Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3868/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qətnamədən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndələri Nümayəndə və (vəkili) Vəkil2 Rahiq oğlunun və İddiaçı özünün iştirakı ilə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh MTK-nın ona qarşı etdiyi qanunsuz hərəkət nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 5.264 manat, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 74 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə (hazırda "xxxx" Mənzil Tikinti Kooperativi) bağladığı ÇP/2- 10 nömrəli "xxxx" əsasən MMC-dən 97.487,50 manata mənzil almışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən mənzilin dəyərinin 19.587,50 manat hissəsi, qalan 77.900 manat hissəsini isə "xxxx" ASC tərəfindən ödəmişdir. Belə ki, bununla əlaqədar olaraq iddiaçı ilə həmin Bank arasında "xxxx" bağlanmışdır. Ödənişi tam həyata keçirdiyi üçün MMC, X4 (ƏDV) 30 faizinin – 5.264 manatın iddiaçıya geri qaytarılması üçün elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməli olduğu halda bunu etməmiş, nəticə də iddiaçı həmin məbləği ala bilməmiş, bununla da ona həmin məbləğdə maddi zərər dəymişdir ki, həmin zərərin əvəzi MMC-nin hüquqi varisi olan cavabdeh MTK tərəfindən ona ödənilməlidir. b) cavabdehin iddiaya qarşı etirazı barədə məlumat
4. Cavabdeh MTK iddia tələbinə qarşı verdiyi etirazda iddiaçının həmin vaxt MMCdən aldığı mənzilə görə ödənişlərin nağdsız qaydada ƏDV-yə daxil olduğunu, ƏDV-nin iddiaçının depozit hesabına deyil, MMC-nın bank hesabına köçürüldüyünü bildirməklə yanaşı, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 90 gün müddətin ötürüldüyünü bildirmişdir. MTK (müqavilə bağlanan zaman MMC) ƏDV-nin qaytarılmamasında maraqlı deyil. Həmin dövrdə sistem işləmədiyindən elektron qaimə-faktura kəsmək mümkün olmamışdır. Bu halda MTK-nın heç bir təqsiri yoxdur, MTK ƏDV qaytaran qurum deyil, bu Vergilər Xidməti ilə vətəndaş arasında olan məsələdir. Əgər vətəndaş ƏDV qaytarılmasını istəyirdisə, bunu bəyan etməli idi. MTK keçmiş tarixə elektron qaimə-faktura verə bilməz. Buna görə də, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə, iddianı təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.264 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi əsaslıdır. Belə ki, məhkəmə baxışının nəticəsi ilə müəyyən edilmişdir ki, cavabdeh qanunla onun üzərinə qoyulmuş vəzifəni vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı, aldığı mənzilə görə ödədiyi puldan ƏDV-ni geri ala bilməmiş, bununla da, o, maddi zərərə məruz qalmışdır. Buna görə də MTK, iddiaçıya vurduğu həmin zərərin əvəzini ödəməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Əsasları iddiaya qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
9. Apellyatorun nümayəndələri apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə iddia tələbinə qarşı verilmiş etirazın dəlillərinə uyğun izahat vermişlər.
10. İddiaçı, apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin – Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X4 qaytarılması şərtləri və qaydası”nın 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu “Qaydaya” əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim etməlidir. Həmin qaydaların tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən müvafiq portal hazırlanmışdır və ƏDV həmin portal vasitəsilə qaytarılmalı idi. Hazırki iş üzrə cavabdeh MTK iddiaçıya satılmış yaşayış sahəsinin dəyərini (ƏDV daxil olmaqla) əks etdirən elektron-qaimə faktura tərtib edərək portala yerləşdirməmiş, iddiaçı isə ona satılmış yaşayış sahəsinə görə ƏDV-nin qaytarılması ilə bağlı elektron portal vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət etməmişdir. Mövcud mülki mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxır.
12. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi apellyasiya baxışının sonrakı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış ÇP/2-10 nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı qiyməti 97.487,50 manat olan mənzili (mənzilin yerləşdiyi ünvan işdə var) MMC-dən satın almışdır.
15. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, qeyd edilən mənzilin alınması ilə bağlı Bank tərəfindən iddiaçıya 77.900 manat məbləğində kredit verilmişdir (müqavilənin digər şərtləri müqavilədə qeyd edilib).
16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə təşkilati hüquqi formasını dəyişərək, "xxxx" Mənzil Tikinti Kooperativinə çevrilmişdir.
17. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı aldığı mənzilə görə ödədiyi məbləğin 30 faiz ƏDV-nin qaytarılması ilə bağlı müvafiq vergi orqanına və ona elektron qaimə-fakturanın təqdim olunmamasının səbəbi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir.
18. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubda qeyd edilmişdir, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı mənzilin satışına dair Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsi ilə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X4 qaytarılması şərtləri və qaydaların” 4.1, 4.2-ci bəndlərində nəzərdə tutulan qaydada elektron qaiməni, sistemin aktiv olmaması səbəbindən sistemə daxil etmək mümkün olmadığından, həmin vaxtı mənzilin dəyəri Bank vasitəsi nağdsız qaydada MMC-nin hesabına ümumi qaydada ödənilmişdir. Mənzilin dəyərinin ödənilməsi üçün təqdim edilmiş hesab rekvizitlərinə, "xxxx" rekvizitləri də daxildir. MMC tərəfindən satılan mənzillərin dəyərinin ödənilməsi üzrə əməliyyatlar, birmənalı olaraq nağdsız qaydada aparıldığından (bank hesabına köçürməklə) həmin əməliyyatlara görə ƏDV-nin hesablanması və ödənilməsi hər ay üzrə mütəmadi olaraq icra edilir. ƏDV-nin geri qaytarılması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli fərmanının 2.2-ci bəndində qeyd olunur kı, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X4 qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə “Qaydada” nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin. “Qaydaların” 3.1.1-ci bəndinə əsasən operator, bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir. Həmin qaydaların 2.0.4-cü bəndinə əsasən operator - ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Dövlət Vergi Xidməti orqanıdır. İstinad olunan normativ aktların tələbindən göründüyü kimi, aldığı mənzilə görə ödənilmiş vəsaitdən ona qaytarılmalı olan ƏDV-məbləğı, MTK-nın (MMC-nın) hesabına deyil, dövlət büdcəsinə ödənilmiş ƏDV məbləğindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına ödənilməli olduğundan ƏDV-nin geri qaytarılması üçün o, MTK-ya deyil, Dövlət Vergi Xidməti orqanına müraciət etməlidir.
19. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X4 qaytarılması şərtləri və qaydasının” 2.0.3-cü bəndinə əsasən, satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalı və 4.1-ci bəndinə əsasən, satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) “Qaydaya” əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin internet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməli və çap edərək alıcıya təqdim etməlidir.
20. Göstərilənlərə əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2022-ci il tarixdə MMC-yə iddiaçı tərəfindən mənzilin dəyərinin 19.587,50 manat hissəsi, qalan 77.900 manat hissəsini isə Bank tərəfindən ödənilmişdir. Cavabdeh MTK iddiaçıya satılmış mənzilin dəyərini (ƏDV daxil olmaqla) əks etdirən elektron-qaimə faktura tərtib edərək portala yerləşdirməmişdir. Qeyd edilən bu məsələ ilə bağlı iddiaçı ilə cavabdeh MTK və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında müvafiq yazışmalar olmuş, lakin mübahisə öz həllini tapmamışdır.
21. İşin qeyd edilən bu halına əsaslanan iddiaçı, bildirir ki, o, cavabdeh tərəfin bu kimi hərəkəti nəticəsində ƏDV-nin 30 faizinin – 5.264 manatı ala bilməmiş, bununla da ona həmin məbləğdə maddi zərər dəymişdir ki, həmin zərərin əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir.
22. MTK isə bildirir ki, mənzil iddiaçıya satılan dövrdə sistem işləmədiyindən elektron qaimə-faktura kəsmək və vergi orqanına təqdim etmək mümkün olmamışdır. Yaranmış mübahisə vergi orqanı ilə iddiaçı arasında həll edilməlidir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (maddə 14.2.6.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).
24. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaların tələblərinə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir (bənd 1.6.). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir (bənd 1.7.). ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: ... bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən ... (bənd 2.1.). Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır. Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər (bənd 2.3.).
26. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X4 qaytarılması şərtləri və qaydasının” təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələblərinə görə, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X4 qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X4 (ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (bənd 1.1.). Satıcı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaiməfakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaiməfaktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək, vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (bənd 4.1.). Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: ... təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla)... (bənd 4.2.). Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: ... ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı (bənd 5.1.). Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi; ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) (bənd 5.2.).
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (maddə 165.6.). ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir (maddə 175.8.).
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 191 saylı qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısının” 7 və 7.3-cü bəndlərinə görə, “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir.
29. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh MTK tərəfindən Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli Fərmanın 4.1-ci bəndinə əməl edilməmiş, satıcı olan MTK iddiaçıya satılmış mənzilə görə xx.xx.2022-ci il tarixdə aldığı pul məbləği (ƏDV daxil olmaqla) ilə bağlı “Qaydaya” əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürməmiş və həmin qaimə-fakturanı çap edərək alıcıya – iddiaçıya təqdim etməmişdir. Baxmayaraq ki, İnternet Vergi İdarəsində müvafiq portal yaradılmış və portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir. Nəticədə isə iddiaçı 5.264 manat məbləğində pulun geri alınmasından məhrum olmuş, ona maddi zərər dəymişdir.
30. Buna görə də hesab edilməlidir ki, iddia əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. MTK-nın apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən apellyatorun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MTK hazırkı qətnamədən kassasiya şikayəti verə bilər. İddiaçı və iş üzrə üçüncü şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə cavabdeh "xxxx" MTK hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.