Məhkəmə qərarları › İş №2(103)-3868/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3868/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3868/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal рayon Məhkəməsinin 2(004)-106/2021 saylı iş üzrə qəbul etdiyi 18 fevral 2021-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə inşa olunmuş, 46 kv.mdən ibarət evinə 37000 manat xərci çıxmışdır.Həmin evdə uşaqları ilə rahat yaşamışdır. Təəssüf ki, evinin qarşısında və böyründə qazıntı işləri aparılan zaman evi yararsız hala salmışdırlar. Cavabdeh1 ASC-nin işçiləri “xxxx” MMC evin böyründə kanalizasiya xətti çəkildiyi zaman 3 dəfə eyni yeri qazmış, quyu su ilə dolmuş və oradan evin altına, oradan isə evin içinə dolaraq, evi yararsız hala salmışdır. Eyni zamanda, qazıntı zamanı ev silkələnmiş, divarlar tavana kimi çatlamış, paltar şkafı uşağın üstünə düşərək ona xəsarət yetirmişdir. Evi nəmişlik içərisindədir. Nəmişlikdən qızı ciyər xəstəliyi tapmışdır. Özünün də ağır işlərdə işləməkdən böyrü ağrıyırdı. İndi isə böyrəyinin vəziyyəti pisləşib. Prosesin gedişində İddiaçı ərizə verərək “xxxx” MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və vəsatət təmin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən müştərək qaydada sahəsi 46 kv.m olan mənzilin hər kvadrat metri üçün 2000 manat olmaqla, cəmi 92000 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal рayon Məhkəməsinin 2(004)-106/2021 saylı, 18 fevral 2021-cı il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.Həmçinin, apellyasiya baxışı zamanı Cavabdeh1 ASC-nin nümayəndəsi verilən suallara cavab olaraq bildirmişdir ki, su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası zamanı iddiaçının evinin yaxınlığında olan texniki göstəricilərə görə 200-lük borular dəyişdirilərək texniki göstəricilərə görə 800-lük borular ilə əvəz olunmuşdur.Kiçik həcmli boruların daha iri həcmli borularla əvəz olunması zamanı aparılan genişlənmə-qazıntı işlərinin iddiaçının evində çatlar və dağıntılara səbəb olub-olmamasının müəyyən olunması isə mütəxəssislərin səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evi İddiaçı sahibliyində və istifadəsindədir. Evə dair hüquq müəyyənedici sənədlər mövcud deyildir. Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı 01.11.2019-cu il tarixli məktubun məzmunudan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidentinə və Birinci Vitse-prezidentinə ünvanladığı müraciətlərə baxılmış və nəzərinə çatdırılmışdır ki, hazırda Cəmiyyətin sifarişi ilə Xırdalan şəhərinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi həyata keçirilir. 2019-cu ilin əvvəlində Xırdalan şəhərinin N.Gəncəvi küçəsinin iddiaçının evi yerləşən hissəsində qazıntı işlərinə başlanmış və tikintiquraşdırma işləri iyun-iyul aylarında tamamlanmış və küçənin asfalt örtüyü də bərpa olunmuşdur. Evin yanında tikinti-quraşdırma işləri həyata keçirilərkən iddiaçı tərəfindən hər hansı bir narahatçılığa dair məlumat daxil olmamışdır.Həmçinin, Cavabdeh1 ASC-yə ünvanladığı 18.09.2019-cu il tarixli teleqramma ilə əlaqədar əməkdaşları və Xırdalan Şəhər İcra Nümayəndəliyinin mühəndisinin iştirakı ilə keçirilmiş baxış zamanı 2019-cu ilin əvvəlindən başlayaraq aparılmış qazıntı işləri ilə əlaqədar iddiaçının evinə ziyan dəyməsi müşahidə edilməmişdir. X9 tikintisi zamanı evinə ziyan dəydiyi bildirilərək, aidiyyati üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. 1-ci instansiya məhkəmənin 17.03.2020-ci il tarixli qərardadı ilə Xırdalan şəhəri, N.ünvan 1in Cavabdeh1 ASC-yə məxsus hər hansı yeraltı və yerüstü su kəmərinin mühafizə zonasına düşməsinin, həmin evə qazantı işlərinin həyata keçirilməsi zamanı hər hansı ziyan dəyib-dəyməməsinin, ziyan dəydiyi təqdirdə hansı səbəbdən dəyməsi və dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. 17.07.2020-ci il tarixli, 10/969 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evi ilə yeni çəkilmiş kanalizasiya xətti arasındakı məsafə 3.50 metr olduğundan, sözügedən ev "Su. təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə və Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-in 9.23 bəndinə (cədvəl 14) əsasən həmin kanalizasiya xəttinin mühafizə zonasına düşür. Tədqiq olunan fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün əsaslı təmir-tikinti işləri aparılmalıdır. Belə ki, evin özülündə möhkəmləndirmə işləri aparılmalı, çat əmələ gəlmiş divar sökülüb yenidən inşa edilməli, izolyasiya işləri görülməli, tökülmüş suvaq qatı yenidən bərpa edilməlidir. Lakin qeyd etmək lazımdır ki, zəruri təmir işlərinin, sözügedən yaşayış evinin faktiki vəziyyətdə kanalizasiya xəttinin mühafizə zonasına düşməsi ilə əlaqədar aparılması mümkün deyil. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan 5 metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsinə yol verilmir. Buna görə də, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmənin 01.09.2020-ci il tarixli qərardadı ilə Xırdalan şəhəri, N.ünvan 1ə qazantı işlərinin həyata keçirilməsi zamanı hər hansı ziyan dəyib-dəyməməsinin, ziyan dəydiyi təqdirdə hansı səbəbdən dəyməsi və dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintiyə Nəzarət Agentliyinin mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. 15.01.2021-ci il tarixli, 10/2409 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Xırdalan şəhəri, N.ünvan 1in ümumi sahəsi 38.52 kv.metr təşkil edir. Fərdi yaşayış evinin arxa fasad divarının arakəsmə divarları ilə olan hörgü birləşmələrində hündürlük boyunca qalınlığı 1-1.5 mm olan çatlar mövcuddur. Fərdi yaşayış evinin divarlarında və döşəməsində yaranmış qüsurlar, yəni nəmişlik, rütubət, susızma nəticəsində yaranmış izlərə xarakterikdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memar-inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi Anar Vahidin tərtib etdiyi mütəxəssis rəyində yaranmış qüsurların, yəni çat və zədələnmələrin Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı yaşayış evinin tikinti-norma və qaydalarına uyğun inşa edilmədiyindən kanalizasiya xəndəyinin qazıntısı zamanı yaxud tikinti qüsurundan yaranmasını müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla belə ekspert tərəfindən qeyd olunur ki, divarlarda mövcud olan çatların yaranması, inşa edilən birmərtəbəli evin kiçik qabaritli olmasını, dam örtüyünün yüngül konstruksiyalı olmasını, divarların tək qat olmasını nəzərə aldıqda torpaq çökməsi, sürüşməsi, evin özülünün çökməsi və kənar təsirlərdən yaranması üçün xarakterikdir. Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən 15 saylı evin zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 14076 manat məbləğində müəyyən olunur. İş materiallarından, o cümlədən Abşeron İcra Hakimiyyətinin 932 saylı, 07 may 2021ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçıya məxsus Xırdalan şəhəri, N.ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 46 kv.metr olan fərdi yaşayış evinin tikintisinə 11 oktyabr 2016-cı ildə razılıq məktubu və layihə təsdiqlənib verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh1 ASC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 18 may 2021-ci il tarixli 07/07-1/2/7078 saylı məktubunda qeyd edilmişdir ki, 2015-ci ildən “ Cavabdeh1” ASC tərəfindən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi işlərinin həyata keçirilməsi işlərinə başlanmışdır.Şəhərin su təchizatı və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanmış və 2017-ci ildə “ Cavabdeh1” ASC ilə podrat müqaviləsinə əsasən tikinti-quraşdırma işlərinin icrasına başlanmışdır.Həmçinin, 2019-cu ilin əvvəlindən Xırdalan şəhərinin N.Gəncəvi küçəsində qazıntı işlərinə başlanılmış, iyun-iyul aylarında burada su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası tamamlanmışdır, küçənin qazılmış asfalt örtüyü də bərpa olunmuşdur.Cavabdeh1 ASC-nin müvafiq müraciətinə əsasən İddiaçı məxsus evə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintiyə Nəzarət Agentliyinin “Azərinşaatlyihə” Dövlət Baş Layihə - Konstruktor və Texnoloji İnstitunun mütəxəssisləri tərəfindən evə baxış keçirilmiş və 28 fevral 2020-ci il tarixli Akt tərtib olunmuşdur. 2019-cu ilin sonunda işlər başa çatdırılmışdır.Həmçinin, bildirilir ki, şəhər daxilindəki su təchizatı və kanalizasiya şəbəkə xəttlərinin ətrafında mühafizə zolağı nəzərdə tutulmur. Apellyasiya baxışı zamanı Cavabdeh1 ASC-nin nümayəndəsi verilən suallara cavab olaraq bildirmişdir ki, su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası zamanı iddiaçının evinin yaxınlığında olan texniki göstəricilərə görə 200-lük borular dəyişdirilərək texniki göstəricilərə görə 800-lük borular ilə əvəz olunmuşdur.Kiçik həcmli boruların daha iri həcmli borularla əvəz olunması zamanı aparılan genişlənmə-qazıntı işlərinin iddiaçının evində çatlar və dağıntılara səbəb olub-olmamasının müəyyən olunması isə mütəxəssislərin səlahiyyətinə aiddir. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilən işin hallarını, yəni 2015-ci ildən “ Cavabdeh1” ASC tərəfindən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi işlərinin həyata keçirilməsi işlərinə başlanmaqla şəhərin su təchizatı və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanaraq və 2017-ci ildə “ Cavabdeh1” ASC ilə podrat müqaviləsinə əsasən tikintiquraşdırma işlərinin icrasına başlanmasını, .həmçinin, 2019-cu ilin əvvəlindən Xırdalan şəhərinin N.Gəncəvi küçəsində qazıntı işlərinə başlanılmasını, iyun-iyul aylarında burada su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası tamamlandığını, küçənin qazılmış asfalt örtüyü də bərpa olunduğunu, şəhər daxilindəki su təchizatı və kanalizasiya şəbəkə xəttlərinin ətrafında mühafizə zolağı nəzərdə tutulmadığını, (halbuki iddianın rədd olunması əsaslarından biri də iddiaçının evini qanunsuz olaraq mühafizə zolağında inşa etməsi olmuşdur.Lakin apellyasiya baxışı zamanı iş materiallarından, o cümlədən Abşeron İcra Hakimiyyətinin 932 saylı, 07 may 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçıya məxsus Xırdalan şəhəri, N.ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 46 kv.metr olan fərdi yaşayış evinin tikintisinə 11 oktyabr 2016-cı ildə razılıq məktubu və layihə təsdiqlənib verilmişdir və həmin vaxt inşa olunmuşdur.). su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşası zamanı iddiaçının evinin yaxınlığında olan texniki göstəricilərə görə 200-lük borular dəyişdirilərək texniki göstəricilərə görə 800-lük borular ilə əvəz olunduğunu, beləliklə kiçik həcmli boruların daha iri həcmli borularla əvəz olunması zamanı aparılan genişlənmə-qazıntı işlərinin iddiaçının evində çatlar və dağıntılara səbəb olması mümkün olduğunu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.2021-ci il tarixli, 10/2409 saylı ekspert rəyinə əsasən Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı fərdi yaşayış evinin divarlarında və döşəməsində yaranmış qüsurlar, yəni nəmişlik, rütubət, susızma nəticəsində yaranmış izlərə xarakterik olduğunu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 nömrəli memarinşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi Anar Vahidin tərtib etdiyi mütəxəssis rəyində yaranmış qüsurların, yəni çat və zədələnmələrin Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı yaşayış evinin tikinti-norma və qaydalarına uyğun inşa edilmədiyindən kanalizasiya xəndəyinin qazıntısı zamanı yaxud tikinti qüsurundan yaranmasını müəyyən edilməsinin mümkün olmadığı qeyd edildiyini, bununla belə ekspert tərəfindən qeyd olunduğu kimi, divarlarda mövcud olan çatların yaranması, inşa edilən birmərtəbəli evin kiçik qabaritli olmasını, dam örtüyünün yüngül konstruksiyalı olmasını, divarların tək qat olmasını nəzərə aldıqda torpaq çökməsi, sürüşməsi, evin özülünün çökməsi və kənar təsirlərdən yaranması üçün xarakterik olduğunu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən 15 saylı evin zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 14.076,0 manat məbləğində müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən, 14076 manat məbləğində ziyanın cavabdeh “xxxx” MMC-dən tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçıya məxsus Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı yaşayış evinin yaxınlığında (mühafizə zolağı müəyyən olunmamışdır) su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşasının podrat münasibətləri çərçivəsində cavabdeh “xxxx” MMC tərəfindən aparılması işin mübahisəsiz halıdır. Odur ki, Kollegiya hesab edir ki, iddiaçıya məxsus Xırdalan şəhəri, N.Gəncəvi küçəsi 15 saylı yaşayış evinin yaxınlığında (mühafizə zolağı müəyyən olunmamışdır) su təchizatı və kanalizasiya şəbəkə xətlərinin inşasının Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsilə görülməsini təsdiq edən sübutlar olmadığından Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1). Məhkəmə Kollegiyası göstərilənlərlə əlaqədar qənaətə gəlir ki, iddiaçının maddi zərərlə bağlı iddiası qismən, ekspert rəyi ilə müəyyən olunan 14.076,0 manat məbləğində əsaslı olduğundan, iddia iddiaçının xeyrinə cavabdeh “xxxx” MMC-dən 14.076,0 manat məbləğində pulun tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal рayon Məhkəməsinin 2(004)-106/2021 saylı, 18 fevral 2021-cı il tarixli qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdeh “xxxx” MMC-dən 14.076,0 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilməli, iş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdeh “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal рayon Məhkəməsinin 2(004)-106/2021 saylı, 18 fevral 2021-cı il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh “xxxx” MMC-dən 14.076,0 (on dörd min yetmiş altı) manat məbləğində pul tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdeh “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar