Məhkəmə qərarları › İş №2(103)-3872/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3872/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3872/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh 12.08.2014-ci il tarixli, 1297/014 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 4103,60 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1475,80 manat faiz, 2880,34 manat cərimə, müqavilənin bitdiyi tarixdən 15.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 805,41 borc, ümumilikdə 9264,61 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə 4103,06 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 13,29 manat hissəsinin Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, dövlət rüsumunun 16,71 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC, apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsir dairəsinə düşmür. Həmçinin, qeyd olunmalıdır ki, kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatmışdır. Ona görə də, məhkəmə tərəfindən faiz, cərimə borcunun və illik 5 fazilə hesablanmış əldən çıxmış faydanın silinməsi əsassız olmuşdur. Cavabdeh da, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya olan kredit borcu sözügedən fərmanın təsir dairəsinə düşməsinə baxmayaraq, məhkəmə ondan hansı əsasla 4103,06 manat borc tutulmalı olduğunu əsaslandıra bilməmişdir. Hesab edir ki, iddiaçıya ödəməli olduğu pul daha az omalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin, cavabdehin şikayəti isə rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.08.2014-cü il tarixli, 1297/014 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 26 % dərəcəsi olmaqla 10.000 manat kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. LPO İddiaçıASC tərəfindən verilmiş 17.07.2020-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 15.07.2020-ci il tarixə 4103,60 manat əsas, 1475,80 manat faiz, 2880,34 manat cərimə, müqavilənin bitdiyi tarixdən 15.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 805,41 əldən çıxmış fayda olmaqla, ümumilikdə 9264,61 manat borcu qalmışdır. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərə alıb, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə mülki qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra - MM) 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü və 445.7-ci maddələrinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Birinci instansiya məhkəməsi, iddia tələbini yalnız əsas borca aid hissədə təmin edib, faiz borcu, cərimə və illik 5 faizlə hesablanmış əldə çıxmış faydaya münasibətdə rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, iddianın təmin olunmayan hissələrində rayon məhkəməsinin gəldiyi qənaətilə razılaşmır, ona görə ki, işdə olan Mərkəzi Bankın problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, cavabdehin 01.03.2019-cu il tarixə 4491,05 manat əsas kredit borcunun (manat ekvivalentində) azaldılmasına yönəldilən məbləğ 387,99 manat, qalıq borc 4103,06 manat, restrukturizasiya məbləği isə 0 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi yuxarıda adıçəkilən Fərmanın təsir dairəsinə düşmədiyindən Mərkəzi Bank tərəfindən bu müqavilə üzrə vaxtı keçmiş qalıq borcun restruktizasiyası ilə bağlı banka hər hansı təklif verilməmişdir. Belə olan halda isə, bank cavabdehə münasibətdə həmin Fərmandan irəli gələn güzəştləri tətbiq etməməkdə haqlı olmuşdur. Eyni zamanda, apellyasiya baxışında mübahisənin düzgün həlli məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspert qarşısında tərəflər arasında bağlanmış 12.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn məsələlər nəzərə alınmaqla 15.07.2020-ci il tarixə qalıq əsas borc və ona hesablanmalı olan faiz məbləği müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli, 9/4209 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 12.08.2014-cü il tarixli kredit müqaviləsinə qeyd olunan şərtlər və X1 24.12.2014-cü il tarixli qərarına əsasən cavabdehin 15.07.2020-ci il tarixə 4099,77 manat əsas, 1474,73 manat faiz borcu, 856,69 manat illik 5 %-lə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 6431,19 manat təşkil edir. Göründüyü kimi, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər əsas və faiz borcuna aid hissədə bank tərəfindən təqdim edilmiş maliyyə arayışıda qeyd olunmuş məbləğlərlə (cüzi fərqlər nəzərə alınmamaqla) üst-üstə düşür, illik 5 %-lə hesablanmış əldən çıxmış fayda isə tələbdən daha artıq məbləğdə hesablanmışdır. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, Kollegiya, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv olunaraq, iddia faiz borcu və illik 5 %-lə hesablanmış əldən çıxmış faydaya münasibətdə tam təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 1475,80 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən 15.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 805,41 manat əldən çıxmış fayda tutulmalıdır. Bununla belə, məhkəmə kollegiyası, hesab edir ki, iddia cərimə borcuna münasibətdə qismən təmin olunmalıdır. Belə ki, MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Bu baxımdan, Kollegiya hesab edir ki, baxılan iş üzrə maliyyə arayışı ilə müəyyən edilmiş və bank tərəfindən tələb olunan 4103,06 manat əsas borca görə tutulan 2880,34 manat cərimə tənasübsüz dərəcədə yüksək məbləğ sayılır. Ona görə də həmin məbləğ azaldılaraq 300 manat müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4296/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 12.08.2014-ci il tarixli, 1297/014 saylı kredit müqaviləsi üzrə 1475,80 manat (bir min dörd yüz yetmiş beş manat səksən qəpik) faiz borcu, 300 (üç yüz) manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən 15.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 805,41 (səkkiz yüz beş manat qırx bir qəpik) manat əldən çıxmış fayda tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar