Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3871/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kredit müqaviləsinin dəyişdirilərək müqavilə üzrə qalıq borca görə aylıq ödənişlərin yarısının cavabdehin hesabına ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “birgə nikah dövründə kredit müqaviləsi üzrə pul öhdəliyinin tərəflər arasında bölünməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş “kredit müqaviləsinin dəyişdirilərək müqavilə üzrə qalıq borca görə aylıq ödənişlərin yarısının cavabdehin hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" QSC-nin Xırdalan Filialı arasında bağlanmış 07 mart 2024-cü il tarixli, "017A**********" saylı kredit müqaviləsinin dəyişdirilərək xx.xx.2024-cü il tarixdən sonrakı aylar üzrə ödəniləcək qalıq kredit ödənişlərinin yarısının ondan, yarısının isə digər Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" QSC-nin Xırdalan Filialı arasında 07 mart 2024-cü il tarixli, "017A**********" saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona illik 20% olmaqla, 48 ay müddətinə, ayda 490 manat ödəmək şərtilə, 16000 manat məbləğində istehlak krediti verilmişdir. Müqavilə bağlanarkən digər Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Hal-hazırda nikahın pozulması tələbi ilə aidiyyatı üzrə Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və ərizə icraata götürülmüşdür. Qeyd edir ki, kredit məhz cavabdehin müalicəsi üçün alınmış və bu məqsədlə də xərclənmişdir. Bu halı təsdiq edən "X6" MMC-dən alınmış ödəniş çekləri də ərizə əlavə olunur. Lakin krediti götürəndən təxminən üç ay sonra cavabdehlə ailə münasibətləri kəskin şəkildə pisləşmiş və faktiki olaraq ayrılmışdılar. xx.xx.2024-cü il tarixdən nikahın pozulması tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etməsi üçün cavabdehə müvafiq bildiriş göndərilmişdir. Yuxarıda da qeyd etdiyi kimi hal-hazırda nikahın pozulması Qaradağ rayon məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən hesab edir ki, götürülmüş kredit məhz cavabdehin müalicəsinə xərcləndiyindən və hazırda da nikahı pozulmaq ərəfəsində olduğundan, eləcədə xx.xx.2024-cü il tarixdən birgə təsərrüfat aparmadığından iddia tələbi təmin edilməli, onunla cavabdeh "xxxx" QSC-nin Xırdalan Filialı arasında bağlanmış 07 mart 2024-cü il tarixli, "017A**********" saylı kredit müqaviləsinin dəyişdirilməli, xx.xx.2024-cü il tarixdən sonrakı aylar üzrə ödəniləcək qalıq kredit ödənişlərinin yarısının ondan, yarısının isə digər Cavabdeh tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
3. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, İddiaya əsasən iddiaçı onunla nikahda olduğu müddət ərzində 07 mart 2024-cü il tarixində "xxxx" QSC ilə kredit müqaviləsi bağladığını və bankdan götürdüyü məbləği onun müalicəsi məqsədilə xərclədiyini bildirmişdir. Lakin qeyd edilənlər tamamilə əsassız olmaqla həqiqəti əks etdirmir. Belə ki, kredit müqaviləsində kreditin təyinatı olaraq iddiaçının yeni övladının dünyaya gəlməsi göstərilsə də, iddiaçı iddia ərizəsində həmin məbləği onun müalicəsi məqsədilə aldığını qeyd edib. Lakin kreditin götürüldüyündən daha sonra məlumatı olmuş və həmin məbləğin necə xərclənməsi barədə heç bir məlumatı yoxdur. Çünki müalicə məqsədilə 2022-ci ilin noyabr ayında “X6”ə müraciət etmiş və həmin ərəfədə işləmədiyi və keçmiş həyat yoldaşından maddi dəstək görmədiyi üçün anasının maddi dəstəyi ilə və öz qazancı ilə qısa müddətdə müalicə almışdır. Bununla bağlı təsdiqedici sənədlər etiraza əlavə olunur. Yuxarıda da qeyd etdiyi kimi, övladı isə 2023-cü ilin noyabr ayında dünyaya gəlmişdir, qeyd edilən hadisələrin hər ikisi iddiaçının kredit götürdüyü tarixdən xeyli əvvəl baş vermişdir. Yəni iddiaçı heç də qeyd etdiyi kimi kredit məbləğini nə onun müalicəsi üçün götürmüş, nə də övladına xərcləmişdir. İddiaçı faktiki ailə münasibətlərinin kəskin pisləşdiyi dövrdə nikah pozulduqdan sonra üç yaşına qədər uşağın saxlanması üçün tələb edəcəyi alimenti tələb etməməyi ilə bağlı onu hədələmiş, əks təqdirdə özünün şəxsi məqsədləri üçün götürdüyü sözügedən kredit məbləğinin aralarında bölünməsinə dair məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mediasiya və məhkəmə proseslərində bununla bağlı qarşılıqlı razılıq əldə etsə də, iddiaçı sözünü tutmayaraq məhkəməyə müraciət etmişdir. Kredit məbləğinin götürülməsindən və hansı məqsədlə xərclənməsindən, cavabdeh və övladı üçün xərclənmədiyindən, hazırda işləmədiyi və azyaşlı övladı olduğundan həmin məbləği ödəməyi qeyri-mümkündür.
4. Qaradağ Rayon Məhkəməsinin 2(002)-799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi təmin edilməmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Şikayət belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin təyinatı kimi yeni doğulan uşaq göstərilmişdir. Əvvəlki kreditlər uşaq doğulmasından öncə və sonra götürülmüşdür. Hamısı birgə nikah dövründə götürülmüş, həm ananın, həm də uşağın müalicəsi üçün xərclənmişdir. Məhkəmə yekun məhkəmə aktında yalnız ən sonuncu olaraq götürdüyü 16000 manatlıq kredit borcu əsasında işə qiymət vermiş, düzgün olmayan, yalnış qətnamə qəbul etmişdir. Əslində isə ard-arda 3 dəfə, ailə ehtiyacları üçün kredit götürülmüş, hər növbəti kredit ailə ehtiyacları üçün xərclənmiş, əvvəlkinin bağlanması üçün istifadə edilmişdir. Göstərilənlərə əsasən iddiaçı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, əlavə olaraq da qeyd etdi ki, kredit qadın və uşağın müalicəsi, ailə ehtiyacları üçün xərclənmişdir, təyinatı yeni doğulmuş uşaq olduğu üçün qarşı tərəf də bu öhdəlik üzrə birgə borclu kimi çıxış etməli, öz üzərinə düşən kredit borcunu ödəməlidir, ona görə də hesab edir ki, həmin borc müqaviləsi üzrə cavabdeh də müqavilənin borc alan tərəfi kimi tanınmal və müqaviləyə müvafiq dəyişiklik edilməlidir.
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçının həmin krediti nə zaman və nə məqsədlə götürməsindən, eləcə də hara xərclənməsindən hər hansı məlumatı yoxdur. Bundan başqa, o heç yerdə işləmir, qazancı yoxdur, yalnız iddiaçının ödədiyi aliment hesabına azyzşlı uşağını saxlayır, kredit müqaviləsində zaminlik kimi bir öhdəliyi olmadığı üçün, o birgə borclu qismində tanınmasına etiraz edir və şikayətin təmin edilməsimni istəyir. Sübutların tədqiqi:
9. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3180/2024 saylı 25 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzi Qeydiyyat şöbəsində 13 nömrəli akt qeydi ilə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir.
10. AZ-İV seriyalı 948861 saylı doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X1 anası-Cavabdeh, atası İddiaçıdur.
11. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi ilə tərəflər razılığa gəlmişdilər ki, 06 Yanvar 2021-ci tarixində 4 Saylı Bakı "ASAN xidmət" mərkəzi, qeydiyyat şöbəsində bağladıqları, 13 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmədə birbirlərinə 3 ay barışıq möhləti verilmədən 1-ci tərəf İddiaçı iddia qaldırması ilə pozsunlar. Tərəflər uşağın ananın himayəsində saxlanılması tələbi üzrə xx.xx.2023-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi Cavabdeh himayəsində saxlanılması barədə razılığa gəldilər.
12. 27.08.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir.
13. "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, 01A246797923 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" QSC tərəfindən İddiaçı 16000 manat məbləğində kredit verilmişdir.
14. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli, 017G**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, Məhhərəmli Ülkər Sənan qızı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı tərəfindən kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür.
15. "xxxx" QSC-nin istehlak krediti komitə qərarından görünür ki, kreditin təyinatı müştərinin yeni övladı dünyaya gəlib onunla bağlı olması qeyd edilmişdir.
16. İddia ərizəsinə əlavə olunmuş qəbzlərdən görünür ki, “X6” Klinikasına yekun xidmət məbləği 342 manat olan müalicə xərci xx.xx.2022-ci il tarixdə, yekun xidmət məbləği 220 manat olan müalicə xərci xx.xx.2022-ci il tarixdə, yekun xidmət məbləği 85 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 15 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 15 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 15 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 97 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 20 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 35 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 454 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 69 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 95 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 98 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 690,75 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 60 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 182 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 162 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə, yekun xidmət məbləği 135 manat olan müalicə xərci xx.xx.2023-cü il tarixdə ödənilmişdir.
17. Doğum arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə isə X3 anadan olmuşdur.
18. "xxxx" QSCnin İddiaçı ünvanlanmış məktubundan görünür ki, “sizin xx.xx.2024 tarixli müraciətinizə cavab olaraq bildiririk ki, sizinlə "xxxx" QSC arasında bağlanmış 07 mart 2024 tarixli 017A********** nömrəli müqavilə üzrə sizə 16.000 AZN məbləğində kredit verilmişdir. Məktubda qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü bəndinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Yuxarıda qeyd olunanlara əsasən hazırki tələblə əlaqədar aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyiniz xahiş edirik”.
19. "xxxx" QSC tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-799/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı olaraq məhkəməyə göndərilmiş maliyyə arayışından görünür ki, iddiaçının 07 mart 2024 tarixli 017A********** nömrəli müqavilə üzrə borcu əsas kredit borcu üzrə 13424,45 manat, faiz borcu üzrə isə 74,58 manat borcu qalmışdır.
20. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri üzrə qeydiyyata alınmış, həmçinin özgəninkiləşdirilmiş əmlaka dair əsas olan sənədlərin surətlərinin təqdim edilməsi bağlı sorğuya baxılmış və bununla bağlı olaraq bildirilir ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
21. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə sorğuya cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
22. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
23. 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
24. 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
25. 36.1-ci maddəsinə əsasən, Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
26. 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər
27. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın, paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
28. 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
29. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
30. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
31. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
32. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar).
33. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı: 6.35.Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36.Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.37.Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
40. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
41. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
44. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
47. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Belə ki, hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdən rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. xx.xx.2023-cü il tarixdə isə birgə nikahdan övladları olmuşdur. Onların arasında olan nikah münasibətlərinə faktiki xx.xx.2024-cü il tarixdə son qoyulmuşdur. Hazırda iddiaçının bölünməsini tələb etdiyi kredit məbləği bankdan xx.xx.2024-cü il tarixdə götürülmüşdür, İddiaçı hazırkı tələbində xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin dəyişdirilərək xx.xx.20024-cü il tarixindən sonrakı aylar üzrə ödəniləcək qalıq kreditinin yarısının cavabdehdən alınaraq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
51. Yuxarıda da istinad olunan “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 6.37-ci bəndində müəyyən olumuş hüquqi mövqeyə görə kreditorun irədəsi ziddinə belə tələbin təmini kreditorun maraqlarına zidd olacaqdır. Mülki işdəki Bankın iddiaçıya ünvanladığı cavab məktubdan da məlum olur ki, bank iddiaçının bu istərini təmin etməmişdir.
52. Belə olan halda məlum olur ki, iddiaçının bank ilə bağladığı kredit müqaviləsi üzrə borc öhdəliyinin cavabdehə də aid edilməsi və bu əsasla da həmin kredit müqaviləsinin dəyişdirilməsi mümkün deyildir.
53. Bunula belə, Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçı istinad etdiyi kredit üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün sərf edildiyini sübut edərək, həmin kredit müqaviləsi üzrə faktiki münasibətlərinə son qoyulduğu müddətdən sonra ödəmiş olduğu vəsaitin cavabdehə düşən hissəsini ondan tələb etmək hüququna sahibdir.
54. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).
55. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
56. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddaçının apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Nəticə:
57. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.