Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3874/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətlərinə əsasən işə, apellyatorun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMc-nin ondan artıq tutduğu 1.050 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli "xxxx" əsasında MMC-dən 5.000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü krediti xx.xx.2015-ci il tarixlərində, heç bir gecikmə olmadan aybaay hissə-hissə ödəyib bitirmişdir. Lakin manatın devalvasiyasından sonra, həmin kredit məbləğinin faiz hissəsini təşkil edən 2.087,75 manatı ödəyə bilməmişdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-34/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan cavabdeh MMC-nin xeyrinə 3.125,12 manat məbləğində pulun tutulması qət edilmişdir. Sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərin banklarda olan 17.000 manatadək vaxtı keçmiş kreditlərinin restrukturizasiyası qərara alınmışdır. Həmin Fərmanla kredit məbləğinə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi nəzərdə tutulmuşdur. İddiaçıya həmin kredit üçün 572,15 manat kompensasiya ödənilmişdir. Belə olan halda 2.087,75 manat faiz borcundan 572,15 manat kompensasiya məbləğı çıxıldıqdan sonra qalan faiz borcu 1.515,60 manat olmuşdur. İddiaçı həmin məbləğin 1.360 manatını xx.xx.2020-xx.xx.2021ci tarixlər ərzində 9 aya ödəmişdir. Qalan 150 manat pulu ödəmək istədikdə isə ona 1.200 manat borcunun qaldığı bildirilmişdir. Sonradan Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi həmin "xxxx" üzrə zamin qismində çıxış edən X3 işlədiyi “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə xx.xx.2022-ci il tarixli icra sənədi göndərmiş və 3.138,12 manatın, həmçinin 220 manat məbləğində 7% icra ödənişinin tutulmasını tələb etmişdir. Halbuki məhkəmə qətnaməsi ilə restrukturizasiya olunmuş məbləğə görə icra ödənişi tələb edilə bilməzdi. Bununla bağlı yenidən məhkəmə qətnaməsi qəbul edilməli idi. Lakin bu prosedurlara əməl edilmədən məbləği iddiaçıdan tutmuşlar. Hazırda iddiaçının həmin kredit müqaviləsi üzrə cavabdeh MMC-yə borcu qalmamışdır, əksinə cavabdeh MMC tərəfindən iddiaçıdan əlavə olaraq 1.050 manat məbləğində artıq pul tutulmuşdur. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh MMC-nin iddiaya etirazı isə belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli Fərmana əsasən, iddiaçının xx.xx.2019-cu il tarixinə qədər əsas kredit borcu olan 2.087,75 manat puldan 572,15 manat təşkilatın hesabına daxil olmuş və əsas borc 1.515,60 manat müəyyən olunmuşdur. İddiaçının xx.xx.2019-cu il tarixinə qədər ümumilikdə əsas borclarının məbləği 19.208 manat təşkil etmişdir və Fərmanın 5.1-ci bəndinin dairəsinə düşməmişdir. İddiaçının Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qeyd olunan borcundan 572,15 manat çıxıldıqdan sonra qalan borc borclulardan tutulmuşdur. Hazırda iddiaçının MMC-yə heç bir borcu qalmamışdır. İddiaçıdan hər hansı əlavə ödəniş tutulmamışdır. Tutulan məbləğlər qanuni olduğu üçün iddia tələbi əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müqavilə üzrə iddiaçının borcu və edilmiş ödənişlərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydə xx.xx.2019-cu il tarixdən sonra 3.138,15 manat ödəniş olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının xx.xx.2019-cu il tarixə olan borcu 2.087,75 manat olmuşdur. Bu səbəbdən də cavabdeh MMC iddiaçının hesabına (3.138,15 – 2.087,75 =) 1.050,40 manat pul məbləğində əsassız varlanmışdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixədək iddiaçının əsas borcu 2.087,75 manat təşkil etmişdir. Lakin Rayon Məhkəməsi səhv edərək həmin məbləği ümumi borc kimi müəyyən etmişdir. Bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
8. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaya etirazın və şikayətin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsasların uyğun izahat verdi.
10. İddiaçı işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin sonuncu iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
11. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni iddianın tam təmin edilməsi və cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin miqdarının müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir.
13. Belə ki, kreditor olan cavabdeh MMC ilə borcalan olan iddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 03027 saylı “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, kreditor borcluya kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə istifadə etməyi, krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə qaytarmağı öhdəsinə götürür (bənd 1.1.). Bu müqavilə üzrə kredit alana 5.000 manat məbləğində kredit verilir və kredit alan ona ayrılmış krediti birdəfəlik və ya hissə-hissə götürə bilər (bənd 3.1.). Kredit faizi aylıq 3 %-dir (bənd 3.3.). Hər gecikdirilən gün üçün gecikdirilmiş əsas məbləğə 1% cərimə hesablanır (bənd 3.10.). Bu müqavilənin müddəti 24 ay müəyyən edilir (bənd 4.1.).
14. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən (iş № 2(010)-34/2017) görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə cavabdeh) MMC-nin cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı və onun MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş (hazırki iş üzrə tərəf olmayan) Elşən Abdulova qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 2.278,02 əsas borc, 546,72 manat faiz borcu, 150 manat cərimə, 142,38 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla, cəmi 3.117,12 manat məbləğində borcun və 21 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir.
15. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, tərəflərin bağladıqları "xxxx" əsasən MMC krediti hazırki iş üzrə iddiaçıya kreditin xx.xx.2016-cı il tarixədək qaytarılması şərti ilə vermişdir. Həmin tarixə borcalanın MMC-yə 2.278,02 manat əsas və 546,72 manat faiz borcu ödənilməmiş qalmışdır. MMC müqavilənin icra müddəti bitdiyi tarixdən sonrakı bir il üçün illik 5% gecikdirilmiş vaxt üçün ödənilməmiş əsas borca hesablanmış 5%-i, yəni 142,38 manatı tələb etməkdə halıdır. Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 150 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
16. Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş icra ödənişinin alınması haqqında qərardan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnamə üzrə verdiyi icra vərəqəsi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən müvafiq olaraq borc alandan və zamindən tutulmalı olan ümumi pul məbləğindən 7% həcmində icra ödənişi olan 220 manat pulun borc alandan və zamindən tutulması qərara alınmışdır.
17. İcra Şöbəsi tərəfindən “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, borclu – zamin Elşən Abdulov barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi və 7 faiz icra ödənişinin alınması haqqında qərar Şirkətə göndərilir. İcra sənədi üzrə qalıq borc 1.205,92 manat təşkil edir, icra sənədinə əsasən borc alandan və zamindən müştərək qaydada cəmi 2.278,02 əsas borc, 546,72 manat faiz borcu, 150 manat cərimə, 142,38 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla, cəmi 3.117,12 manat məbləğində borc və 21 manat ödənilmiş dövlət rüsumu hazırki iş üzrə cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən icra sənədi üzrə qalıq 1.205,92 manat məbləğində pul hər ay zamin Elşən Abdulovun əmək haqqının 50 faizi həcmində tutaraq tələbkarın məktuba əlavə edilmiş bank hesabına, 220 manat (ümumi məbləğin 7%-i) məbləğində icra ödənişi isə icra ödənişinin alınması haqqında qərarda göstərilən Suraxanı Rayon İcra Şöbəsinin hesabına (ödənişin təyinatında icra sənədinin nömrəsi, tarixi, həmçinin borclunun adı, soyadı və “7 faiz icra ödənişi” sözləri tam səkildə qeyd edilməklə köçürülməsi Şirkətdən xahiş olunmuşdur.
18. “Problemli kreditlərin kompensasiyası haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Palatasının elektron sistemindən çıxarışdan müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının xx.xx.2019-cu il tarixinə hazırki iş üzrə cavabdeh MMC-yə olan əsas kredit borcuna 2.087,75 manat ekvivalenti pul məbləğinə görə borcun azaldılmasına yönəldilən məbləğ 572,15 manat, qalıq borc isə 1.515,60 manat; "xxxx" ASC-yə olan 6.394,30 manat əsas kredit borcunun azaldılmasına yönəldilən məbləğ 1.752,35 manat, qalıq borc 4.641,95 manat; "xxxx" QSC-yə 2.245,04 manat əsas kredit borcunun azaldılmasına yönədilən məbləğ 615,25 manat, qalıq borc 1.629,79 manat; "xxxx" QSC-yə 8.482 manat əsas kredit borcunun azaldılmasına yönələn məbləğ 2.324,48 manat, qalıq borc 6.157,52 manat müəyyən edilmişdir.
19. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, borclu olan iddiaçının borcunun ödənilməsi üçün hesabına 572,15 manat pul daxil olmuşdur. İddiaçının təşkilata və digər banklara olan borcu 17.000 manatdan çox olduğu üçün (19.208 manat) məlum Fərmana əsasən onun borcu restrukturizasiya olunmamışdır.
20. Cavabdeh MMC tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi üzrə 3.138,12 manat borc aşağıda qeyd edilən mənbələrdən MMCnin hesabına daxil olmuşdur: 572,15 manat Mərkəzi Bank; 1.360 manat borc alan İddiaçı; 1.205,92 manat zamin Elşən Abdulovun əmək haqqından.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 03027 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq iddiaçının cavabdeh MMC-yə xx.xx.2016-cı il tarixə (müqavilənin bitdiyi tarixə) olan əsas borcu 2.278 manat, faiz borcu 546,73 manat, xx.xx.2019-cu il tarixə əsas borcu 2.278,03 manat, faiz borcu 336,73 manat təşkil edir. Eyni zamanda hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən sonra 3.138,15 manat məbləğində ödəniş aparılması müəyyən edilir.
22. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı, onunla cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış "xxxx" əsasən MMC-dən 24 ay müddətində, aybaay, hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat kredit götürmüşdür. Elşən Abdulov iddiaçının həmin müqavilə üzrə öhdəliklərinin icrasına zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə üzrə ödənişlər razılaşdırılmış qaydada aparılmadığından MMC-nin iddia ərizəsi əsasında qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müqavilə üzrə borc məbləğinin borc alan olan iddiaçıdan və zamindən tutulması qət olunmuşdur. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçının ümumi borcu 17.000 manatdan çox olduğu üçün restrukturizasiya olunmasa da, xx.xx.2019-cu il tarixə 2.087,75 manat əsas borca 572,15 manat kompensasiya məbləği hesablanmışdır. MMC-yə olan borc bu kompensasiya məbləği, iddiaçı tərəfindən ödənilən 1.360 manat və zaminin əmək haqqına yönəldilən tutma nəticəsində yığılmış pul məbləği çıxıldıqdan sonra tam ödənmişdir.
23. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2019-cu il tarixə əsas borcunun 2.278,03 manat, faiz borcunun 336,73 manat, müqavilənin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 322,72 manat borcunun olduğu, xx.xx.2019-cu il tarixdən sonra müqavilə 3.138,15 manat məbləğində ödəniş aparıldığı müəyyən edilir.
24. Belə olan halda, iddiaçının cavabdeh MMC-yə (3.138,15–(2.278,03+336,73)=) 523,39 manat artıq ödəniş həyata keçirdiyi müəyyən olunur.
25. Lakin Rayon Məhkəməsi ekspert rəyini nəzərə almayaraq, MMC-yə artıq ödənilmiş vəsaitin miqdarını düzgün müəyyən etməmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (maddə 135.2.).
27. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh MMC iddiaçının hesabına 523,39 manat məbləğində əsassız varlanmışdır və həmin vəsait ondan tutularaq iddiaçıya ödənilməlidir. g) apellyasiya baxışının nəticəsi
28. Beləliklə, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın tam təmin edilməsi, cavabdeh MMC-dən tutulmalı olan vəsaitin miqdarının müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən tutulmalı olan pulun miqdarı 523,39 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamə qismən, yəni iddianın tam təmin olunması və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı olan pulun məbləğinin miqdarının müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin miqdarı 523,39 (beş yüz iyirmi üç manat otuz doqquz qəpik) manat müəyyən edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamə qalan hissədə, yəni cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı münasibətdə əsassız varlanmış şəxs hesab edilərək, ondan İddiaçı xeyrinə pulun tutulması barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.