Məhkəmə qərarları › İş №2(103)-3876/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3876/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3876/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Həmdiyyə Əfəndizadənin, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” ilk iddiasına, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 21.11.2017-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 11.04.2013-cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə əsas borc kimi 15.225,70 ABŞ dolları, faiz borcu kimi 14.814,01 ABŞ dolları, dəbbə pulu kimi 1.094,62 ABŞ dolları, cəmi 31.134,33 ABŞ dolları məbləğində pul, habelə dövlət rüsumunun əvəzi kimi 15 manat digər cavabdehlər ilə yanaşı cavabdeh (zamin) Cavabdeh4 iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh4 aid hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Həmdiyyə Əfəndizadə isə apellyasiya şikayətinin əsasız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 11.04.2013-cü il tarixdə iddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanıb. Cavabdeh4 zamindir, zaminlik müqaviləsi 10.02.2015-ci ildə bağlanıb, zaminliyin müddəti göstərilməyib. Kredit öhdəliyinin müddəti 36 aydır, bu müddət 11.04.2016-cı il tarixdə başa çatıb. İddia ərizəsi isə 1 il 3 ay sonra – 06.07.2017-ci il tarixdə verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 12.2-ci bəndində qeyd olunub ki, bu müqavilə kredit müqaviləsi üzrə bütün ödənişlər ödənilənədək qüvvədədir. Lakin həmin şərt Mülki Məcəllənin 367-ci maddəsində müəyyən edilmiş “müddət” anlayışına uyğun deyil, ona görə də zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik xitam olunduğuna görə Cavabdeh4 qarşı yönəlmiş tələb əsassızdır. Birinci instansiya məhkəməsi Cavabdeh4 qarşı iddianı təmin etməklə maddi hüquq normasını pozub. Ona görə də qətnamə Cavabdeh4 aid hissədə ləğv edilməli və ona qarşı yönəlmiş tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 21.11.2017-ci il tarixli qətnaməsi Cavabdeh4 aid olan hissədə ləğv edilsin və İddiaçı ASC-nin iddia ərizəsi Cavabdeh4 aid olan hissədə rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar