Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3883/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 534 saylı müqavilə üzrə yaranmış və ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə 5.208 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 101 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 74 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçıdan ümumi dəyəri 5.308 manat olan müxtəlif məişət avadanlığı almışdır. Müqavilənin şərtinə əsasən cavabdeh iddiaçıya ilkin olaraq 100 manat ödəmiş, qalan 5.208 manatı isə ayda 217 manat ödəməklə 24 ay ərzində ödəməli idi. Həmin müqavilənin başlığında “Kredit müqaviləsi” yazılsa da, əslində həmin müqavilə “Nisyə alğı-satqı müqaviləsi” olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edərək məişət avadanlıqlarını cavabdehə versə də, cavabdeh, üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, 5.208 manatı iddiaçıya ödəməmiş və iddiaçı tərəfindən ona edilmiş xəbərdarlıqlara da məhəl qoymamışdır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək, bunu üçün isə vəkilin hüquqi yardımından istifadə edərək, 101 manat xərc çəkmək və iddianın məhkəməyə verilməsi üçün 74 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə qeyd edilən məbləğlər cavabdehdən məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh, Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçını tanımır və iddiaçıdan nə pul alıb, nə mal. Qeyd edilən müqaviləni məcburiyyət qarşısında qalaraq imzalamışdır. Belə ki, cavabdehə özünü iddiaçının qohumu kimi təqdim etmiş Məzahir adlı şəxs ona bildirmişdir ki, cavabdehin həbsdə olan oğlunun ona 4.500 manat məbləğində əsas və 700 manat məbləğində faiz borcu var və borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh, oğlunu yeni ittihamlardan qorumaq üçün həmin borcu öz üzərinə götürmüş və Məzahirin tələbi ilə həmin müqaviləni iddiaçı ilə bağlamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsində” qeyd edilən borcun ona aid olmamasını və ümumiyyətlə müqavilənin etibarsız olduğunu bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığı üçün hesab edilməlidir ki, iddiaçı, qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış borcun iddiaçı tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır, iddiaçının cavabdehə qarşı bu kimi iddianı irəli sürməyə subyektiv hüququ mövcuddur. Bundan başqa nəzərə alınmalıdır ki, iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Buna gör də, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 740-cı maddələrinin tələbləri baxımından əsaslı hesab edilərək təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçının istinad etdiyi müqaviləni imzalamamışdır. O, iddiaçının qohumu kimi təqdim etmiş Məzahir adlı şəxsin ona verdiyi məlumatlardan sonra Məzahirə söz vermişdir ki, oğlunun Məzahirə olan 5.200 manat məbləğində borcu öz ödəyəcək. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehdə, onun oğlunun həmin Məzahir adlı şəxslə telefon vasitəsi ilə danışmasını və Məzahirin etirafını özündə əks etdirən səs yazısı var. Lakin işə baxmış Rayon Məhkəmələri bunları nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
11. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən iddiaçıdan ümumi dəyəri 5.308 manat olan müxtəlif məişət avadanlığı almışdır. Müqavilənin şərtinə əsasən cavabdeh iddiaçıya ilkin olaraq 100 manat ödəmiş və üzərinə öhdəlik götürmüşdür ki, qalan 5.208 manatı 24 ay ərzində ayda 217 manat olmaqla ödəyəcək.
12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı, borcun ödənilməsini cavabdehdən tələb etmiş və cavabdehi xəbərdar etmişdir ki, əgər cavabdeh borcu ödəməzsə o, borcun tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət edəcəkdir.
13. Məhkəmə qeyd edir ki, həmin müqavilənin başlığında “Kredit müqaviləsi” yazılsa da, əslində həmin müqavilənin məzmunundan görünür ki müqavilə “Nisyə alğısatqı müqaviləsidir”. İddiaçı özü də iddia ərizəsində bildirir ki, həmin müqavilə “Nisyə alğısatqı müqaviləsidir”.
14. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən isə görünür ki, Rayon Məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəyə məhz “Kredit müqaviləsi” üzrə yaranmış mübahisə kimi yanaşmış və onu Mülki Məcəllənin 739 və 740-cı maddələrinin tələbləri baxımından həll etmişdir.
15. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 739 və 740-cı maddələrinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739.2.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.).
16. Mülki Məcəllənin 567 və 600-ci maddəsinin tələblərinə görə isə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.).
17. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
18. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386.). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (maddə 385.1.1.).
19. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və işdə olan sübutlar əsasında işə baxılaraq iddia tələbinə və apellyasiya şikayətinin iddianın əsassızlığı ilə bağlı dəlillərinə qiymət verilməlidir.
20. İş üzrə cavabdeh apellyasiya şikayətində müqaviləni imzalamadığını bildirsə də, Rayon Məhkəməsində verdiyi izahatında bildirmişdir ki, iddiaçının qohumu Məzahir onu aldatmış və o, oğlunu yeni ittihamlardan qorumaq üçün həmin borcu öz üzərinə götürmüş və Məzahirin tələbi ilə iddiaçı ilə həmin müqaviləni imzalamışdır (məhkəmə iclas protokolu; iş vərəq 41).
21. Cavabdehin apellyasiya şikayətinin bu dəlili onun özünün Rayon Məhkəməsinə verdiyi izahatla təkzib olunur və iş materiallarından görünür ki, cavabdeh, məhkəmə iclas protokoluna dair qeyd verilməmişdir.
22. Məhkəmə, cavabdehin bu kimi dəlilinin artıq Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edildikdən sonra ortaya çıxmasını, cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair qeyd verməməsini nəzərə alaraq apellyasiya şikayətinin bu dəlilini əsaslı saymır və hesab edir ki, cavabdeh, bu dəlili irəli sürməklə iddia tələbindən qorumaq üçün və qeyri-səmimi olaraq bildirir.
23. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
24. Bundan başqa, qeyd edilməlidir ki, iddiaya etiraz edən cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilənin etibarsız (yalan əqd) olduğunu bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.
25. O, apellyasiya şikayətində bildirir ki, onda, onun oğlunun həmin Məzahir adlı şəxslə telefon vasitəsi ilə danışmasını və Məzahirin etirafını özündə əks etdirən səs yazısı var.
26. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi səs yazısı hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. Çünki həmin səs yazısı hazırki iş üzrə tərəflər arasında deyil, iş üzrə tərəf olmayan şəxslər arasında olan danışığı özündə əks etdirir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən etibarlı sübut kimi qəbul edilə bilməz.
27. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Nisyə alğı-satqı müqaviləsi” etibarsız deyil və cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir
28. İşin müəyyən edilmiş halını və Mülki Məcəllənin 567 və 600-ci maddələrini (bax: hazırki qətnamənin 16-cı bəndinə) nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
29. Qeyd edilən maddi hüquq normalarının tələbindən işin halına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirlməməsinə görə mülki münasibət daşıyır və həmin müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 5.208 manatı iddiaçıya ödəməlidir.
30. İddia əsaslı olduğundan cavabdeh iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün çəkdiyi xərcləri də iddiaçıya ödəməlidir. Çünki MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.6.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).
31. Beləliklə göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2021-ci il tarixdə bağlanmış 534 saylı “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə 5.208 (beş min iki yüz səkkiz) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 101 (yüz bir) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 74 (yetmiş dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.