Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3885/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(007)-147/2023 nömrəli 17 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış və Bakı şəhərindəki 6 saylı notariat ofisində notarial qaydada rəsmiləşdirilmiş 22 iyul 2021-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh İddiaçı iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc pul almışdır.
2. "xxxx" MMC ilə (prezident İddiaçı şəxsində) Cavabdeh arasında 26 mart 2020-ci bağlanmış “Nəqliyyat vasitəsinin icarə müqaviləsin”dən görünür ki, Cavabdeh həmin müəssisədən “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür.
3. Cavabdeh tərəfindən imzalanmış tarixsiz qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh həmin qəbzi ondan ötəri verirəm ki, mənim "xxxx" MMC-yə “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsinə görə 8400 manat borcum yaranmışdır.”
4. 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli icra qeydinə görə 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh 15000 manat krediti qaytarmadığı üçün icra qeydi verilmişdir.
5. Tələbkar İddiaçı tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunur ki, “Yazıb Sizə bildirirəm ki, xx.xx.2021 ci il tarixli 13612 nömrəli icra qeydinə əsasən borclu Cavabdeh 15000 manat pul vəsaiti alınaraq onun xeyrinə ödənilməlidir. Məlumat üçün bildirirəm ki, borclu Cavabdeh hal-hazırda borcu 15000 manat təşkil edir. Sözügedən icra qeydini “İcra haqqında”Qanunun 17.1.10-cu maddəsi ilə dayandırılmasını xahiş edir”.
6. “İcra sənədi üzrə icraatın dayandırılması barədə” Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2022-ci il tarixli qərarına görə Bakı şəhərindəki 6 saylı notariat ofisinin 13612 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tələbkar İddiaçı ərizəsinə əsasən dayandırılmışdır.
7. "xxxx" MMC ilə (prezident İddiaçı şəxsində) Cavabdeh arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh icarəyə götürdüyi avtomobillə əlaqədar yaranmış 8400 manat icarə haqqını və 6 saylı Notariat Ofisində bağlanmış 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc aldığı 15000 manatı tam olaraq qaytarmışdır (aktın kserosurəti təqdim olunmuşdur).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində borc pulun, 135 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 15135 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Eyni zamanda Səfərov X4 Nizami Əli oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Notariat ofisinin xüsusi notarusu X2 təsdiq etdiyi 17 dekabr 2021-ci il tarixli icra qeydinin ləğv olunması, ödənilmiş 135 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehi xeyli müddətdir ki, tanıyır. Onunla yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin yay aylarında cavabdeh iş qurmaq adı ilə 15000 manat borc pul almış, cəmi 2 aya borcu qaytaracağını bildirmişdir. Onun səmimiliyinə inanaraq, eləcə də aralarında yaxşı münasibət olduğunu nəzərə alaraq cavabdehə etibar etmiş və 15000 manat borc vermişdir. Bu barədə cavabdehlə 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin vaxt maddi vəziyyəti yaxşı normal olduğuna görə, onunla olan səmimi münasibətinə görə borcu cavabdehə faizsiz vermişdir. Aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc 2021-ci ilin sentyabr ayının 22-də qaytarılmalı olsa da cavabdeh qeyd olunan vaxtda borcu qaytarmamışdır. Borcun qaytarılmasını ondan tələb etdikdə hər dəfə tez bir zamanda qaytaracağını bildirsə də, borcu qaytarmamış, daha sonra isə onun telefon zənglərinə ümumiyyətlə cavab verməmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, icra qeydinin verilməsinə səbəb olmuş Bakı şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini tam olaraq icra etmiş və kredit müqaviləsində nəzərdə tutulmuş 15000 manat pulu 20 sentyabr 2021-ci ildə təhvil vermişdir. Bu barədə həmin tarixli akt tərtib olunmuş, həmin aktın “pulu verən” qrafasında Cavabdeh, yəni o, “pulu alan” qrafasında İddiaçı imza etmişdir. Bundan başqa həmin akt İddiaçı prezident olduğu "xxxx" MMC-nin dairəvi möhürü ilə möhürlənmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası üzrə işin icraatına xitam verilmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 mart 2023-cü il tarixli 2(007)-147/2023 nömrəli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) qarşılıqlı iddia təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 15000 manat tutulması barədə 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydinin ləğv olunması, İddiaçı ödənilmiş 135 manat dövlət rüsumunu Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
14. Məhkəmə borclu Cavabdeh tərəfindən icra sənədinin tam olaraq icra edildiyini nəzərə alaraq hesab etmişdir ki, 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydi ləğv olunmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 448.1, “İcra haqqqında” Qanunun 20.1.5, Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın təmin olunması, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, cavabdeh ona olan borcunu qaytarmadığı üçün notariusa müraciət etmiş və notarius tərəfindən icra qeydi verilmişdir. Cavabdeh məhkəməyə mənşəyi bəlli olmayan kserosurət təqdim edərək guya borcunu tam ödəməsi ilə bağlı AKT tərtib edildiyini bildirmiş, məhkəmə isə həmin kserosurəti sübut kimi qəbul edərək ona istinad etmiş və icra qeydini ləğv etmişdir. Həmin aktdan məlumatı olmamış, aktda onun adının qarşısında çəkilmiş imza ona məxsus deyildir. Cavabdeh borcunu qaytarmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin İddiaçı göstərdi ki, Cavabdeh ona məxsus "xxxx" MMC-dən icarəyə avtomobil götürmüşdür. xx.xx.2020-ci il tarixli icarə müqaviləsində 1 gün üçün icarə haqqı 1200 manat qeyd olunsa da, əslində həmin məbləğ 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı olmuş, müqavilədə mexaniki səhvliyə yol verilmişdir. Cavabdeh icarə haqqını vaxtında və tam ödəmədiyinə görə 15000 manat borcu yaranmış və həmin borcu da xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Cavabdeh göstərilən məbləğdə borcunu xx.xx.2021ci ilədək qaytarmağı öhdəsinə götürsə də, vədinə əməl etməmiş, buna görə də o, icra qeydi almışdır. Lakin icra qeydi əsasında icraat çərçivəsində borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunması mümkün olmadığından o, ərizə verərək icra icraatını dayandırmış və hazırki iddianı qaldırmışdır. Lakin ona izah olunmuşdur ki, icra qeydi də icra sənədi olduğunudan onun hazırki tələbinə məhkəmədə baxıla bilməz, buna görə də ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiası baxılmamış saxlanılmışdır. Lakin Cavabdeh həmin qərardaddan şikayət, eyni zamanda qarşılıqlı iddia vermiş, məhkəmə də işə onun məlumatı olmadan baxmışdır. Cavabdeh məhkəməyə borcun qaytarılması barədə saxta aktın kserosurətini təqdim etmiş, məhkəmə də həmin akta əsaslanaraq qarşılıqlı iddianı təmin etmişdir. Halbuki onun həmin aktdan məlumatı yoxdur, əgər həqiqətən də belə bir akt varsa Cavabdeh onu məhkəməyə təqdim edə bilər. Eləcə də İddiaçı telefonla ona zəng vuraraq borcu olmasını etiraf etmiş, onu danışığa dəvət etmişdir. Odur ki, qətnamənin ləğv olunub, iddianın rədd olunmasını xahiş edir.
20. Cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin nümayəndəsi göstərdi ki, borcun qaytarılması barədə aktın əsli İddiaçı qalıb, ona görə də onu təqdim edə bilmir. İddiaçı başqa şəxslərlə də bu qaydada borc müqaviləsi bağlayıb sonradan məhkəməyə verib. Ümumiyyətlə İddiaçı sənədlərin əslini özündə saxlayıb, ona görə də aktın əsli də ondan tələb olunmalıdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
24. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Göründüyü kimi ilkin iddia tələbinə aid hissədə icraata xitam verilmişdir. Qətnamə yalnız qarşılıqlı iddia tələbinə aid hissədə qəbul edilmişdir, hazırda isə qətnamədən apellyasiya şikayəti verildiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
29. Əvvəla Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “borc tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi və ilkin iddia ərizəsinə etiraz təqdim etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə sonuncunun ərizəsi təmin edilmiş və xx.xx.2022-ci il tarixli qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 17 mart 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, qarşılıqlı iddia ərizəsinin həmin məhkəmə iclasında icraata götürülməsi qərara alınmış və eyni tarixli məhkəmə iclasında da iş üzrə qətnamə qəbul edilmişdir.
30. Göründüyü kimi sonuncu məhkəmə iclasında qarşılıqlı iddia icraata qəbul edilmiş, bundan əlavə qarşılıqlı iddianın surətini digər tərəfə təqdim etməklə, qarşılıqlı iddiaya münasibət bildirmək üçün vaxt verilməli olduğu halda, qarşılıqlı iddianın icraata qəbul edildiyi məhkəmə iclasında iş üzrə qətnamə qəbul edilmişdir.
31. İddia tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
32. Tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc almışdır. Həmin müqavilə üzrə öhdəliklər borclu tərəfindən icra edilmədiyi üçün 17 dekabr 2021-ci il tarixli icra qeydi verilmişdir.
33. Cavabdeh kredit müqaviləsinin etibarlılıq şərtlərini mübahisələndirməmişdir. Onun yeganə əsası ondan ibarətdir ki, iddiaçıdan aldığı 15000 manat məbləğində borcu 20 sentyabr 2021-ci il tarixli aktla qaytarmışdır, yəni öhdəliyini icra etmişdir, buna görə də icra qeydi verilə bilməzdi, icra qeydi ləğv edilməlidir.
34. Birinci instansiya məhkəməsi isə 20 sentyabr 2021-ci il tarixli aktı mötəbər sübut qismində qiymətləndirərək, “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsini (icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir) rəhbər tutub hesab etmişdir ki, Cavabdeh tərəfindən icra sənədi tam icra olunduğuna görə 17 dekabr 2021-ci il tarixli icra qeydi ləğv olunmalıdır.
35. Göründüyü kimi, Cavabdeh borcu tam olaraq ödədiyini iddia edərək icra qeydinin ləğv edilməsini tələb edir, yəni bildirir ki, icra qeydi verilərkən artıq öhdəlik tam icra edilmişdir. Tələbinin əsası kimi isə 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktına istinad edir.
36. Lakin Cavabdeh istinad etdiyi aktın əslini və ya lazimı qaydada təsdiq edilmiş surətini nə birinci instansiya məhkəməsində təqdim etməmiş, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir.
37. Qanunvericiliyin tələbinə əsasən isə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
38. Göründüyü kimi Cavabdeh sübut kimi təqdim etdiyi akt kserosurət olmaqla mötəbər hesab edilmir.
39. İddiaçı isə həmin aktdan məlumatlı olmadığını, aktdakı imzanın ona məxsus olmadığını bildirmişdir.
40. Cavabdeh nümayəndəsi israrla məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsini tələb etsə də, aktın əslini təqdim etmədiyi üçün ekspertiza təyin edilməsi mümkün olmamışdır.
41. Beləliklə, icra qeydinin artıq icra olunmuş öhdəlik üzrə verilməsi barədə Cavabdeh dəlilləri təsdiq olunmur, ona görə də iddiası təmin oluna bilməz.
42. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-147/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh İddiaçı qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.