Məhkəmə qərarları › İş №2(103)-3864/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3864/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3864/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh1 cavabdeh İddiaçı İB-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi ziyanın ödənilməsi, borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh1 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən İddiaçınə 3.525,12 manat məbləğində zərər və ödənilmiş 55,26 manat dövlət rüsumu, ümumilikdə 3.580,38 manat pulun Cavabdeh1 məcburi qaydada tutularaq İddiaçı İB-nin iddia ərizəsində qeyd olunan bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, İddiaçı nümayəndəsinin vəsatətinə əsasən Cavabdeh2 ikinci cavabdeh qismində cəlb edilmişdir.

3. Cavabdeh1 İddiaçınə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, ******* saylı aktın ləğv olunması və həmin akta əsasən ona hesablanmış ziyan məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qaradağ Rayon Məhkəməsinin 2(002)-542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair ilk iddiası rədd edilmiş, ilk iddia üzrə ödənilmiş 55,26 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, Cavabdeh1 İddiaçınə qarşı «aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli ******* saylı (08 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş) akt ləğv edilmiş, Cavabdeh1 abunə koduna hesablanmış 3.525,12 manat məbləğində əlavə sərfiyyat silinmişdir.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi Z.Qurbanov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, iddia tələblərinin ən azından Cavabdeh2 münasibətdə təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız Cavabdeh1 vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə AKX00984xx/xx-2019 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

11. Abonent Cavabdeh1 paylayıcı İddiaçınə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, özünə məxsus mənzilin başqa şəxs Cavabdeh2 tərəfindən zəbt edildiyini, aralarında məhkəmə çəkişməsi olduğunu, Cavabdeh2 mənzildən çıxmamaq üçün apellyasiya və kassasiya şikayətləri verdiyini, mənzildə qaldığı dövrdə təbii qazdan kartsız, qanunsuz şəkildə istifadə etdiyini bildirmiş və məsələnin araşdırılaraq müvafiq tədbir görülməsini xahiş etmişdir.

12. İddiaçı İB-nin 22 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 müraciəti araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İB-nin nümayəndələri tərəfindən sözügedən ünvana baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və 29376 m3 həcmində itirilmiş təbii qaza görə 3.525,12 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinə tapşırılmışdır ki, qeyd olunan məsələyə dair istehlakçı ilə qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda müqavilənin 5.2-ci bəndinə əsasən, müvafiq qaydada məhkəməyə müraciət olunması təmin edilsin.

13. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(004)- 947/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 qarşı «mənzildən çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 azyaşlı övladı X2 ilə birlikdə özlərinə məxsus əşyalarla Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 5035/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 may 2022- ci il tarixli 2(004)-947/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6109/2022 saylı qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5035/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

16. 04 noyabr 2022-ci il tarixli ******* saylı (08 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş) aktdan görünür ki, İddiaçı nümayəndələri abonent Cavabdeh1 məxsus olan, Cavabdeh2 qanunsuz olaraq yaşadığı ünvanda təbii qazın uçotu və TQİQ-ya riayət olunması yoxlanılmışdır. Sayğacın giriş xəttinin açılaraq rezin boru vasitəsi ilə birbaşa qeyri-qanuni olaraq qazdan istifadə halı müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması barədə tələb göstərilmişdir.

17. «Abonent»in özünü təqdim etmədiyi, aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçıya (istehlakçıya) 3.525,12 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

22. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. 04 noyabr 2022-ci il tarixli ******* saylı (08 noyabr 2022-ci il tarixdə təsdiq edilmiş) aktdan görünür ki, İddiaçı nümayəndələri abonent Cavabdeh1 məxsus olan, Cavabdeh2 qanunsuz olaraq yaşadığı ünvanda təbii qazın uçotu və TQİQ-ya riayət olunması yoxlanılmışdır. Sayğacın giriş xəttinin açılaraq rezin boru vasitəsi ilə birbaşa qeyri-qanuni olaraq qazdan istifadə halı müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması barədə tələb göstərilmişdir.

26. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan məhkəmə aktları ilə mübahisəsiz qaydada təsdiq olunur ki, Cavabdeh1 mənzili digər şəxs tərəfindən zəbt olunmuş, qətnamələrdə qeyd olunan vaxtdan başlayaraq Cavabdeh1 yox, Cavabdeh2 qanunsuz olaraq istifadə etmişdir.

27. Dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçıya Cavabdeh1 3.525,12 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır.

28. Belə olan halda həmin mənzildə Cavabdeh1 faktiki yaşamadığından, mənzildə sayğacdankənar qaz sərfiyyatına görə onun barəsində aktın tərtib edilməsi və 3.525,12 manat məbləğində əlavə sərfiyyatın ondan tələb edilməsi əsassız olmuşdur.

29. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi barədə dəlili üzrə bildirir ki, Cavabdeh2 sayğacdankənar qazdan istifadə edilməsi faktına dair iddiaçı tərəfindən hər hansı sənədləşmə aparılmadığından, sübut təqdim edilmədiyindən hazırkı halda iddia tələbi ona münasibətdə təmin edilə bilməz.

33. Kollegiya hesab edir ki, iddiaçıya hazırda mənzildə faktiki yaşayan və delikt törətmiş şəxs barəsində müvafiq sənədləşmə aparmaqla müvafiq zərərin ödənilməsi tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Nəticə:

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı rədd, qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

36. MPM-in 402.1-ci maddəsinə əsasən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar