Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3880/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi K.X9, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-1890/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinəəsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 4900 manat əsas borc, 11149,28 manat faiz borcu, 937,72 manat cərimə olmaqla, cəmi 16987 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 907/013 saylı kredit müqaviləsinə əsasən borc alana illik 15 faizlə 12 ay müddətinə 92100 manat kredit verilmiş, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün nə qədər səy göstərilsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)- 1890/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 122 manatın iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, sübut əhəmiyyətli sənəd kimi məxaric orderi və hesabdan hesaba köçürülməni təsdiq edən hesabdan çıxarış təqdim edilmiş, pulun kassadan götürüldüyü rəsmiləşdirilən məxaric orderi cavabdehin özü tərəfindən imza edilmişdir. Məhkəmə ekspertin qeyri-dəqiq və aydın olmayan rəyinə əsaslanmamalı və əlavə ekspertiza keçirməli idi. Borc məbləğinin hərracdan alınan evin ödənişinə yönləndirilməsi barədə hesabdan hesaba köçürmə hesabdan çıxarışda öz əksini tapmışdır, həmçinin cavabdeh bu hissədə pulun köçürülməsini etiraf etmiş və mübahisələndirməmişdir. Kredit üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir, məhkəmə sonuncu ödənişin cavabdehin şəxsən özü tərəfindən icra edilmədiyini əsas gətirərək iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, ekspert rəyi ilə razılaşmır, cavabdeh müqavilənin bağlanmasını etiraf edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, ödənişin heç biri onun tərəfindən edilməyib, özü 2007-ci ildən 2016-ci ilə qədər İddiaçı ASC-də işləmişdir. Sözügedən kredit müqaviləsinin ona hər hansı aidiyyəti olmamışdır, belə ki, bankın müştərisi olan X1 borcunu ödəyə bilməmiş və nəticədə evi hərraca çıxarılmışdır, bu məqsədlə rəhbərlik tərəfindən ona təklif etmişlər ki, onun adına kredit müqaviləsi bağlansın, həmin kredit məbləği ilə Hüseyn Məhərrəmovun hərraca çıxarılmış mənzilini o alsın, Hüseyn Məhərrəmov bu krediti ödədikdən sonra evi sonuncuya qaytarar, o da bankda işlədiyi üçün rəhbərliyin sözündən çıxa bilməmiş, razılaşmışdır. Həmin kredit məbləğini o, ümumiyyətlə götürməmiş, birbaşa hərraca yönəldilmiş, ev alınmışdır. Həmçinin o, hər hansı kassa məxaric qəbzinə imza atmamışdır, işin 70-ci səhifəsində olan xx.xx.2013-cü il tarixli məxaric orderindəki imza da ona məxsus deyil, onun imzası başqa şəxs tərəfindən saxtalaşdırılmışdır. Hüseyn Məhərrəmov krediti bir müddət ödəmiş, 2015ci ilin mart ayından sonra isə ödənişləri dayandırmışdır. Həmin ərəfədə bankın rəhbərliyi dəyişdiyindən ödənişlər ondan tələb olunmuşdur. Belə olan təqdirdə o, mənzili satıb kredit borcunu bağlamaq qərarına gəlmiş, lakin Hüseyn mənzili boşaltmadığı üçün bunu edə bilməmişdir. Ona görə o, məhkəmədə Hüseynə qarşı «mənzilin boşaldılması və mənzildən çıxarılma tələbinə dair» iddia qaldırmışdır. Həmin işə baxıldığı ərəfədə, yəni 2015-ci ilin yayında Hüseyn özünə məxsus başqa mənzilini satıb hazırki kredit borcunu bağlamaq niyyətini bildirmiş və həmin mənzili onun dayısı Tofiq Bəylərov almaq qərarına gəlmişdir. Hüseynlə dayısı mənzilin qiymətini 102000 manata razılaşmışlar. Həmin məbləğin 82600 manat hissəsini, yəni onun adına olan kredit borcunun qalıq hissəsi dayısı Tofiq Bəylərov və ailə üzvləri tərəfindən xx.xx.2015-ci il tarixdə banka ödənilmişdir, qalan məbləğ alqısatqı zamanı verilməli idi. Lakin Hüseyn həmin ödənişdən sonra dayısı ilə alqı-satqı etməkdən yayınmış, dolayısı isə onu və dayısını aldatmışdır. Ona görə də o, məhkəmədə qaldırdığı iddiasında israrlı olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-9075/2015 saylı qətnaməsi ilə iddiası qismən təmin olunaraq, mübahisəli mənzilin boşaldılması, cavabdeh X2 həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən şikayət verilmədiyi üçün qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra prosesi xx.xx.2015-ci il tarixə təyin olunmuş, lakin borclu Hüseyn Məhərrəmov icra prosesinin təxirə salınmasını, könüllü icra üçün ona 1 ay möhlət verilməsini xahiş etmişdir. O, etiraz etməmiş, icra prosesi təxirə salınmış və bu barədə xx.xx.2015-ci il tarixli akt tərtib edilmiş, aktı Hüseyn Məhərrəmov da imzalamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Hüseyn Məhərrəmov ona bu barədə heç bir məlumat vermədən və onun tapşırığı olmadan xx.xx.2015-ci il tarixdə banka gedərək, 4600 manat ödəniş etmişdir. Hüseyn Məhərrəmov ondan xahiş etmişdir ki, bir qədər möhlət versin, ona və dayısına vurduğu zərəri tam ödəyəcəkdir. Lakin sonradan Hüseyn Məhərrəmov onlara vurulmuş zərəri ödəyib mənzilinə sahib çıxmaq əvəzinə, məhkəmədə hərracın nəticələrinin etibarsız hesab olunması barədə idda qaldırmış, lakin iddiası uğursuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 907/013 saylı kredit müqaviləsindən görünür ki, borc verən həmin müqaviləyə əsasən borc alana qeyri-yaşayış sahəsinin alınması məqsədi ilə 12 ay müddətinə illik 15 fazi olmaqla 92100 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh adına olan Hesabdan çıxarışın surətindən görünür ki, bank tərəfindən xx.xx.2013-cü il tarixdə «Hərracdan alınmış daşınmaz» təyinatı üzrə (yəni, hərracdan daşınmaz əmlakın alınması üçün) 80.080 manat ödəniş köçürülmüş, 11.920 manat isə nağd məxaric edilmişdir. Hesabdan çıxarışdan həmçinin müəyyən olunur ki, kredit borcu üzrə xx.xx.2014-cü il tarixdə 800 manat (ödəyən şəxsin adı göstərilməyib), xx.xx.2014-cü il tarixdə 6.000 manat (ödəyən X4), xx.xx.2014-cü il tarixdə 5 manat (ödəyən Cavabdeh göstərilib), xx.xx.2014-cü il tarixdə 950 manat (ödəyən şəxsin adı göstərilməyib), xx.xx.2014-cü il tarixdə 7.969 manat (ödəyən Cavabdeh göstərilib), xx.xx.2015-ci il tarixdə 1.650 manat (ödəyən şəxsin adı göstərilməyib), xx.xx.2015-ci il tarixdə 82.600 manat (21.200 manat - X6, 21.200 manat - X3, 20.000 manat - X5, 20.200 manat - X7) və xx.xx.2015-ci il tarixdə 4.600 manat (ödəyən X4) ödəniş olmuşdur. Bank kreditin 11920 manat hissəsini nağd şəkildə Cavabdeh aldığını göstərmiş və bunun sübutu kimi xx.xx.2013-cü il tarixli FJB**********352 saylı kassa məxaric orderini təqdim etmişdir (orderdə vəsaiti alan şəxs kimi Cavabdeh göstərilmiş və order onun tərəfindən imzalanmışdır). Bundan başqa, bank tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli FJB**********643 saylı mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə İddiaçı ASC-yə 7.969 manat məbləğində faiz ödənişi edilmişdir. Birinci instansiya məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 8900 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş xx.xx.2014-cu il tarixli FJB**********643 saylı mədaxil orderinin “Müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmiş, ekspertizaya təqdim olunmuş xx.xx.2013-cü il tarixli, FJB**********852 saylı məxaric orderində “Müştərinin imzası” qrafasındakı imzanın isə Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəməsi belə nəticəyə gəlmişdir ki, araşdırılmış sübutlarla tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc alana 92100 manat əvəzinə 80080 manat kredit ayrılması, xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən (onun əvəzinə) banka 82600 manat ödəniş edilməklə kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə yerinə yetirilməsi təsdiq edilmiş, iddiaçı bank əlavə olaraq cavabdehə 11920 manat kredit verildiyini iddia etsə də, araşdırılmış sübutlarla bu təkzib olunmuş, həmçinin, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə son ödəniş edilməsi müəyyən olunduğuna görə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, məhkəmə ekspertinqeyri-dəqiq və aydın olmayan rəyinə əsaslanmamalı və əlavə ekspertiza keçirməli və xx.xx.2013-cü il tarixli FJB**********352 saylı kassa məxaric orderinin həqiqətən də cavabdeh tərəfindən imzalandığı sübuta yetirilməli idi. Apellyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Mərkəzin xx.xx.2020-ci il tarixli 4/689 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 70-ci vərəqində Cavabdeh adına olan xx.xx.2013-cü il tarixli FJB**********352 saylı məxaric orderinin sol aşağı küncündə “Müştərinin imzası, Customer Signature” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi xx.xx.2013-cü il tarixli məxaric orderi, yəni cavabdehə 11920 manat kredit verilməsini təsdiq edən məxaric orderi sonuncu tərəfindən imzalanmamışdır. Belə olan halda, cavabdehə nağd şəkildə 11920 manat kredit verilməsi halı sübuta yetirilmir, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili isə odur ki, kredit üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir, məhkəmə sonuncu ödənişin cavabdehin şəxsən özü tərəfindən icra edilmədiyini əsas gətirərək iddia müddətini tətbiq etmişdir. İddiaçı bu hissədə dəlilini onunla əsaslandırır ki, iddia ərizəsi xx.xx.2018-ci il tarixdə dəftərxana tərəfindən qəbul edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə ümumilikdə 82600 manat ödəniş edilmiş, bundan sonra isə xx.xx.2015-ci il tarixdə X4 tərəfindən 4600 manat ödəniş edilmişdir. İddiaçı cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2015-ci il tarixdə edildiyinə istinad edir. İşin müəyyən edilmiş hallarından, həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş məhkəmə aktlarından isə görünür ki, həmin vaxt artıq Cavabdehla Hüseyn Məhərrəmov arasında məhkəmə mübahisəsi olmuş, sonradan isə münasibətləri daha da gərginləşmiş və aralarında daha bir neçə məhkəmə çəkişmələri olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-9075/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunaraq, mübahisəli, yəni hazırki kreditlə hərracdan alınmış Hüseyn Məhərrəmova məxsus mənzilin boşaldılması, həmin iş üzrə cavabdeh X2 mənzildən çıxarılması qət edilmişdir. Həmin ödənişin həyata keçirildiyi gün, yəni xx.xx.2015-ci il tarixdə adıçəkilən qətnamə üzrə icra prosesi həyata keçirilmiş, lakin borclu Hüseyn Məhərrəmov icra prosesinin təxirə salınmasını, könüllü icra üçün ona 1 ay möhlət verilməsini xahiş etmiş, tələbkar Cavabdeh da etiraz etməmiş, icra prosesi təxirə salınmış və bu barədə xx.xx.2015-ci il tarixli akt tərtib edilərək iştirakçılar, o cümlədən Hüseyn Məhərrəmovun özü tərəfindən imzalanmışdır. Belə olan halda, Cavabdeh tapşırığı əsasında xx.xx.2015-ci il tarixdə Hüseyn Məhərrəmovun ödəniş etməsi inandırıcı və ağlabatan hesab edilmir. Əksinə, aşkar şəkildə görünən odur ki, həmin ərəfədə onların arasında son dərəcə mübahisəli münasibətlər olmuşdur. Cavabdeh özü tərəfindən yalnız bir dəfə – xx.xx.2015-ci il tarixdə dayısı Tofiq və sonuncunun ailə üzvlərinin vasitəsilə ümumilikdə 82.600 manat ödəniş edildiyini qeyd etmişdir ki, bu da işin hallarına uyğun gəlir. Belə ki, ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, hətta xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən aparılması iddia olunan 7.969 manat məbləğində ödənişin ona aidiyyəti olmamışdır (mədaxil orderindəki imza cavabdehə məxsus deyil). xx.xx.2014-cü il tarixli 6.000 manat məbləğində kredit ödənişinin də Hüseyn Məhərrəmov tərəfindən həyata keçirilməsi isə Cavabdeh izahatında göstərdiyi dəlillərinin inandırıcı olmasına dəlalət edir. Həmçinin ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixli FJB**********352 saylı məxaric orderi ilə kreditin 11920 manat hissəsi nağd şəkildə Cavabdeh yox, başqa şəxsə verilmişdir. Belə olan halda isə sonuncunun əlavə ödəniş etməsində maraqlı olması real deyildir. Ona görə də, Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2015-ci il tarixdə edilməsi və buna görə də iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1890/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3880/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3880/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver