Məhkəmə qərarları › İş №2(103)-3880/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3880/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3880/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 835/2024 saylı, 6 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiası cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə X3na riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********10000 abonent hesabına aktlar əsasında 2018-ci il üzrə 486 manat, 2019-cu il üzrə 1.479,60 manat, 2020-ci il üzrə 777,40 manat, 2021-ci il üzrə 3.153,60 manat olmaqla, cəmi 5.896,60 manat məbləğində zərər hesablanmışdır.

3. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 1.623,01 manat borcu (debitor borc) da yaranmışdır.

4. Hesablanmış sərfiyyat borcundan abonent tərəfindən cəmi 99,26 manat (2020-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayına qədər) ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5.896,60 (beş min səkkiz yüz doxsan altı manat, altmış qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1.623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) manat və 95,20 (doxsan beş manat, iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7.614,81 (yeddi min altı yüz on dörd manat, səksən bir qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesab: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00426xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 486 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 198 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 187 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 396 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 194,40 manat olmaqla, cəmi 5.896,60 (beş min səkkiz yüz doxsan altı manat, altmış qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 58,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 256,04 manat sərfiyyat borcu və limitdən əlavə 34,88 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 626,75 manat sərfiyyat borcu və limitdən əlavə 48,50 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 641,52 manat sərfiyyat borcu və limitdən əlavə 56,48 manat sərfiyyat borcu, cəmi 1.722,27 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 99,26 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1.623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) manat borcu (debitor borc) qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 7.519,61 (yeddi min beş yüz on doqquz manat, altmış bir qəpik) manat təşkil etməkdədir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-835/2024 nömrəli, 6 aprel 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyan olaraq 421,20 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik qəpik) manat, 1.623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) debitor borc olmaqla, cəmi 2.044,21 (iki min qırx dörd manat, iyirmi bir qəpik) borc və 40,44 (qırx manat, qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt sayğaca müdaxilə ilə bağlı tərtib olunduğundan, sayğacın klapanı işlək olmaması cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığından, İddiaçı İB tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən **********10000 nömrəli abonent Cavabdeh qanunsuz olaraq hesablanmış 486 manat borc silinməlidir.

9. Məhkəmə xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında akt üzrə aparılmış hesabatı əsaslı hesab etməyərək, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün kimi, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün kimi, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 1.2 x 6 x 90 x 0,12 = 77,76 manat, 1.5 x 10 x 90 x 0,12 = 162 manat, 1.4 x 12 x 90 x 0,12 = 181,44 manat olmaqla, cəmi 421,20 manat ziyan məbləğini əsaslı hesab etmişdir.

10. Məhkəmə iş materiallarında olan digər aktları qanuni və əsaslı hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan aktlar sayğacdan kənar qeyri-qanuni qoşulma halları ilə bağlı olsa da, qeyri-qanuni qoşulma hallarının təsdiqi ilə bağlı aktlara əlavə edilmiş foto şəkillərə diqqət edən zaman bütün fotoşəkillərin xx.xx.2021-ci il tarixdə çəkilməsi özü-özlüyündə bu aktların həqiqiliyini şübhə altına salır. Belə qənaətə gəlinir ki, İddiaçı İB nümayəndələri tərəfindən qeyd olunan ünvana baxış keçirilmədən hər ay eyni ünvana aktlar tərtib edilmiş və bütün aktlara da çəkiliş tarixi xx.xx.2021-ci il tarixini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Həmçinin iş materiallarında olan abonentin saldosundan da göründüyü kimi cavabdehin 1.623,01 (min altı yüz iyirmi üç manat, bir qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır.

11. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2, 4.8, 4.9, 6.5-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-835/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması və sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə, həmçinin də sayğaca müdaxilə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda biirinci instansiya məhkəməsi İddiaçı İB-nin iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələblərinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqeyi də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi (Qərarın 51-52-ci bəndləri)”. Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsi yalnız bir akt üzrə dəymiş ziyan məbləğinin tutulmasına dair qətnamə qəbul etmişdir. Göstərilənlərdən məlum olur ki, tərəflərindən kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş və Ali Məhkəmənin yuxarıda göstərilən qərarında formalaşdırdığı mövqeni nəzərə almamışdır. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarından birini tanımış, lakin həmin faktla bağlı da tərtib edilmiş akt üzrə paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə də səhv nəticəyə gəlməklə paylayıcının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirik ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələblərini tam təmin edərdi. Çünki tərəflərindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələblərinin əsaslı olduğunu sübut edir. Odur ki, iş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələblərinin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Həmçinin şikayətin 6-cı bəndində (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) də göstərdikləri kimi birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri ilə bağlı sübutların qiymətləndirilməsinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı, xüsusilə də qərarın 51-54-cü bəndləri) mövqeni də nəzərə alınmamışdır.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 22.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın

23.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 24.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 25.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 26.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

27.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “2019-2021-ci il tarixlərində tərtib olunmuş aktlar üzrə tutulmalı olan borc” hissəsində ləğv edilməlidir. 31.Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında Bakı şəhəri, ünvan 2 ünvanına dair qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, müqaviləyə əsasən iddiaçı təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, cavabdeh isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi üzərinə götürmüşdür.

32. Birinci instansiya məhkəməsi İddiaçı xeyrinə Cavabdeh sayğac üzrə istifadə edilmiş və dəyəri ödənilməmiş sərfiyyat borcunu tutmuşdur. Məhkəmə debitor borcundan başqa İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda xx.xx.2019-cu il tarixində X3na riayət edilməsi vəziyyəti yoxlanılan zaman tərtib olunmuş akta əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün kimi, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün kimi, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 1.2 x 6 x 90 x 0,12 = 77,76 manat, 1.5 x 10 x 90 x 0,12 = 162 manat, 1.4 x 12 x 90 x 0,12 = 181,44 manat olmaqla, cəmi 421,20 manat ziyan məbləğini əsaslı hesab etmişdir.

33. Məhkəmə iş materiallarında olan digər aktları qanuni və əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarında olan təbii X3nın pozulması haqqında tərtib olunmuş xx.xx.2018ci il tarixli akta əsasən, abonentin ünvanına quraşdırılmış sayğaca müdaxilə edildiyi aşkar edildiyindən və bu aktın etibarlılığını sübüt etmək yükünü cavabdeh daşıdığından iddianın bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin iş materiallarında olan digər aktları qanuni və əsaslı hesab etməməklə, həmin aktların həqiqiliyini, aktlara əlavə edilmiş bütün fotoşəkillərin xx.xx.2021-ci il tarixə çəkildiyi üçün, şübhə altına salmış, iddianı bu hissədə təmin etməmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər olaraq 2019-2021-ci illər üzrə tərtib olunmuş aktlara əsasən hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi, iddianın qeyd edilən hissəsi üzrə nəticəyə gəlmək üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

35. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanı üzrə xx.xx.2019-cu il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2021-ci il tarixədək cavabdehin qaz xəttinə qanunsuz qoşulmasına görə aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan bu aktları sayğacdan kənar qeyri-qanuni qoşulma halları ilə bağlı olsa da, aktlara əlavə edilmiş bütün fotoşəkillərin xx.xx.2021-ci il tarixdə çəkilməsi əsası ilə bu aktların həqiqiliyini şübhə altına almışdır. Belə qənaətə gəlmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmədən hər ay aktlar tərtib edilmiş və bütün aktlara da çəkiliş tarixi xx.xx.2021-ci il tarixini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixində tərtib olunmuş akta əsasən 421,20 manat ziyan məbləğini əsaslı hesab etmişdir.

36. Halbuki bu cür yanaşma məhkəmə aktlarının əsaslandırılması ilə bağlı prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində cavbdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etmədiyi barədə gəldiyi qənaəti MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, iddiaçının dəlilləri üzrə hər hansı araşdırma aparmamış, xx.xx.2019xx.xx.2021-ci il tarixlərində abonentin adına tərtib edilmiş 15 akt üzrə iddiaçının mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yaranmadığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamış, cavabdeh tərəfindən bu illər ərzində ödənişlərin edilmədiyinə hər hansı münasibət bildirməmişdir.

37. O da nəzərə alınmalıdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına dair çəkilən fotoşəkillər, abonent tərəfindən qanunazidd hərəkətlərə yol verilməsini təsdiq edə bilən sübutlardan biridir. Bu cür fotoşəkillərin zərərin hesablanmasına əsas olan aktlara əlavə edilməməsinin iş üçün əhəmiyyətli olan faktların işdə mövcud olan digər sübutlarla yoxlanılması və qiymətləndirilməsi üçün əsasdır.

38. Beləliklə də, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınamaması düzgün hesab edilə bilməz. Zərərə münasibətdə də qeyd edilməlidir ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.

39. Belə ki, “X3”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

40. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

41. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək eyni zamanda İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət etməsini zəruri sayaraq cavabdehin **********10000 abonent hesabı üzrə mövcud borcun hesablanmasını tapşırmışdır.

42. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli sorğuya cavaba əsasən, 2019-cu ildə tərtib edilmiş 4 akt üzrə: 4 qış ayı üzrə x 1476 m3=5904 m3; 2020-ci ildə tərtib edilmiş 3 akt üzrə: 3 qış ayı üzrə x 1476 m3=4428 m3; 2021-ci ildə tərtib edilmiş 8 akt üzrə: 4 qış ayı üzrə x 1476 m3 + 4 yay ayı üzrə x 972 m3=9792 m3 miqdarda hesablanmış zərərin, müvafiq olaraq 1.255+886+2.227=4.368 manat məbləğində olması müəyyən edilmişdir.

43. Belə ki, X1 Agentliyi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 2019-cu ildə tərtib edilmiş aktlar üzrə hesablanmış 5904 m3 qaz həcminin dəyərini (1200 m3 x 0.12 manat + 1300 m3x 0.20 manat + 3404 m3 x 0,25 manat = 1255) 1255 manat; 2020-ci ildə hesablanmış 4428 m3 qaz həcminin dəyərini (1200 m3 x 0.12 manat + 1300 m3x 0.20 manat + 1928 m3 x 0,25 manat = 886) 886 manat; 2021-ci ildə hesablanmış 9792 m3 qac həcminin dəyərini (1200 m3 x 0.12 manat + 1300 m3x 0.20 manat + 7292 m3 x 0,25 manat = 2227) 2227 manat; cəmi 2019-2021-ci illər üzrə tərtib edilmiş aktlar üzrə 1255+886+2227 = 4368 manat məbləğində olmasını qeyd etmişdir.

44. Kollegiya iddiaçının maddi zərərə uğramasını təsdiq edən aktlar əsasında tərtib olunmuş “Dəymiş ziyanın bərpasına dair” tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığını, həmçinin zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına müəyyən həcmdə şərait yaratması hallarına yol verdiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən aktlar üzrə qaz itkisinə görə ziyanın məbləği itirilmiş təbii qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablanmaqla müəyyən edilməlidir.

45. Beləliklə də, 2019-cu ildə tərtib edilmiş digər 3 akt üzrə 4428 m3 həcmdə hesablanmış zərər 442,8 manat; 2020-ci ildə tərtib edilmiş 3 akt üzrə 4428 m3 həcmdə hesablanmış zərər 442,8 manat; 2021-ci ildə tərtib edilmiş 8 akt üzrə 9792 m3 həcmdə hesablanmış zərər 979,2 manat olmaqla, cəmi 1.864,8 manat məbləğində olması müəyyən edilməlidir.

46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.

48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunan və olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-835/2024 nömrəli, 6 aprel 2024cü il tarixli qətnaməsi qismən - “2019-2021-ci il tarixlərində tərtib olunmuş aktlar üzrə borcun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərər üzrə 1.864,80 manat, məbləğində pul tutularaq İddiaçı bank hesabına ödənilsin. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar