Məhkəmə qərarları › İş №2(103)-387/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-387/2020

09.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-387/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi, vəkil X3, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2047/2019 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya məxsus olan “Skoda” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9030 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın, taksi xidmətlərinə çəkdiyi 1000 manat xərcin və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə idarə etdiyi “Volkswaqen Touareq” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində hərəkət edərkən İddiaçı məxsus “Skoda” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş və maddi ziyan yetirmişdir. Bakı şəhəri BPİ DYPİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, ******* saylı protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh2 səlahiyyəti olmadan digər Cavabdeh1 məxsus avtomobili idarə etmişdir. “Skoda” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 13010 manat təşkil edir. Cavabdehlər, ilk olaraq dəymiş ziyanın ödənilməsinə söz versələr də, sonradan bundan yayınmışlar. Maddi ziyana görə “xxxxxxxxxx” ASC tərəfindən ona 3980 manat ödənilmişdir. Digər tərəfdən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o və ailə üzvləri taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu günədək taksi xidmətinə təxminən 1000 manata qədər vəsait xərcləmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)- 2047/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 maddi ziyana görə 4420 manat və ödənilmiş dövlət rüsumunun 6,60 manat hissəsi olmaqla, cəmi 4426,60 manat pul vəsaitinin tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayətləri verərək, Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-2047/2019 saylı qətnaməsinin iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilməsini və iş üzrə iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi natamam olmuş, cavabdehin əlavə kompleks məhkəmə avtotexniki və əmətəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatəti təmin olunmamışdır. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi, vəkil X5 apellyasiya şikayətinin dəlillərini tam müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi, vəkil X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə qoşualaraq, təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, İddiaçı tələbləri qismən təmin olunsa da, sonuncu tərəfindən apellyasiya şikayəti verilmədiyindən hazırki apellyasiya baxışının hədlərini yalnız qətnamənin iddianın təmin edildiyi hissəsinin, yəni iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın Cavabdeh2 tutulmasının qanuniliyi və əsaslılığı məsələsi təşkil edir. Birinci instansiya məhkəməsində tərəflərlə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Volkswaqen Touareq” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçının idarə etdiyi “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı C.Hüseynov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxxxx 2018-ci il tarixli qərarla və Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli protokolla öz təsdiqini tapmış və apellyator tərəfindən mübahisələndirilməmişdir. İş materiallarından həmçinin müəyyən olunmuşdur ki, iddiaçıya məxsus “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyan “xxxxxxxxxx” ASC tərəfindən 13010 manat məbləğində müəyyən olunmuş və həmin məbləğin 4012 manat hissəsi xx xxxxxxxx 2018-ci il tarixli, 5166/18/AA-4649/18 saylı sığorta aktına əsasən İddiaçı ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxx 2019-cu il tarixli, 5348 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 2012-ci il buraxılışlı, “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400 (12000 m. - 30%) manat müəyyən edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən hesab etmişdir ki, Cavabdeh2 idarə etdiyi “Volkswagen Touareg” markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Skoda Yeti” markalı, **- ZZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan yetirməsi, ekspert rəyi ilə dəymiş ziyanın məbləğinin 8400 manat müəyyən edilməsi, dəymiş ziyanın 3980 manatının avtonəqliyyat vasitəsi sahiblərlərinin mülki icbari sığorta müqaviləsinə əsasən “xxxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilməsi sübuta yetirimişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək ekspert rəyi ilə müəyyən edilmiş 8400 manat məbləğindən ödənilmiş 3980 manat məbləği çıxıldıqdan sonra, qalan 4420 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə iş üzrə kompleks məhkəmə avtotexniki və əmətəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli, 26625/26698 saylı rəyinə əsasən nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, yaxud foto-video görüntülərlə nəqliyyat vasitəsinin konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki, baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Tədqiq edilən 2012-ci il buraxılışlı, “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin 2018-ci il tarixə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 7200,00 (12000 manat - 40%) manat müəyyən edilir. Tədqiq edilən 2012-ci il buraxılışlı, “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 6000,00 (10000 manat - 40%) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş kompleks məhkəmə avtotexniki və əmətəəşünaslıq ekspertizasının rəyini daha əsaslı və mötəbər sübut qismində qiymətləndirir və hesab edir ki, iddiaçıya vurulmuş zərərin dəyəri məhz həmin rəyin nəticəsi əsas götürülməklə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası ekspert rəyi ilə yol-nəqliyyat hadisəsi törədilən dövrdə avtomobilə vurulmuş ziyanın 7200 manat məbləğində müəyyən olunmasını və həmin məbləğin 4012 manat hissəsinin avtonəqliyyat vasitəsi sahiblərlərinin mülki icbari sığorta müqaviləsinə əsasən “xxxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilməsini nəzərə alaraq, hesab edir ki, zərərin qalan hissəsi, yəni 3188 manat (7200 manat – 4012 manat = 3188 manat) Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6,60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirildiyindən birinci instansiya məhkəməsi tərəfindən ekspertiza xərcinin bölüşdürülməsi qaydası qüvvədə saxlanılmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının xərci 120 manat tərəflərə bərabər aid edilməli və onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)- 2047/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh2 vurulmuş maddi zərərin kompensasiyası kimi 3188 manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi kimi 6,60 manat, cəmi 3194,60 manat (üç min bir yüz doxsan dörd manat altmış qəpik) məbləğində pul tutularaqİddiaçı ödənilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)- 2047/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına Cavabdeh2 60 (altmış) manat, habelə İddiaçı 60 (altmış) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar