Məhkəmə qərarları › İş №2(103)-3876/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3876/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3876/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5263/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair” ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 1.871,49 (bir min səkkiz yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat əsas, 1.544,07 (bir min beş yüz qırx dörd manat yeddi qəpik) manat faiz borcunun, cəmi 3.415,56 (üç min dörd yüz on beş manat, əlli altı qəpik) manatən və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli Kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank Borcluya 2.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş(lər)in aparılması üçün istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5263/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1.871,49 (bir min səkkiz yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat məbləğində əsas borcun, 43,57 (qırx üç manat, əlli yeddi qəpik) manat məbləğində faiz borcunun, cəmi 1.915,06 (bir min doqquz yüz on beş manat, altı qəpik) manat borc pulun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bankdan xx.xx.2012-ci ildə kredit kartı üzrə bank hesabı müqavilə ilə “Bolkart” kartı götürmüşdür. xx.xx.2015-ci il tarixdə onun telefonuna bildirişlər gələrək ona məxsus olan kartdan 1.609,36 manat pul internet dələduzları tərəfindən müxtəlif hesablara silinmişdir. Dərhal bu barədə banka məlumat verərək kartı bloka salmaqlarını xahiş etmişdir. Bundan sonra o, xx.xx.2015-ci il tarixdə ərizə ilə bankın rəhbərliyinə müraciət edərək silinmiş vəsaitin qaytarılmasını xahiş etmiş, lakin bank rəhbərliyi bundan imtina etmişdir. Tərəfindən aidiyyatı qurumlara və polisə şikayətlər etsədə heç bir nəticə əldə edə bilməmişdir. Halbu ki, kart bankın mülkiyyəti olduğundan kartın təhlükəsizliyinə bank məsuliyyət daşımalıdır. Kartalarla aparılmış şübhəli əməliyyatların real vaxt rejimində qarşısının alınması və bu tip əməliyyatlar üzrə risqlərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. Məhkəmə qərar qəbul edərkən müraciətləri əsasında araşdırmaya verilən nəticə barədə sübut təqdim edilməməsini qeyd etmişdir. Məhkəməyə təqdim etdiyi Polis İdarəsinin məktubunda da qeyd edilmişdir ki, polis tərəfindən Banka göndərilmiş sorğulara cavab verilmədiyindən araşdırma aparmaq qeyri-mümkündür. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5263/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin 31 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5263/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5263/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2012-ci il tarixli Kredit kartı üzrə bank hesabı müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə görə Cavabdeh istehlak məqsədilə 31 dekabr 2014-cü il tarixədək, aylıq 2,5 faiz hesablanmaqla 2.000 manat məbləğində kredit ayırmış və o, həmin Kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci maddəsinə əsasən, “Bank” kartın “Hesab sahibi”nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (“fraud”) əməliyyatlarının) və ŞEN koddan istifadə edilməsinin nəticələrinə görə məsuliyyət daşımır. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair araşdırma aparılması üçün ödəniş sisteminin qayda və şərtlərinə əsasən yazılı qaydada (Charge Back) müraciət etməsi tövsiyyə edilmişdir.(İ.vər. 9) İş materiallarında оlan, balansdan kənar məxaric orderindən görünür ki, Cavabdeh 01 (bir) ədəd **********868699 №-li “Balcard” kartı verilmişdir.(İ.vər. 10) İş materiallarında olan, xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilməsi nəzərdə tutulan kart verilmişdir.(İ.vər. 10) İş materiallarında olan, 1084/21 CSD saylı, 22 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-yə 1.993,16 (min doqquz yüz doxsan üç manat on altı qəpik) manat məbləğində əsas, 43,57 (qırx üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu təşkil edir.(İ.vər. 52) İş materiallarında olan, sms bildirişin fotoşəkillərinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixində saat 21:45 radələrindən saat 22:24-radələrinə qədər ****1770 saylı “Bolkart”dan müxtəlif məbləğlərdə ödənişlər edilmişdir.(İ.vər. 49 - 50) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlilləri əsassız. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas dəlili olan ona məxsus olan kartdan 1.609,36 manat pulun internet dələduzları tərəfindən müxtəlif hesablara silinməsi və kart bankın mülkiyyəti olduğundan kartın təhlükəsizliyinə bankın məsuliyyət daşımalı olduğu barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Mərkəzi Bankından Bakı Apelyasiya Məhkəməsinə daxil olmuş 01-26-2-2022-8344 saylı, 13 iyun 2022-ci il tarixlı məktuba əlavə edilmiş İddiaçı ASC-nin 2662 saylı, xx.xx.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 17 fevral 2012-ci il tarixli Bank kartı hesabı müqaviləsinin 6.2-ci maddəsinin tələblərinə görə “Bank” kartın “Hesab sahibi”nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (“fraud”) əməliyyatlarının) və ŞEN koddan istifadə edilməsinin nəticələrinə görə məsuliyyət daşımır. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair araşdırma aparılması üçün ödəniş sisteminin qayda və şərtlərinə əsasən yazılı qaydada (Charge Back) müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya müraciəti ilə əlaqədar həmin vaxt eyni məzmunlu cavab verilsə də, cavabdeh iddiaçının həmin cavabını mübahisələndirməmiş, həmçinin Cavabdeh bank kartından qanunsuz silinmələr aparılması barədə hüquq mühafizə orqanlarına müraciət etsə də, həmin müraciətin nəticəsini mübahisələndirməyərək hərəkətsizlik etmiş və uzun müddət ərzində bankla aralarında olan mübahisənin həllinə cəhd etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5263/2021 saylı, 22 sentyabr 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə Tahirova apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 3.415,56 (üç min dörd yüz on beş manat əlli altı qəpik) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 394-1.3 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5263/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar