Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-389/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2(010)-1959/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Səbail rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X3 “Opel Omega minik” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
2. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 5600 nömrəli zərər aktından görünür ki, xx.xx.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və servis xidmət haqqına cəmi 2292,09 manat məbləğində xərc hesablanmışdır.
3. İş materiallarında olan Bakı şəhəri Səbail rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat məbləğində cərimə edilmişdir.
4. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2292,09 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.
5. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 2292,09 manat məbləğində sığorta ödənişi edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Vəliyev Arsen (Akif) Vəli oğluna və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər X1 və Cavabdeh2 oğundan subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2292,09 manat sığorta ödənişinin, ödənilmiş 42,92 manat dövlət rüsumunun və 0,4 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, X2 adının dəyişərək Akif adı ilə əvəz etdiyini bildirmiş, qeyd edilən dəyişikliyin nəzərə alınmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən idarə olunan ** XR *** dövlət qeydiyyat nişanlı, “Opel Omega” markalı avtonəqliyyat vasitəsinin sərnişini X3 xx.xx.2020-ci il tarixində nəqliyyat vasitəsinin qapısını açarkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sərnişin X3 təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəliyikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1942,45 manat, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 349,64 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 2292,09 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödəməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt) cavabdeh X3 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 2292.09 manat məbləğində vəsait X3 və Cavabdeh2 subroqasiya qaydasında tutulmalıdır.
9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2(010)- 1959/2022 saylı qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883, 883.1, 897, 897.1, 936.1, 936.2, 936.5, 1096, 1096.1, 1096.2, 1108, 1108.1ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 13.1, 20, 20.2, 23, 23.1, 23.1.6, 25, 25.1, 25.1.1, 25.1.3, 25.1.8, 25.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinə baxarkən işi düzgün təhlil etməmişdir. İş üzrə tələb olunan sığorta ödənişinin hansı normaya uyğun tələb olunması hakim tərəfindən aydınlaşdırılmamışdır. İddia ərizəsində tələbi cavabdehlərin hərəkəti və hərəkətsizliyi nəticəsində sığortalı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı olduğu halda (delikt), qətnamədə iddianın rədd edilməsi üçün əsaslandırılmış normativ aktlar “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin maddələridir. Birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavə olunmuş yol nəqliyyat hadisəsini əks etdirən sənədləri (inzibati tənbeh vermə haqqında qərar) araşdırarkən icbari sığorta haqqında qanunvericiliyin subroqasiya yaranma səbəblərini araşdırmışdır. Nəticə olaraq hesab etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinin tələbləri yoxdursa (sürücünün içkili olması, hadisə yerindən yayınması və s) subroqasiya qaydasında pul tələb oluna bilməz. Halbu ki, iddia ərizəsinin mövzu hissəsində "deliktlərdən əmələ gələn öhdəliklər" qeyd olunmuşdur. Hazırkı mülki iş üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən kollegiya qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin olunmalıdır.
32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığortalı "xxxx" MMC-yə ödədiyi 2292,09 manat məbləğində sığorta ödənişini həm hadisənin baş verməsində bilavasitə təqsirli hesab edilən Cavabdeh1, həm də avtomobilin etibarnamə əsasında sahibi olan Cavabdeh2 tələb edir.
33. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 digər Cavabdeh2 etibarnamə əsasında sahibliyində olan və hadisə vaxtı dayanma və ya durma qaydalarını pozmadan dayanmış vəziyyətdə olan avtomobilin qapısını ehtiyatsızlıqdan açması nəticəsində "xxxx" MMC-yə məxsus və iddiaçı tərəfindən sığortalanmış avtobusa vurduğu zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş sığorta ödənişi yuxarıda qeyd edilən səbəblərdən iddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı subroqasiya hüququnu yaratmamışdır.
34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
35. Məhkəmə kolegiyası qeyd edir ki, Cavabdeh2 avtomobili idarə etmək hüququna dair etibarnaməsi olduğuna görə onun avtomobilin (yüksək təhlükə mənbəyinin) məhz Mülki Məcəllənin 1108-ci maddəsi baxımından sahibi olduğu qəbul edilməlidir. Lakin nəzərə alınmalıdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nə avtomobilin fəaliyyəti zamanı, nə də onun məhz təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş verməmişdir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi yol nəqliyyat hadisəsi avtomobil dayanma və ya durma qaydalarını pozmadan dayandığı yerdə Cavabdeh1 tərəfindən avtomobilin qapısının ehtiyatsızlıqdan açılması nəticəsində baş vermişdir. Bu baxımdan avtomobilin dayanmış vəziyyətini yüksək təhlükə mənbəyinin fəaliyyəti kimi qiymətləndirilmir. Odur ki, iddiaçı tərəfindən Cavabdeh2 qarşı irəli sürülən tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin dizpozitiv şərtlərinə cavab vermədiyindən əsassızdır və məhkəmə iddianı həmin cavabdehə münasibətdə təmin etməməkdə haqlı olmuşdur.
36. Kollegiya məhkəmənin iddianın digər Cavabdeh1 münasibətdə təmin etməməsi ilə bağlı gəldiyi nəticə ilə isə razılaşmır.
37. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7502 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1601 manat müəyyən edilir.
38. Belə olan halda kollegiya hesab edir ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 2292,09 manat ödənilsə də, hazırda iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə ekspert rəyinə uyğun olaraq 1601 manat sığorta ödənişi tutulmalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e- 2(010)-1959/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə dəymiş ziyana görə 1601 manat sığorta ödənişi, ödənilmiş 42,92 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayət qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2(010)- 1959/2022 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1601 (min altı yüz bir) manat sığorta ödənişi, ödənilmiş 42,92 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutulsun. Ekspertiza xərci olan 100 (yüz) manatın 70 (yetmiş) manatı Cavabdeh1, 30 (otuz) manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.