Məhkəmə qərarları › İş №2(103)-387/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-387/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-387/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı “pulun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdehin qardaşı (mərhum) X2 borc verilmiş 60.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin - 270 manat məbləğində pulun sonuncunun vərəsəsi olan cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqaviləyə əsasən, iddiaçı ilə Tofiq Mirzəyev razılığa gəlmişlər ki, iddiaçı, Tofiq Mirzəyevə 10 il ərzində, hər ay 500 manat olmaqla cəmi 60.000 manat məbləğində pulu borc verməlidir. 10 ildən sonra, yəni xx.xx.2020-ci il tarixdə iddiaçı ilə Tofiq Mirzəyev akt tərtib etmişlər ki, iddiaçı, yuxarıda qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş 60.000 manat məbləğində pulu Tofiq Mirzəyevə hissə-hissə vermiş, iddiaçı ilə Tofiq Mirzəyev isə həmin məbləği iddiaçıdan almışdır. Bunun müqabilində Tofiq Mirzəyev özünə məxsus evə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” və etibarnaməni iddiaçıya verir ki, iddiaçı həmin evi hər hansı bir qaydada (o cümlədən məhkəmə qaydasında) öz adına rəsmiləşdirsin. Həmin ərəfədə Tofiq Mirzəyev özü həmçinin başqa bir akt tərtib edərək, qeyd etmişdir ki, o, qonşusu olan iddiaçıdan aldığı 60.000 manatın müqabilində, özünə məxsus evə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” və etibarnaməni iddiaçıya verir ki, iddiaçı həmin evi hər hansı bir qaydada öz adına rəsmiləşdirsin. Tofiq Mirzəyev xx.xx.2021-ci il tarixdə ürəyin ateroslerotik xəstəliyi səbəbi ilə ölmüşdür. Qeyd edilənlərə baxmayaraq iddiaçı həmin evi öz adına rəsmiləşdirə bilməmişdir. Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən mərhum Tofiq Mirzəyevin ögey bacısı olan cavabdehin adına xx.xx.2022-ci il tarixli, 2V-145 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Qeyd edilənlərə əsasən, verilmiş borc mərhumun vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən Tofiq Mirzəyəvə 60.000 manat ödənilmiş, həmin borc Tofiq Mirzəyəv tərəfindən iddiaçıya qaytarılmamışdır. Buna görə də, borc qaytarılmalıdır. Tofiq Mirzəyəv vəfat etdiyi üçün, borc mərhumun ögey bacısı olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamasına, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmanın mərhum Tofiq Mirzəyevə məxsus olmamasına əhəmiyyət verməmişdir. d) apellyasiya icraatı zamanı iddiaçının prosessual hüquq varisi ilə əvəz olunması barədə məlumat

7. İşə apellyasiya qaydasında baxılan zaman, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı ölmüşdür. Bu səbəbdən iddiaçı, prosessual hüquq varisi (arvadı) X4 ilə əvəz olunmuşdur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

8. Cavabdehin vəkili Vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçının prosessual hüquq varisi və prosessual hüquq varisin vəkili (nümayəndəsi) Vəkil1 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

12. Belə ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqavilədən görünür ki, iddiaçı ilə Tofiq Mirzəyev razılığa gəlmişlər ki, iddiaçı, Tofiq Mirzəyevə 10 il ərzində, hər ay 500 manat olmaqla cəmi 60.000 manat məbləğində pulu borc verməlidir.

13. İddiaçı ilə Tofiq Mirzəyevin birgə tərtib etdikləri xx.xx.2020-ci il tarixli aktdan görünür ki, iddiaçı, yuxarıda qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş 60.000 manat məbləğində pulu Tofiq Mirzəyevə hissə-hissə vermiş, iddiaçı ilə Tofiq Mirzəyev isə həmin məbləği iddiaçıdan almışdır. Bunun müqabilində Tofiq Mirzəyev özünə məxsus evə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” və etibarnaməni iddiaçıya verir ki, iddiaçı həmin evi hər hansı bir qaydada (o cümlədən məhkəmə qaydasında) öz adına rəsmiləşdirsin.

14. Tofiq Mirzəyev yazdığı (tarixsiz) aktda qeyd etmişdir ki, o, qonşusu olan iddiaçıdan aldığı 60.000 manatın müqabilində, özünə məxsus evə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” və etibarnaməni iddiaçıya verir ki, iddiaçı həmin evi hər hansı bir qaydada öz adına rəsmiləşdirsin.

15. Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən cavabdehə verilmiş xx.xx.2022-ci il tarixli, 2V-145 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Tofiq Mirzəyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi hazırkı iş üzrə cavabdehdir. Miras əmlak mərhuma məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 2 otaqlı 80 saylı fərdi yaşayış evidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən (iş № 2(103)-4863/2022) görünür ki, hazırkı iş üzrə iddiaçı, mərhum Tofiq Mirzəyevin sağlığında ona verdiyi “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” və yuxarıda qeyd edilən aktları əsas götürərək cavabdeh Bakı Şəhəri 46 saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Tofiq Mirzəyevin ölümündən sonra miras qalmış və Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 2 otaqlı 80 saylı fərdi yaşayış evinə onun vəsiyyət hüququ üzrə vərəsəlik hüququnun tanınması və bununla bağlı ona “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair mülki işə baxmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (iş № 2(009)-661/2022) ilə iddianın təmin edilməsini qət etmişdir. Hazırkı iş üzrə cavabdeh, qeyd edilən iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunan şəxs qismində həmin qətnamədən apellyasiya şikayəti verimişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməsini, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini qət etmişdir.

17. Hazırkı iş üzrə tərəflərin verdikləri şifahi və yazılı məlumatlardan bəlli olur ki, iddiaçı tərəfindən Tofiq Mirzəyevə verilmiş 60.000 manat sağlığında Tofiq Mirzəyev, onun ölümündən sonra isə onun vərəsəsi olan hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.

18. İşin materiallarından görünür ki, iddiaçı, onunla Tofiq Mirzəyev arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqaviləyə “Borc müqaviləsi” kimi yanaşaraq 60.000 manatın mərhum Tofiq Mirzəyevin vərəsəsi olan cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi də, qeyd edilən həmin məbləğə borc məbləği kimi yanaşmış və hesab etmişdir ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında borc münasibəti yaranmışdır.

19. Bunu müəyyən etmiş Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740, 442, 385.1 və 529.3-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

20. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən mübahisə edilən hüquq münasibətinin növü düzgün müəyyən edilməmiş, bununla əlaqədar olaraq gəldiyi nəticə üçün əsas götürülmüş maddi hüquq normaları səhv tətbiq edilmişdir.

21. Belə ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqavilənin, iddiaçı ilə Tofiq Mirzəyevin birgə tərtib etdikləri xx.xx.2020-ci il tarixli aktın, habelə Tofiq Mirzəyevin yazdığı (tarixsiz) aktın məzmunda göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, alıcı olaraq iddiaçı ilə satıcı olaraq Tofiq Mirzəyev arasında sonuncuya məxsus fərdi yaşayış evinin dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alğı-satqı barədə razılıq olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.).

22. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir.

23. MPM-in 385-ci maddəsinin mənasına görə isə, qeyd edilən bu hal məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili, yəni “işə baxmış Rayon Məhkəməsinin işin hallarına səhv qiymət verməsi, maddi hüquq normalarını düzgün tətbiq etməməsi barədə” dəlili əsaslıdır. Buna görə də, Rayon Məhkəməsinin qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

25. Qeyd edilən nəticəyə gəlmiş Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və apellyasiya şikayətinin digər dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə Tofiq Mirzəyev arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqavilə Tofiq Mirzəyev tərəfindən ona məxsus fərdi yaşayış evinin dəyərinin hissə-hissə ödənilməsi şərti ilə iddiaçıya satılması barədə müqavilədir.

26. Həmin müqavilə yazılı formada bağlansa da, notarial qaydada bağlanmamışdır.

27. Mülki Məcəllənin tələblərinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (maddə 144.1.). Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.).

28. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi notarial qaydada bağlanmadığı üçün əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd etibarsız olduğu üçün hüquqi nəticəyə səbəb olmadığından iddiaçının əqd üzrə verdiyi 60.000 manat məbləğində pul ona qaytarılmalıdır.

29. Yuxarıda artıq qeyd edildiyi kimi Tofiq Mirzəyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və 19 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-145 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə mərhumun vərəsəsi kimi hazırkı iş üzrə cavabdeh tanınmışdır. Miras əmlak mərhuma məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 2 otaqlı 80 saylı fərdi yaşayış evidir.

30. Apellyasiya şikayətində cavabdeh bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmalar (müqavilə və aktlar) mərhum Tofiq Mirzəyevə məxsus deyil.

31. Cavabdehin qeyd etdiyi bu xüsusatın, yəni Tofiq Mirzəyevin adından əl yazısı ilə tərtib edildiyi görünən xx.xx.2010-cu il tarixli müqavilə, həmin müqaviləyə xx.xx.2020-ci il tarixdə edilmiş qeyd (iş v. 33, müqavilənin arxa vərəqində olan qeyd) və aktda (iş v. 34) olan xəttin və imzanın Tofiq Mirzəyevə məxsus olub-olmamasının müəyyən edilməsi üçün Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

32. Eyni zamanda ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı Bakı Şəhəri 46 saylı Notariat Ofisindən xx.xx.2021-ci il tarixdə reyestr kitabında 7E-2755 № altına qeydə alınmış və sağlığında Tofiq Mirzəyev tərəfindən verilmiş “Etibarnamə” və onun rəsmiləşdirilməsinə əsas olmuş sənədlər (əsli) və həmin “Etibarnamənin” qeydiyyata alınmasını özündə əks etdirən, 2021-ci ilə aid reyestr kitabı (əsli) 46 saylı Notariat Ofisindən, habelə Tofiq Mirzəyevə xx.xx.2003-cü il tarixdə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” (seriya AZE; № ********) verilməsinə əsas olmuş sənədlər (əsli) Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən götürülərək tədqiq edilmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1535 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 33-cü vərəqində olan xx.xx.2010-cu il tarixli müqavilənin üz tərəfinin 2-ci sətrində “Mən X12 Mirzə” yazıları və “№ 01045798” rəqəmləri qarşısındakı imza, 11-ci sətrində “Mirzəyev Tofiq A.M.” yazıları və 17-ci sətrində “(altmış min manat)” yazıları qarşısındakı imza, müqavilənin sonunda “xx.xx.2010” rəqəmləri qarşısındakı “Mirzəev” yazısı və qarşısındakı imza, mülki işin 33-cü vərəqində olan müqavilənin arxa tərəfində 1-ci sətirdə “Mirzəev T.A.” yazısı və “№ 01045798” rəqəmləri qarşısındakı imza, 6-cı sətirdə “X13 A” yazıları, 10-cu sətirdə “X13 A” yazıları, 13-cü sətirdə “xx.xx.2020” rəqəmləri qarşısındakı imza, 14-cü sətirdə “Mən Mirzəyev T.A” yazıları və sonda “xx.xx.2020” rəqəmləri qarşısındakı imza və “Mirzoev T.A.” yazısı, mülki işin 34-cü vərəqində olan xx.xx.2021-ci il tarixli Aktın 3-cü sətrində “X14 A” yazıları və aktın sonunda “xx.xx.2021” rəqəmləri qarşısındakı “Mirzoev T.A.” yazısı, xx.xx.2021-ci il tarixli “Etibarnamədə “İmza:” qrafasındakı imza və “Mirzaev TofiG” yazıları, xx.xx.2021-ci il tarixli etibarnamənin 7E-2755 reyestr nömrəsi ilə qeydiyyatdan keçməsi barədə notariat hərəkətlərinin qeyd edilməsi üçün 21582 nömrəli reyestr kitabının 39-cu vərəqində “X6” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasının sonunda “X15 Mirzə” yazıları və həmin yazıların üst hissəsindəki imza – eyni şəxs tərəfindən icra olunmuşdur.

34. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi həmin əlyazmalar Tofiq Mirzəyevə məxsusdur. Cavabdeh bunun əksini sübut edə bilmədiyi üçün apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassız hesab edilir.

35. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə görə, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

36. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən xx.xx.2010-cu il tarixli müqavilə etibarsız hesab edildiyindən, həmin müqavilə üzrə iddiaçının Tofiq Mirzəyevə ödədiyi 60.000 manat məbləğində pul Tofiq Mirzəyevin vərəsəsi olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. g) apellyasiya baxışının nəticəsi

37. Beləliklə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur. İddia tələbi əsaslıdır. Qətnamə ləğv edildiyi üçün apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilir.

38. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməklə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Məhkəmə həmçinin qeyd edir ki, iddia tam təmin edildiyindən məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehə aid edilməlidir. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

40. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

41. İddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə cavabdehə qarşı təmin edildiyindən, cavabdeh, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

42. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş və iddiaçının ölümündən sonra onun prosessual hüquq varisi (arvadı) X4 tərəfindən müdafiə edilmiş “pulun ödənilməsi tələbi barədə” iddiası təmin edilsin. 60.000 (altmış min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X5 prosessual hüquq varisi (arvadı) X1 ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən apellyasiya baxışı zamanı aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (yüz iyirmi altı) manat mənləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı prosessual hüquq varisi (arvadı) X4 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar