Məhkəmə qərarları › İş №2(103)-3882/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3882/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3882/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(010)-1141/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh X5 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən 108000 manat dəyərində olan iki mərtəbəli mənzili 10000 manat beh almaqla satmışdır. Müqaviləni satıcı kimi Cavabdeh, alıcı kimi X7, şahidlər olaraq isə İbrahimov A.Cavad oğlu, X15 və X18 imzalamışdır. xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Pİ-nin İstintaq Şöbəsinin təhqiqatçısı Akşin Vəliyev “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli X18 tərəfindən yazılmış iltizamda qeyd olunmuşdur ki, “mən X2 Rayonu Əmircan Qəsəbəsində yerləşən fərdi yaşayış evini almaq üçün Cavabdeh 10000 manat beh şəklində verdim və bir müddət sonra alası olmadıq. Bu zaman behin geri qaytarılması ilə bağlı aramızda razılıq olmuşdur ki, satıcı Cavabdeh dəymiş 3000 manat ziyan çıxılmaqla yerdə qalan 7000 maat qaytarılsın. Bu 3000 manatla bağlı mən X10 nə indi nə də gələcəkdə heç bir tələbim iddiam olmayacaqdır. Özüm yazdım öz xəttimlə. Mən qaytarılmalı olan ümumi summa 7000 manatdan 2000 manatını X11 və X8 iştirakıyla Cavabdeh xx.xx.2024-cü il tarixdə aldım. Geridə bizim aramızda 5000 manat pul qaldı. İmza edirlər: İbrahimov Alkişi, İbrahimov Samir, Cavabdeh, Məmmədov Namin. X27 xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən məbləğdən 3500 manatını aldım. Şahid İbrahimov S.C. mənim şahidliyimlə X12 3500 manat verildi. Aramızda 1500 qaldı.” Hazırda iddiaçı, Cavabdeh 6000 manat pulun ondan alınıb ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ev almaq istədiyi üçün makler işləyən qaynı X13 ona zəng edərək dostu Rasim adlı şəxsin özünə məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində evi olduğunu və həmin evi 108000 manata satdığını demişdir. Bu zaman həyat yoldaşı X7 qardaşı Samir İbrahimovla birlikdə gedərək həmin evə baxmışlar və arvadı Müşgünaz evi bəyəndiyi üçün iddiaçının da evə baxmağını istəmişdir. Daha sonra onlar yenidən 05 aprel 2024-cü il tarixdə həmin ünvana getmiş və ünvanda olan zaman evin yan pəncərəsinin dəmir listlə bağlandığını görmüşlər. İddiaçı Rasimdən həmin pəncərənin niyə bağladığını soruşduqda onu aldadaraq bildirmişdir ki, guya pəncərə qonşunun həyətinə baxdığı üçün bağlayıbdır. Yəni arxa hissə tamamilə boşdur. Həmin vaxt inanmış və qiymətdə razılaşdıqdan sonra pulun bir qismini yəni 10000 manatını ailə üzvlərinin və qaynının yanında evin sənədləşməsi və evə kombi çəkdirməsi məqsədilə Rasim adlı şəxsə vermişlər. Təxminən 5 gün sonra 10 aprel 2024-cü il tarixdə kombini çəkdirib çəkdirməməsini yoxlamaq məqsədilə yenidən həmin ünvana getdikdə orada olan zaman məlum olmuşdur ki həm qaynı, həm də ev sahibi iddiaçını aldatmışlar, yəni evin qəbiristanlığa bitişik olduğunu gizlədib evi ona satmaq istəmişlər. Pəncərə qəbiristanlığa baxdığı üçün dəmir listlə bağlayıblar ki alan adam görməsin. İddiaçı həmin vaxt aldandığını başa düşmüş və verdiyi 10000 manat pulu Rasimdən geri qaytarmasını tələb etmişdir. Rasim adlı şəxs isə müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etdiyinə görə o, bu barədə Suraxanı RPİ-nin 31-ci PB-nə şikayət etmişdir. Bölmədə şikayəti araşdırılmış və cavabdeh izahat verərək iddiaçıdan 10000 manat məbləğində pul almasını etiraf etmişdir. Lakin Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Akşin Vəliyevin 21 may 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə’' qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçını aldadaraq heç bir sənədi olmayan evi ona satmaq adı ilə iddiaçıdan 10000 manat məbləğində pul vəsaiti almış, bununla da ididiaçıya 10000 manat zərər vurmuşdur. Lakin cavabdeh sonradan həmin məbləğin 4000 manat hissəsini qaytarmış, ödənilməmiş 6000 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(010)- 1141/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən özbaşına tikilinin sahibliyə və istifadəyə verilməsi ilə bağlı münasibətlər (sözügedən özbaşına tikilinin 108000 manat müqabilində sahibliyə və istifadəyə verilməsi ilə bağlı razılığa gəlinməsi, həmin məbləğdən 10000 manatın verilməsi, müəyyən hissənin geri qaytarılması və s.) iddiaçının oğlu Namin Məmmədov və Cavabdeh arasında yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini hazırkı işə tətbiq edərək məhkəmə hesab etmişdir ki, hazırkı işdə İddiaçı cavabdehdən 10000 manat məbləğində pul məbləğini geri tələb etməkdə hər hansı bir hüququnun olmadığı aşkardır. Belə olan halda məhkəmə iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya əsl iddiaçı ilə əvəz edilməsi təklif edilsə də, o, bunu istəmədi və işə mahiyyəti üzrə baxılmasına israr etmişdir. Beləliklə, məhkəmənin başqa çıxış yolu qalmamış və işə mahiyyəti üzrə baxmağa davam etməli olmuşdur. Məhkəmə həmçinin vurğulamışdır ki, məhkəmə iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış olduğu qənaətinə gəldiyindən hazırki iddianın əsaslılığı üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparmamışdır. Belə ki, bu gələcəkdə ortaya çıxacaq iddia üzrə zidiyyət yaranmasına səbəb ola bilər. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsası ondan ibarət olmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhələ adlanan ərazidə yerləşən özbaşına tikilinin alınması üçün İddiaçı tərəfindən Cavabdeh razılaşdırılmış pul məbləğinin bir qismi olaraq 10000 manat məbləğində pul vermişdir. Bu iddiada iddiaçının sübut etməli olduğu hal odur ki, həmin pul vəsaitini cavabdeh almışdır və həmin pul vəsaitinin sahibi iddiaçıdır. Yəni cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh evin satılması üçün 10000 manat almasını etiraf edir, yəni iddiaçının öz iddiasını bu hissədə sübut etmək vəzifəsi qalmamışdır. Lakin cavabdeh pulun bir hissəsinin iddiaçının oğluna qaytarılmasını əsas gətirərək, pulun iddiaçının oğluna aid olmasını və alqı-satqını da iddiaçının oğlu ilə etməsini bildirib, iddiaya bu hissədə etiraz etmişdir. Yəni iddiaçının hesabına əsassız varlanmadığını iddia etmişdir. Məhkəmə isə heç bir sübut olmadan cavabdehin izahatına və iddiaçının oğlunun pulun bir hissəsinin geri alınması barədə imzaladığı qəbzə istinad edərək, iddianı rədd etmişdir. Halbuki, iddiaçının oğlu evin alınması üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaitini Cavabdeh məhz iddiaçının tapşırığı ilə almış, aldığı pulu iddiaçıya təhvil vermiş, evin alınması üçün isə pulu məhz iddiaçı özü cavabdehə vermişdir. Qeyd edilən pul məbləği iddiaçının olmuş, həmin pul vəsaitinə iddiaçının oğlunun heç bir aidiyyatı olmamışdır. Hətta xx.xx.2024-cü il tarixli Suraxanı RPİ-nin İstintaq Şöbəsinin təhqiqatçısı Akşin Vəliyevin “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından da görünür ki, Məmmədov X17 RPİ-nin 31-ci PB-nə müraciət edərək, X11, X15 və Rasim adlı şəxslərin onun 10 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. İşin halından da görünür ki, X4 Vəliyevə hər hansı bir məbləğdə pul vəsaitini verməsini bildirməmiş, həmin pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh verildiyinə görə İddiaçı da ondan şikayət etmiş və sonradan da məhz onun barəsində iddia ilə məhkəməyə müraciət etmişdir. İşin ən diqqətəlayiq halı ondan ibarətdir ki, həmin evin alınması üçün Cavabdehlə iddiaçının arvadı Məmmədova Müşgünaz arasında 05 aprel 2024-cü il tarixdə müqavilə imzalanmış və həmin müqavilədə Cavabdeh evi 108000 manata Müşgünaz Məmmədova satılması, alıcı tərəfindən ona 10000 manat verilməsi göstərilmişdir. Yəni hətta bu müqaviləyə istinad edilərsə belə ev iddiaçının oğlu X12 deyil, iddiaçının arvadı X1. Məhz bu hal bir daha sübut edir ki, evə görə verilmiş pul məbləği iddiaçıya məxsus pul məbləği olmuş, onun həmin pul məbləğini geri tələb etmək hüququ olmuşdur. Ev üçün cavabdehə verilən pul iddiaçıda olub və onun mülkiyyətində olub, məhkəmə bu hala daha da aydınlıq gətirmək üçün pulun sahibi kimi müəyyən etdiyi Namin Məmmədovu işə cəlb etməli, pulun kimə məxsusluğu barədə ondan soruşmalı, yalnız bu yolla pulun sahibini müəyyən edərək sonra qərar qəbul etməli idi. Evin alınması üçün verilən pulun isə Namin Məmmədova məxsus olması barədə iş materialarında heç bir sübut olmamış, yeganə olaraq cavabdeh alqı-satqını Namin Məmmədovla etdiyini bildirmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş müqavilədən də görünür ki, alqı-satqı barədə müqavilə iddiaçının arvadı ilə bağlanmışdır. Hətta bu halda da, yəni iddiaçının arvadı tərəfindən cavabdehə pul verilməsinə istinad edilsə belə həmin pul vəsaiti birgə mülkiyyət hesab edildiyinə görə iddiaçı bu pul məbləğini geri tələb edə bilər. Bu işin qiymət verilməli olan qarışıq halı odur ki, iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaiti iddiaçıya məxsus olub, həmin pul vəsaiti ilə əlaqədar olan müqavilə iddiaçının arvadı ilə bağlanıb, həmin pul vəsaitinin cavabdehdən alınması ilə isə iddiaçının tapşırığı ilə onun oğlu Namin məşğul olub. Yəni hər bir halda ailə üzvləri birgə hərəkət edərək ev almaq istəmiş, sonradan isə özlərinə dəymiş zərəri bərpa etmək istəmiş, bu hal pulun sahibi barədə məhkəmədə sual yaratsa da, məhkəmə işin əsas halını araşdırmadan pulun sahibi kimi X14 müəyyən etmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə də belə hesab edir ki, məhkəmə ev üçün ödənilmiş pul vəsaitinin Namin Məmmədova məxsusluğunu müəyyən etmək üçün ilk əvvəl onun bu hala münasibətini öyrənsəydi, bu zaman pulun iddiaçıya məxsus olmasını müəyyən edər və iddianın təmin edilməsi barədə qətnamə qəbul edərdi. Bundan başqa iddiaçı cavabdehdən almaq istədiyi evin qəbirstanlığa bitişik olmasını və bu halın cavabdeh tərəfindən ondan gizlədilməsini bildikdən sonra cavabdehlə razılaşdırılmış qaydada evi almamış, yəni artıq iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində pulun verilməsinə əsas olmuş hal aradan qalxmış, bu üzdən iddiaçı evə görə verdiyi 10000 manat pulu geri tələb etmiş, cavabdeh də həmin pulu qaytaracağına söz vermiş, pulun bir hissəsini, yəni 5500 manatı hissə-hissə olmaqla qaytarmış, qalan hissəsini isə qaytarmaqdan imtina etmiş və iddiaçının hesabına əsassız olaraq 4500 manat əldə etmişdir. Bu hal isə iddiaçı üçün həmin məbləği cavabdehdən tələb etmək hüququ, cavabdeh üçün isə həmin pulu qaytarmaq vəzifəsi yaratmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən özbaşına tikilinin sahibliyə və istifadəyə verilməsi ilə bağlı münasibətlər (sözügedən özbaşına tikilinin 108000 manat müqabilində sahibliyə və istifadəyə verilməsi ilə bağlı razılığa gəlinməsi, həmin məbləğdən 10000 manatın verilməsi, müəyyən hissənin geri qaytarılması və s.) iddiaçının oğlu Namin Məmmədov və Cavabdeh arasında yaranmışdır. Həmçinin iş materiallarından görünür ki, evin alınması ilə bağlı müqavilə iddiaçının arvadının adınadır. Göründüyü kimi hazırkı işdə İddiaçı cavabdehdən 10000 manat məbləğində pul məbləğini geri tələb etməkdə hər hansı bir hüququ olmamışdır. İddiaçı isə apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının oğlu evin alınması üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaitini Cavabdeh məhz iddiaçının tapşırığı ilə almış, aldığı pulu iddiaçıya təhvil vermiş, evin alınması üçün isə pulu məhz iddiaçı özü cavabdehə vermişdir. Lakin işin faktiki halları ilə iddiaçının oğluna Cavabdeh hazırda tutulması tələb edilən pul vəsaitinin alınması üçün hər hansı bir tapşırıq verməsi müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən bu barədə mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli X18 tərəfindən yazılmış iltizamda pul vəsaitinin iddiaçının deyil, məhz N.Məmmədov tərəfindən alınması müəyyən edilmişdir. Bu hal işdə olan cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də təsdiq edilir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda qaytarılmasını tələb etdiyi pul vəsaitinin onun sahibliyində olmasını iddia etsə də, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir, əksinə işin sadalanan halları ilə müəyyən edilmişdir ki, özbaşına tikilinin sahibliyə və istifadəyə verilməsi ilə bağlı münasibətlər iddiaçının oğlu Namin Məmmədov və Cavabdeh arasında yaranmışdır. Bununla yanaşı iddiaçının qeyd etdiyi kimi evin alınması üçün Cavabdehlə iddiaçının arvadı Məmmədova Müşgünaz arasında 05 aprel 2024-cü il tarixdə müqavilə imzalanması müqavilədə göstərilən vəsaitinn məhz iddiaçının hesabına verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçıya əsl iddiaçı ilə əvəz edilməsi təklif edilsə də, o, bunu istəməmiş və işə mahiyyəti üzrə baxılmasına israr etmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq işə mahiyyəti üzrə baxmağa davam etmişdir. Belə ki, MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış olduğu qənaətinə gəldiyindən hazırki iddianın əsaslılığı üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparılmamalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq iddiaçının buna subyektiv hüququ olmadan iddia qaldırmasını nəzərə alaraq həmçinin hesab edir ki, onun apellyasiya şikayətinin digər dəlillərinin əsaslılığı üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparılması da gələcəkdə ortaya çıxacaq iddia üzrə ziddiyyət yaranmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(010)- 1141/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar