaytarmaması nəticəsində yaranıb. İşin bu halları, cavabdehin fərdi sahibkar X16 xeyrinə müxtəlif vaxtlarda ödədiyi pul vəsaitləri, habelə cavabdeh tərəfindən imzalanmış 16 fevral 2022-ci il və 19 iyul 2022-ci il tarixli qəbzlərin məzmunu ilə də təsdiq olunur. Belə ki, hər iki qəbzdə, fərdi sahibkar X20 tərəfindən cavabdehin adına yazılmış “Girov biletlərin” də göstərilən və girov predmeti olan nəqliyyat vasitəsindən və qızıl-zinət əşyalarından söhbət açılır. Yəni, cavabdeh, 1 cüt sırğanı; 1 dəst komplekti lombarda girov qoymaqla məhz fərdi sahibkar X12 2600 manat, habelə nəqliyyat vasitəsini girov qoymaqla 15000 manat pul götürüb.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı mülki hüquqi münasibətlər iddiaçı ilə cavabdeh arasında deyil, sonuncu ilə məhz fərdi sahibkar X20 arasında yaranıb. İş apellyasiya məhkəməsində yenidən araşdırılarkən iddiaçı tərəfindən bu xüsusatı təkzib edən əsaslandırma aparılmamış və hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, bütün bu hallar, hazırkı mülki hüqiqi münasibətlərin “Əşyanın lombardda girovu haqqında” müqaviləyə əsasən, məhz cavabdehlə fərdi sahibkar X20 arasında əmələ gəldiyini və cavabdehin 16000 manata dair qəbzi isə 16 fevral 2022- ci il tarixdə deyil, 16 fevral 2023-cü il tarixdə yazdığını təsdiq edir. İşin bu halları həm də iddiaçının birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarla da təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, bu iddianı irəli sürmək üçün subyektiv hüquq iddiaçıya deyil, onun oğlu, fərdi sahibkar X17 məxsusdur.
48. Kassasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Girov biletləri” üzrə cavabdehin fərdi sahibkar X17 ödənilməmiş 17600 manat borcu olduğu halda, iddiaçının (fərdi sahibkar X16 anası) da əlavə olaraq cavabdehə 20000 manat və 19 iyul 2022-ci il tarixli qəbzlə isə 4900 ABŞ dolları və 6670 manat verməsi inandırıcı, ağalaban görünmür.
49. Həmçinin, iddiaçı izahatlarında göstərmişdir ki, cavabdehə əvvəl 20000 manat pul verib, həmin puldan 4000 manat qaytarılıb, 16000 manat borc qalıb, sonradan cavabdehə nəqliyyat vasitəsini girov qoymaqla 15000 manat, qızıl-zinət əşyalarını girov qoymaqla 2600 manat pul verib. Lakin cavabdeh borcunu qaytarmadığı üçün nəqliyyat vasitəsini 9000 manata satıb və həmin pul vəsaiti iddia olunan məbləğdən çıxılmayıb. Lakin yuxarıda qeyd olunduğu kimi tələb olunan məbləğ cavabdehlə fərdi sahibkar X20 arasında olan münasibətlər əsasında tələb edilməli olan məbləğdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus nəqliyyat vasitəsi və qızıl-zinət əşyaları fərdi sahibkar X20 qarşısında götürülmüş öhdəliklərin təminatı olaraq girov qoyulmuşdur. Girov predmetlərinin satılması iddiaçı tərəfindən mübahisələndirilmir və bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim edilməyib. Məhkəməyə məlum olan fakt bundan ibarətdir ki, nə nəqliyyat vasitəsi, nədə ki, qızı-zinət əşyaları cavabdehə qaytarılmayıb, iddiaçının izahatı və iş materiallarında olan alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, nəqliyyat vasitəsi 9000 manata özgəninkiləşdirilmişdir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında deyil, cavabdeh ilə fərdi sahibkar X20 arasında borc (kredit) müqaviləsi üzrə münasibətlər mövcud olmuş, təminat olaraq cavabdehə məxsus əmlaklar lombarda girov qoyulmuşdur. Yuxarıda qeyd olunduğu kimi girov qoyulmuş əmlakların satılması mübahisələndirilmir. Hazırkı iddianı qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olması qəbul olunsa belə, girov qoyanın lombard qarşısında məsuliyyəti girov qoyulmuş əşyanın dəyəri ilə məhdudlaşır və girov predmetinin satışından əldə edilmiş məbləğ verilmiş kreditin ödənilməsinə kifayət etməzsə, lombard çatışmayan hissəni girov qoyandan tələb edə bilməz.
51. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mübaisə predmeti olan hissədə iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayəti qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
52. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(007)-102/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(007)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.