Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3864/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Ağamalıyev Hafiz Rüstəm oğlu, onun vəkili Zalıyev Mayis Mayıl oğlunun, cavabdeh Əliyev Rahim Hidayət oğlunun iştirakları ilə, İddiaçı Ağamalıyev Hafiz Rüstəm oğlunun cavabdeh Əliyev Rahim Hidayət oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 345/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ağamalıyev Hafiz Rüstəm oğlu cavabdeh Əliyev Rahim Hidayət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26210 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyev Rahim Hidayət oğlu, direktoru olduğu «Sənaye Serviz Konserni MMC»-nin, xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində «Zərifə Əliyeva» adına parkda yaxın 2-3 ay ərzində pulunu ödəyəcəyini vəd edib iddiaçıyla «Sənaye Serviz Konserni MMC-»nin möhürü ilə təsdiq edilmiş, onun və Rahim Əliyev tərəfindən imzalanmış, sonuncunun iddiaçıdan 50.000 manat məbləğində borc alması, həmin məbləğdən 10.000 manatını qaytararaq cəmi 40.000 manat borclu qalması barədə xx.xx.2014-cü il tarixli, borc müqaviləsi bağlanmışdır. Cavabdeh Rahim Əliyev almış olduğu pulu qaytarmağa söz vermiş, lakin hazırda müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşdüyünü bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-345/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, cavabdehin ona borcundan 13790 manat ödəyərək faktiki olaraq borclu olduğunu etiraf etməsini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili Mayis Zalıyev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında həmçinin göstərmişlər ki, cavabdeh birinci instansiya məhkəməsinin istinad etiyi hökm qəbul edildikdən sonra da poçt vasitəsilə iddiaçıya pul göndərmişdir. Əgər onun borcu olmasa idi, o sözügedən vəsaitləri iddiaçıya göndərməzdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, o məhkəmə hökmü çıxana qədər borcunu demək olar ki, ödəmiş, cüzi məbləğdə borcu qalmış, buna görə də iddiaçı məhkəməyə ona zərərin tam olaraq ödənilməsi barədə ərizə təqdim etmişdir. Hökm çıxdıqdan sonra da qalan borcu ödəmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı “xxxx” MMC-nin direktoru Ağamalıyev Hafiz Rüstəm oğlu ilə cavabdeh Əliyev Rahim Hidayət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli borc müqaviləsinin məzmununa əsasən “Mən, İlqar-7T MMC-nin direktoru Əliyev Rəhim Hidayət oğlu, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin elan etdiyi LOT1-N saylı hərbi hissələrdə bədii tərtibat işlərinin görülməsi üçün xxxx MMC-nin direktoru Ağamalıyev Hafiz Rüstəm oğlundan 50.000 manat məbləğində mal material almışam və Ağamalıyev Hafiz Rüstəm oğluna 50.000 manat pul borcluyam. xx xxxxxxx 2014-cü il tarixdə Ağamalıyev Hafiz Rüstəm oğluna 50000 manat pul borcundan 10.000 manat pul qaytarmışam və xx xxxxxxx 2014-cü il tarixə Ağamalıyev Hafiz Rüstəm oğluna 40.000 manat pul borcum qalır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mənə olan ilk ödənişindən 40.000 manat pul borcumun şəxsən mənim tərəfimdən Ağamalıyev Hafiz Rüstəm oğluna ödənilməsinə söz verirəm”; Əliyev Rahim Hidayət oğlunun Nərimanov rayonu Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış “iş üzrə Ağamalıyev Hafiz Rüstəm oğluna dəymiş zərərdən ödənilməsi üçün 300 manat ödədim” məzmunlu ərizənin ksero surəti xx.xx.2019-cu il tarixdə yazılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin ksero surətindən görünür ki, "Mən, Əliyev Rahim Hidayət oğlu borclu olduğum Ağamalıyev Hafiz 5.000 manat ödədim, qaldı 273000 manat. Mən Hafiz Ağamalıyev Rahim Əliyevdən mənə olan borcundan 5000 manat aldım, qaldı 27.300 manat” məzmunludur. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmün surətinə əsasən zərərçəkmiş qismində dindirilmiş Ağamalıyev Hafiz Rüstəm oğlu ifadəsində göstərmişdir ki, «xxxx» MMC-nin direktoru vəzifəsində işləyir. Tenderlərdə iştirak etməklə təmir və materialların alqı-satqısı ilə məşğul olur. 2014-cü ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin elan etdiyi Hərbi Hissələrdə bədii tərtibat işlərinə aid tenderdə iştirak edərkən orada Əliyev Rahim Hidayət oğlu ilə tanış olmuşdur. Söhbət əsnasında o, tenderə hazırlaşdığını, artıq armatur, dəmir borular, dəmir lövhələr, rənglər, yapışqanlar, künclükler aldığını danışmışdır. Həmin gün axşam saatlarında Rahim ona zəng edərək onunla görüşmək istədiyini demişdir. Həmin günü axşam saatlarında Rahimlə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Zərifə Əliyeva parkında ikisi görüşəndə Rahim, DSX-nin hərbi hissələrində bədii tərtibat işlərini gördüyünü, həmin işlərə istifadə edilən materiallları nisyə götürdüyünü, bu səbəbdən borcu yarandığını danışıb, onda olan materialı istəyib, borcunun əvəzinə paylayacağını, yaxın 2-3 ay ərzində Dövlət Sərhəd Xidmətindən onun hesabına ayrılan maliyyə vəsaitindən ona verəcəyini demişdir. O, 50000 manatlıq material olduğunu deyib, ilk əvvəl tərəddüd etsə də, Rahib borc müqaviləsi tərtib etməyi təklif edərək, pulun bir qismini 10.000 manat nağd, qalan qismini 40.000 manatı isə bir daha 2-3 ay ərzində Dövlət Sərhəd Xidmətindən onun hesabına ayrılan maliyyə vəsaitindən ona ödəyəcəyini söz vermişdir. Belə olanda o, inanıb razılaşmış və xx xxxxxxx 2014-cü il tarixdə dövlət nömrə nişanını bilmədiyi “Kamaz” markalı yük avtomobilinə yüklətdirdiyi ümumilikdə 50.000 manat dəyərində - özünə məxsus armatur, dəmir borular, dəmir lövhələr, rəngləri (boya), yapışqanlan, künclükləri Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Zərifə Əliyeva parkında Rahimə vermişdir. Rahim də malları sayıb, qiymətdə razılaşaraq götürmüş və oradaca malın pulundan ona ikilikdə 10000 manat pul ödəmiş, 40.000 manat pulu da ödəyəcəyinə dair qəbzi imzalayıb, materialı aparmışdır. Onun tərəfindən tərtib edilən müqavilənin məzmununda ona 50.000 manat borcundan manat pul qaytardığı, xx xxxxxxx 2014-cü il tarixə 40.000 manat borclu qaldığı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ona olan ilk ödənişindən 40.000 manat borcun şəxsən ödəyəcəyinə söz verdiyi göstərilmişdir. O, bir müddət sonra Rahim ilə əlaqə saxlayıb pulları istədikdə isə Rahim, hər dəfə müxtəlif bəhanələr gətirib, malları guya istifadə etdiyini, pulunu yaxın vaxtlarda verəcəyini demişdir. 2015-ci ilin təxminən əvvəllərində o, Bakı şəhəri Binəqədi rayonu «Bolluq» bazarında təmir-tikinti materialları satışı mağazasında Rahimin ondan aldadıb götürdüyü yapışqanları görüb tanımışdır. Belə ki, həmin yapışqanlar həmin dövrdə Azərbaycanda demək olar ki, yox imiş və ya çox az olmuşdur. Buna görə də o, mağazada yapışqanları görüb tanımışdır. Mağazada işləyən əvvəl tanımadığı sonradan adı ona məlum olan Seymurdan yapışqanları haradan aldığını maraqlananda o, bir nəfər kişidən 2014-cü ilin sonlarında aldığını danışmışdır. O, Rahimin onun telefonunda olar, şəklini Seymura göstərəndə Seymur yapışqanları məhz həmin şəxsin ona satdığını deyərək, eyni zamanda yapışqanlara görə Rahimə pul ödədiyindən və çox hissəsini satdığından ona qaytara bilməyəcəyini bildirmişdir. Onun təkidlərindən sonra 2016-cı ilin noyabr ayında Bakı şəhər Nərimanov rayonu ərazisində metronun Nərimanov stansiyasının yanında malın pulundan ona 1000 manat, 2017-ci ilin yanvar ayında 500 manat pul qaytarmışdır. Məhkəmə baxışı zamanı Rahim onunla barışıq əldə etmiş, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur”. Qeyd olunan hökmlə müəyyən edilir ki, «Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Ağamalıyev Hafiz Rüstəm oğlunun ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxs Əliyev Rahim Hidayət oğlundan heç bir şikayət və tələbi yoxdur. Cinayət nəticəsində dəymiş ziyan Əliyev Rahim Hidayət oğlu tərəfindən tamamilə ödənilmişdir;» Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə borc pul verdiyini, cavabdeh isə həmin borcu qaytardığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya hesab edir ki, iş materiallarına əsasən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmış olduğu qənaətinə gəlmək mümkün olsa belə, həmin halla bağlı cinayət işi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(001)-316/2019 saylı hökmü mövcuddur. Cinayət işi üzrə iddiaçı tərəfindən Əliyev Rahim Hidayət oğluna qarşı şikayət və tələbinin olmadığı, cinayət nəticəsində dəymiş ziyan Əliyev Rahim Hidayət oğlu tərəfindən tamamilə ödənilməsi barədə ərizə verilmişdir. Və hökm çıxan tarixdən sonra Rahim Əliyevin iddiaçıya 26210 manat borclu olması ilə bağlı isə sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kollegiya hesab edir ki, cinayət işinə baxmış məhkəmənin qanuni qüvvədə olan hökmü ilə iddiaçıya cavabdeh tərəfindən borcunun tam ödənildiyi müəyyən olunduğundan, hökm çıxarılandan sonra iddiaçı cavabdehin ona borclu olduğunu sübuta yetirə bilmədiyindən, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsası ilə uzlaşmamaqdadır və buna görə də iddia tələbləri təmin oluna bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-345/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3864/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3864/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver