Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3872/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 204000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhər 51 saylı Notariat Ofisində Cavabdeh ilə “Kredit Müqaviləsi” bağlayaraq 204000 (iki yüz dörd min) manat məbləğində pulu ona borc olaraq vermişdir. Cavabdeh həmin məbləği xx.xx.2022-ci il tarixinə kimi qaytarmalı olmasına baxmayaraq həmin müddətdə heç bir ödəniş etməmiş və öhdəliyini yerinə yetirməsi ilə bağlı müraciətini cavabsız qoymuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-4719/2022) iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər birlikdə kağız karton istehsalı ilə məşğul olmuş, bir tərəfdaş digərinə həmin istehsal sahəsi üzrə dövriyyə vəsaitlərini artırmaq üçün kredit vermiş, borclu kredit öhdəliklərini ödəyə bilməmiş, tərəflər arasındakı sonrakı razılaşma ilə öhdəlikləri naturada – elə həmin istehsal sahəsi üzrə xammal, mal- material (təxminən 76 min manatdan artıq hissəsi) və təsərrüfat təyinatlı nəqliyyat vasitəsi ilə ödəmiş (30 min manat əvəzi), lakin onun xəbəri olmadan aparılan məhkəmə icraatında qeyd olunan xüsusatlar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə aidiyyəti qaydalarına əməl edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Elektron vergi sistemindən alınmış məlumatlardan da tərəflərin kredit müqaviləsi bağlanan vaxt fərdi sahibkar olduğu, VÖEN-i olduğu aydın olur. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsində bilavasitə qeyd olunmsa da, tərəflər arasında mübahisəli hüquq münasibəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi - kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, cavabdeh Bakı şəhərində qeydiyyatdadır və ona görə də hazırkı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3872/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3872/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver