Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3875/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2012-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İMEİ nömrəli, Sdlxg401ddfj3, alqı-satqı qiyməti 1230 manat olan İpad 2 modelli notebook üçün ümumilikdə 2310 manat olmaqla, ondan 1230 manat ödənilməmiş məbləğ, 1080 manat cərimə, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 AZN dövlət rüsumunun, cəmi 2330 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və manafov Dənyal Anatollu oğlundan tutulub iddiaçıya ödənilməsi və müqavilənin vaxtından qabaq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2012-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-2428/12) iddia təmin edilmişdir. Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər "xxxx" MMC ilə 01 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən Sdlxg401ddfj3 İMEİ nömrəli İpad 2 modelli notebook almışlar və nəticədə onların 2310 manat məbləğində borcları yaranmışdır. 01 sentyabr 2011-ci il tarixli müqavilənin 3.5-ci maddəsinə görə alıcı bu müqavilənin qüvvədə olduğu və “əşya”nın tam dəyərini ödəmədiyi bütün müddət ərzində əşyanı sata, bağışlaya və başqasının istifadəsinə verə bilməz. Bu müqavilənin 3.6-cı bəndinə görə yalnız bütün ödənişlər tam və vaxtında ödənildikdə aşyaya tam sahiblik hüququ alıcıya keçir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı ödənişi vaxtında ödəmədikdə hər gün üçün gecikdirilmiş məbləğin 3% həddində ABC-yə penya ödəyir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar müqavilədən irəli gələn öhdəlikləri icra etməmişlər. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissəsinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ümumiyyətlə onun həmin “İpad 2” modelli notebookun alqısatqısından heç bir məlumatı yoxdur, 01 sentyabr 2011-ci il tarixli müqavilənin məzmunu ilə tanış deyil və onun tərəfindən imzalanmamışdır. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermiş və qətnaməni yalnız özünə aid hissədə mübahisələndirmişdir. Qətnamə digər Cavabdeh1 aid hissədə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid təmin edilən hissədə ləğv olunmalı və iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan 01 sentyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 12 ay müddətinə haqqını hissə-hissə ödəməklə İMEİ nömrəsi Sdlxg401ddfj3 olan İpad 2 modelli notebooku satılmışdır. 01 sentyabr 2011ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 zamin duraraq borcunu ödəmədiyi zaman onun yerinə borcu ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC 16.03.2012-ci il tarixdə müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi cavabdehlərdən cəmi 2330 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Qətnamənin mövcudluğundan 2021-ci ildə xəbər tutan Cavabdeh2 onun surətini rəsmi qaydada əldə etmiş və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinə görə onun həmin “İpad 2” modelli notebookun alqısatqısından heç bir məlumatı yoxdur, 01 sentyabr 2011-ci il tarixli müqavilənin məzmunu ilə tanış deyil və həmin müqavilə onun tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası bu dəlilin araşdırılması məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/713 saylı, 11 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 adlarından olan 01 sentyabr 2011-ci il tarixli “Zaminlik müqavilə”sinin aşağı sol hissəsində “Zamin” qrafasında olan imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ekspert rəyi əsasında müəyyən olunur ki, Cavabdeh2 iddiaçı ilə heç bir müqavilə bağlamamış, üzərinə heç bir öhdəlik götürməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə "xxxx" MMC-nin Cavabdeh2 pul tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı - Cavabdeh2 onun qarşısında müqavilə öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar Cavabdeh2 aid hissədə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri Cavabdeh2 aid hissədə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə X1 qarşı iddianın təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2012-ci il tarixli qətnaməsi qismən – Cavabdeh2 əsas borca görə 1230 manat, cərimə borcuna görə 1080 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 2330 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3875/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3875/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver